Tarix: 25-01-2016 20:13 | Bölmə: Gündəm / Xəbərlər
Azərbaycanda məmur özbaşınalığından, korrupsiya və rüşvətxorluq hallarından ictimaiyyət kifayət qədər məlumatlıdır. Bununla yanaşı, bəzi yüksək vəzifəli məmur övladlarının qudurğan həyat tərzləri də ölkə vətəndaşlarının, eləcə də dövlət başçısının diqqətindən yayınmır və bu barədə dəfələrlə yüksək səviyyədən həmin şəxslərə və onların valideynlərinə xəbərdarlıq edilib. Amma hələ ki, bu xəbərdarlıqların ciddi nəticəsı yoxdur.
Reyting.az saytına daxil olan məlumata görə, daha bir yüksək vəzifəli məmur övladının ölkə qanunlarına, onun vətəndaşlarına qarşı saymamazlığı bugünlərdə faciəyə səbəb olub.
Saytın elektron poçtu vasitəsi ilə redaksiyaya verilən məlumatda bildirilir ki, yüksək vəzifəli şəxsin oğlunun yol hərəkəti qaydalarına əməl etməməsi, avtoxuliqanlıq əməli yolu keçmək istəyən hamilə qadının - bətnindəki körpəsi ilə birgə - faciəvi şəkildə həlak olması ilə nəticələnib.
Həmin məmurun müxtəlif vasitələrlə bu işi ört-basdır etməyə çalışdığı da verilən məlumatlar sırasındadır. Ehtimal edilir ki. həmin məmur hadisədən xəbər tutan kimi müvafiq qurumlara qəzanın video-müşahidə kameraları vasitəsi ilə lentə alınmış görüntülərini ləğv etməyi tapşırdıb. Həm də iddia olunur ki, zərərçəkmiş ailə ilə - hadisəni törətmiş şəxsin kimliyinı dəqiq bildirməmək şərti ilə - danışıqlar aparılması üçün göstəriş verilib.
Bütün bunlarla yanaşı, hadisə şahidi olmuş vətəndaşlardan bir neçəsi baş vermiş qəzanı mobil telefonlarının yaddaşına köçürə biliblər. Bu səbəbdən, həmin şəxsləri də tapıb onlarla "ortaq məxrəc”ə gəlmək istəyirlər.
Redaksiyamıza həmin məmurun adı bəlli olsa da, müəyyən hüququ prosedurları və sonradan yarana biləcək məhkəmə çəkişmələrini nəzərə alıb hələlik ad çəkmirik. Həm də məktub müəllifləri iddia edirlər ki, faciəni əks etdirən video-görüntülər onların da mobil telefonlarının yaddaşına köçürülüb və bunu redaksiyamıza təqdim edəcəklər. Yəqin ki, həm məktub müəllifləri, həm də hadisənin digər şahidləri korrupsioner məmur övladının qudurğan həyat tərzi səbəbindən, faciə qurbanı olmuş ananın və onun məsum körpəsinin qanının batırılmasına imkan verməyəcəklər. Güman edirik ki, vicdanlı vətəndaşlarımız bu faciənin ictimailəşməsindən çəkinməyəcəklər.
Onu da qeyd edək ki, hadisəni təsdiqləyəcək video-görüntü hələlik əlimizdə olmadığı üçün adını çəkə bilmədiyimiz həmin məmurun adı bugünədək müxtəlif qalmaqallarda hallanıb. Hakimiyyətin yuxarı dairələri ilə yaxın qohumluq əlaqəsi olan bu şəxs böyük bir ailənin təmsilçisidir. Özü ilə yanaşı ailənin digər bir üzvü də ölkədə yüksək mənsəb sahibidir.
Bölməyə aid digər xəbərlər