İlham İsmayıl: “Azərbaycandakı Fətullah Gülən tərəfdarları həbs olunacaq”
Tarix: 02-09-2016 18:00 | Bölmə: Gündəm

Daxili işlər naziri Ramil Usubovun Türkiyəyə səfərindən sonra Azərbaycanda gülənçilərlə bağlı görüləcək tədbirlər haqqında məlumatlar yayılır. Kimi Gülən tərəfdarlarının həbs ediləcəyini, kimi də yüksək vəzifəli məmurların postlarından uzaqlaşdırılacağını ehtimal edir.

Reyting.az-ın xəbərinə görə, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı İlham İsmayıl AzNews.az-a məsələni şərh edərkən deyib ki, Azərbaycanda Fətullah Gülən tərəfdarlarının kütləvi həbsinə inanmır:

"Həbslər olacaq, amma Türkiyədəki kimi çoxsaylı həbslər və işdən çıxarılmalar olmayacaq. Həbsər qaçılmazdır, amma tək-tük olacaq”.

İ.İsmayılın fikrincə, birdən-birə Azərbaycan daxili işlər nazirinin Türkiyəyə səfər etməsi, həmin gün də Türkiyə Daxili İşlər Nazirliyinin rəhbərinin dəyişdirilməsi, Fətullah Gülən tərəfdarlarının ardı-arası kəsilmədən həbsi, işdən çıxarılması prosesi getdiyi üçün, bunların Azərbaycana da keçəcəyi düşüncələri artır:"Bu gün, ya sabah Daxili İşlər Nazirliyinin özündə, yaxud da digər dövlət strukturlarında kimlərsə vəzifədən çıxarılsa, onu Fətullah Gülən tərəfdarı kimi qələmə verəcəklər. Əgər kiminsə əməlində qanunsuzluq varsa, deyə bilərik ki, qarşısı alınsın, yaxud da vəzifəsindən çıxarılsın. Kimsə nə vaxtsa Qafqaz Universitetində oxuyubsa, dərs deyibsə onun həbsi məsələsi müzakirə belə oluna bilməz. Azərbaycanda xeyli Fətullah Gülən tərafdarı var. Həm ticarətdə, həm də dövlət strukturlarında olan Fətullah Gülən tərəfdarları ilə bağlı hər halda ölçülüb-biçilib qərar veriləcək”.

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər