Şair-dramaturq Mədət Quliyevdən kömək istədi: “Ya saxta sənəd hazırlayanı, ya da məni həbs edin”
Tarix: 14-05-2016 10:55 | Bölmə: Gündəm


1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, "Şərəf” ordenli şair-dramaturq Ramiq Muxtar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə açıq məktub yazıb.

Müharibə veteran olan iki zabit atasını generala müraciət etmək məcburiyyətində qoyan məsələ yazıçılara mənzil verilərkən yaranmış narazılıqlardır. Bu məsələnin üstündən xeyli vaxt ötsə də, qarşılıqlı ittihamlar bitməyib, məhkəmə çəkişməsi hələ də davam edir. Sabiq komitə sədri (Vaxtiylə Naxçıvanda İdman Komitəsinin sədri olub-red.) Ramiq Muxtar isə bu dəfə Reyting.az saytı vasitəsiylə general M.Quliyevə müraciət edib, ondan kömək istəyir:

"Çox hörmətli general!

Sizə məlum edirəm ki, Azərbaycan Yazıçılar Birliyinin üzvləri üçün 9 iki otaqlı (105 kv.m) mənzil ayrılmışdır. Yazıçılar Birliyi yaranan 80 ildə həmişə mənzil komissiyasına Birliyin 4 katibindən biri sədrlik etmişdir. Lakin Yazıçılar Birliyinin sədri yazıçı olmayan bir "maxinasiya” ustasını Birliyə işə götürməklə, həm də onu mənzil komissiyasına rəhbər təyin etmişdir. Bu şəxs yazıçı olmayan Rauf Aslanovdur.

Rauf Aslanov Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və Səbail rayon icra hakimiyyətinin o vaxtkı başçısı Sahib Ələkbərovun birgə imzalayıb təsdiq etdikləri 11 Aprel 2002-ci il tarixdə mənzil növbəsində dayananların siyahısını gizlədərək, saxta siyahı hazırlayıb, AYB sədri Anara yox, Çingiz Abdullayevə qol çəkdirib, tələm-tələsik Nərimanov Rayon Məhkəməsinə göndərib. O qədər çaşıblar ki, həmin siyahıda nə ay, nə gün, nə də Səbail rayon icra hakimiyyəti başçısının təsdiqi göstərilib.

Mən də, məhkəmə hakiminə təqdim edilən həmin saxta siyahının surətini götürüb, prezdentə öz şikayətimi bildirdim. Hal-hazırda mənim şikayətim həm prezidentin, həm də Prezident Administrasiyası rəhbərinin nəzarətindədir.

Lakin buna baxmayaraq, Nərimanov Rayon Məhkəməsinin hakimi Fuad Abdinov 03 Mart 2015-ci il tarixdə, mən Respublika Xəstəxanasında ağır xərcəng xəstəliyindən əməliyyat olunan gün, məhkəmə iclası keçirib və qərar qərar çıxarıb ki, mən "Reytinq” qəzetində dərc etdirdiyim "Saxtakarlıqdan əl çəkin!” tənqidi məqaləmə görə Rauf Aslanovdan üzr istəməliyəm.

Hörmətli general!

Çox maraqlıdır ki, saxta siyahı tərtib edən adama "saxtakar” deməyim hakimin şəstinə dəyib. Böyük ehtimalla ondan alacağı şirinlik gözünü tutub. Əgər hakimin belə bir marağı yox idisə, niyə qanuni təsdiq olunmuş siyahını kənara atıb, Anarın və icra başçısının möhürü olmayan siyahıya haqq qazandırır? Guya Rauf Aslanov həmin 9 iki otaqlı mənzili sataraq növbədə olmayan adamlara 25.000 manat pul paylayıb. Əslndə isə bu yalandır, heç bir notariat kontorunda belə alqı-satqı aparılmayıb.

Cənab general!

Xahiş edirəm, Sizin təşkilatın xüsusi komissiyası bu məsələni araşdırsın. Çox qəribədir ki, bu məsələdə böyük qanun pozuntularına yol vermiş Rauf Aslanov hələ də azadlıqdadır.

Sizə bir Milli Qəhrəman kimi inanır və haqq-ədalətin bərpa olunmasında mənə köməklik göstərməyinizi xahiş edirəm. Ya saxta sənəd hazırlayıb Nərimanov Rayon Məhkəməsinə təqdim edən Rauf Aslanovu məsuliyyətə cəlb edin, ya da məni bir böhtançı-yazıçı kimi həbs edin”.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər