İlham Əliyevlə Serj Sarkisyan görüşəcək?–Həmsədrlər prezidentlərə müraciət etdi
Tarix: 12-05-2016 12:56 | Bölmə: Gündəm

 

ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan prezidentlərinə görüşməyə çağırır.

Bu barədə ATƏT-in bəyanatında bildirilir. Görüşün növbəti həftə Vyanada keçirilməsi təklif edilir.
Görüş təklifi ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) tərəfindən edilib.
"Cəbhə xəttində bu yaxınlarda baş verən zorakılığı və münaqişə bölgəsində gərginliyin təcili azalmasını nəzərə alaraq hesab edirik ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı çatıb. Bizim xarici işlər nazirlərimiz Vyanada bu görüşü təşkil etməyə hazırdır".
Serj Sarkisyanın və İlham Əliyevin Vyanada keçirilməsi təklif edilən görüşü aprelin əvvəlində cəbhə xəttində baş verən gərginliklərdən sonrakı dövrə təsadüf edir. Bu görüş 2016-cı ildə prezidentlərin ilk görüşü ola bilər.
Cəbhədə baş verən döyüşlərdən sonra ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andrie Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində çalışdıqlarını demişdi.
Prezidentlərin son görüşü ötən ilin sonunda baş tutub. İham Əliyev və Serj Sarkisyanın son görüşü dekabrın 19-da İsveçrənin Bern şəhərində olub.
Görüş ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. Yekununa dair ATƏT-in Minsk qrupu həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlarının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini də bildiriblər.
Anspress.com

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər