Uşaq bağçalarında nöqsanlar aşkar edilib - Foto
Tarix: 29-11-2019 10:17 | Bölmə: Cəmiyyət / Xəbərlər
Uşaq bağçalarında nöqsanlar aşkar edilib

Bakı şəhərinin Məktəbəqədər təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin öyrənilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya tərəfindən yoxlamalar aparılır.

BŞİH-in mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, artıq 2 aydan çoxdur davam edən yoxlamalarla bağlı Bakı Şəhər İcra Hakimiyyətində geniş tərkibli seminar-müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Məktəbəqədər Təhsil Müəssisələrinə göstərilən diqqət və qayğıdan danışıb, Bakı şəhərində tikilən və əsaslı təmir olunan uşaq bağçaları barədə məlumat verib.

Daha sonra müşavirədə uşaq bağçalarında sanitar-epidemioloji vəziyyət və bununla bağlı aparılan araşdırmalar müzakirə edilib.

Komissiyanın apardığı yoxlamalar nəticəsində uşaq bağçalarında sanitar-epidemioloji vəziyyətin əvvəlki illərlə müqayisədə daha qənaətbəxş olması müəyyən edilib, lakin bununla yanaşı bəzi bağçalarda müəyyən nöqsanlar aşkarlanıb. Müşavirədə aşkar edilmiş nöqsanlar, onların aradan qaldırılması yolları geniş müzakirə edilib. Keçirilən seminar-müşavirədə bağçalarda sanitar epidemoloji vəziyyətin lazımi səviyyədə saxlanılması ilə əlaqədar mütəxəssislər və tibb işçiləri tərəfindən ətraflı izahat verilib.

Aşkarlanmış nöqsanlarla əlaqədar məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə vəziyyətin qısa müddətdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib və məsələ nəzarətə götürülüb.

Onu da qeyd edək ki, geniş tərkibli seminar-müşavirədə bağçalara elektron qəbula keçidlə bağlı məlumat da verilib.

Məlumata görə, bu istiqamətdə işlər başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanacaq.

Sonradan digər rayonlar da yaradılan elektron sistemə qoşulacaq.

Uşaq bağçalarında nöqsanlar aşkar edilib




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər