Erməni politoloq: “İlham Əliyev Qarabağla qane olmur, Zəngəzuru və İcevanı da istəyir”
Tarix: 28-08-2016 17:35 | Bölmə: Gündəm


"Modus Vivendi" Strateji Araşdırmalar Mərkəzinin direktoru, Ermənistanın Kanadadakı keçmiş səfiri, nüfuzlu politoloq Ara Papyan bir az əvvəl Dağlıq Qarabağ ətrafındakı vəziyyət, eləcə də Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlarla bağlı bir sıra maraqlı açıqlamalardan danışıb.

Reyting.az saytı xəbər verir ki,Virtualaz.org-unErmənistan KİV-inə istinadən məlumatına görə, sabiq səfir etiraf edib ki, Ermənistan tərəfi işğaldakı 7 rayonu güzəştə gedəcək və qarşılığında Dağlıq Qarabağ üçün aralıq statusu alacaq:

"İstəsəniz, bunu qarşılıqlı güzəştlər kimi də xarakterizə etmək olar. Yəni deyəcəklər ki, biz 7 rayonda, onlar isə Dağlıq Qarabağ üçün status məsələsində güzəştə getdilər və üstəlik gələcəklə bağlı əlavə vədlər də verdilər.Məgər bu müqayisə ediləcək güzəştlərdir? Əlbəttə, yox! Bu qarşılıqlı güzəşt deyil, təslim olmaqdır!”.

Erməni politoloq daha sonra deyib: "Azərbaycan prezidenti İlham Əliyev ilk mərhələdə 5, sonrakı mərhələdə daha 2 rayonu, üçüncü mərhələdə yenə 5 rayonu, dördüncüdə Zəngəzuru, beşinci həmlədə isə İcevanı götürmək istəyir. Və belə də olacaq.

Heç kim şübhə etməsin: həmin güzəştlərdən sonra İlham Əliyev tək Qarabağla qane olmayacaq. Əliyev həmişə sözünə sadiq olub və artıq neçə ildir o, bəyan edir ki, vaxtilə itirdiklərinin hamısını götürmək istəyir. O, heç vaxt deməyib ki, mənə hansısa ərazini qaytarın, mən qane olum”.


Ara Papyan əmindir ki, Ermənistan və Azərbaycan arasında hərbi balans rəsmi Bakının xeyrinə dəyişib:

"Biz həmçinin indiki Ermənistan hakimiyyətinin bu balansı bərpa etmək iqtidarında olduğunu görmürük. Bunu faktlar və rəqəmlər də sübut edir. Artıq sübut olunub ki, Ermənistanı hər gün orta hesabla 100 nəfər birdəfəlik tərk edir.

Aprel müharibəsində 100 əsgər itirməyimizi o vaxt böyük ürək ağrısı ilə qəbul etdik. Bəs indi - hər gün 100 vətəndaşımızı itirəndə ürəyimiz niyə ağrımır? Axı mahiyyətcə fərqi yoxdur ki, biz insanlarımızı harada və necə itiririk: Və bu bizim hökumətin heç nəyə qadir olmadığını sübut edən ən yaxşı göstəricidir.”





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər