09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Gömrükdə əməliyyat: rəis həbs edildi - Rəsmi məlumat açıqlandı
Tarix: 25-06-2020 14:22 | Bölmə: Cəmiyyət
Gömrükdə əməliyyat: rəis həbs edildi - Rəsmi məlumat açıqlandı

Azərbaycan Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətləri birgə məlumat yayıb.

Reyting.az
-a daxil olan məlumatda deyilir ki, ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində dövlət idarəçiliyinin bütün sahələrində şəffaflığın təmin olunması sahəsində kompleks, sistemli və ardıcıl tədbirlər həyata keçirilməkdədir:

"Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icra edilməsi məqsədi ilə öz qanunazidd şəxsi maraqlarını güdməklə dövlət məmurunun peşəkar davranış qaydalarına və yüksək etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən silsilə tədbirlər davam etdirilməkdədir.

Belə ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan “Gate Est Group” MMC və “İnterlogistics” MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi ümumilikdə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu 23 iyun 2020-ci il tarixdə alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı cinayət işi başlanılaraq Ceyhun Babayev tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi və Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyyə edir".




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər