Zahid Orucla Oqtay Əsədov arasında baş vermiş insident müzakirə olunacaq - Deputatlar toplaşır
Tarix: 28-06-2016 13:21 | Bölmə: Gündəm


Milli Məclisin intizam komissiyası iyulun əvvəllərinə planlaşdırdığı toplantısını bu günə təyin edib.

Reyting.az-ın xəbərinə görə, bu barədə musavat.com-a adıçəkilən komissiyanın üzvlərindən biri məlumat verib. Parlamentin mətbuat xidmətindən isə deyilib ki, komissiya iclasları barədə məlumatlar xüsusi zərurət olduğu halda ictimailəşdirilir.

Qeyd edək ki, iclasda deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş insident müzakirə olunacaq. Parlament sədri növbədənkənar iclasın son toplantısında baş verənlərə görə intizam komissiyasının sədri Ağacan Abiyevə Zahid Orucun davranışları ilə bağlı araşdırma aparmağı və deputatın hərəkətlərinə qiymət verməyi tapşırmışdı.

A.Abiyev isə jurnalistlərə açıqlamasında 12 komissiya üzvünün və Z.Orucun iştirakı ilə məsələyə qiymət veriləcəyini deyib. Ancaq onun cəzalandırılmasını istisna edən komissiya sədri deputata tövsiyələrin ediləcəyini bildirib. A.Abiyev deyib ki, sədrlə söz güləşdirməyə heç kəsin ixtiyarı yoxdur.

"Ağacan Abiyevə hörmətlə yanaşıram. Əlbəttə ki, istənilən məsələyə baxmaq intizam komissiyasının hüququdur. Sözügedən bugünkü hadisəyə gəldikdə isə hesab edirəm ki, hər kəs şahiddir, parlament üzvü kimi məsələyə münasibətdə öz düşüncələrimi bölüşdüm”,-deyə Zahid Oruc bildirib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər