Azərbaycanda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib - 60 şəxs məsuliyyətə cəlb olunub
Tarix: 15-07-2016 12:21 | Bölmə: Gündəm


2016-cı ilin I yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 143 vəzifəli şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbəri olduğu idarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, həmin cinayət işlərindən 48 şəxs barəsində 25 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 30 şəxs barəsində 27 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 25 şəxs barəsində 17 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 7 şəxs barəsində 7 iş rüşvət alma, 7 şəxs barəsində 4 iş rüşvət vermə, 3 şəxs barəsində 2 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 2 şəxs barəsində 1 iş vəzifə saxtakarlığı, 21 şəxs barəsində 17 iş isə digər faktlarla əlaqədar olub.

İdarə rəisi qeyd edib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manat və ya 32,2 faizi ödənilib, qalan ziyanın ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

K.Əliyev bildirib ki, hesabat dövründə Baş İdarə tərəfindən vətəndaşların 5327 müraciətinə baxılıb, həmçinin 146 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 97-i (66%) üzrə cinayət işi başlanıb, 49 (34%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 60 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

K.Əliyev əlavə edib ki, bu ilin birinci yarımilində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə 3254 müraciət daxil olub, həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə aidiyyəti təşkilatlara təqdimatlar göndərilib. Həmin dövrdə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 6, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 15 olmaqla, cəmi 21 cinayət işi başlanıb.

K.Əliyev qeyd edib ki, 2016-cı ilin I yarısının yekunlarına əsasən Azərbaycanda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib. O, qeyd edib ki, həmin şəxslərdən 12-i yerli, 29-u beynəlxalq axtarışa verilib. K.Əliyevin sözlərinə görə, axtarışda olan 9 şəxs tutularaq istintaqa təhvil verilib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər