İlham Əliyev: “Məqsədimiz İKT sektorunda qabaqcıl yer tutmaqdır”
Tarix: 28-11-2016 13:49 | Bölmə: Gündəm


Azərbaycan prezidenti İlham Əliyev CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanseri qəbul edib.

Görüşdə CISCO şirkətinin prezidenti Con Çembers ilə Bakıda və Davosda keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlət başçısı bu şirkətin ölkəmizdə fəal işləməsinin önəmini vurğulayıb və Azərbaycanda həyata keçirdikləri fəaliyyəti yüksək qiymətləndirib.

Dövlət başçısı ölkəmizin inkişaf etdiyini, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, CISCO şirkəti ilə reallaşdırılan uzunmüddətli əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarısektorunun ölkə iqtisadiyyatının həmişə prioritet sahələrindən biri olduğunu diqqətə çatdıraraq, bu sahədə yaxşı nəticələr əldə edildiyini deyib və bildirib ki, məqsədimiz bu sektorda regionda qabaqcıl yer tutmaqdır.

CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanser isəXXII Bakutel sərgisində iştirak etmək üçün ölkəmizə səfərə gəldiyini bildirərək, təmsil etdiyi şirkətin Azərbaycan nümayəndəliyinin fəaliyyət göstərdiyini məmnunluqla qeyd edib. M.Qanser tərəfdaşlıq əlaqələrinə verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, Bakıda keçirilmiş birinci Avropa Oyunları və "Formula-1” yarışları, eləcə də ölkəmizin müvafiq qurumları ilə bəzi nüfuzlu layihələrdə uğurla iştirak etdiklərini, o cümlədən Qafqaz regionunda ilk Tier-III səviyyəli data mərkəzin Azərbaycanda tikintisi ilə bağlı avadanlıq, proqram təminatı, texniki həll yolları məsələlərinin CISCO şirkətinə də həvalə olunmasını məmnunluqla qeyd edib.

Maykl Qanser iqtisadiyyatların, sənaye sahələrinin rəqəmsal sistemə keçdiyini vurğulayaraq, bu baxımdan ölkəmizin həmin sahədə əldə etdiyi nəticələrin onda dərin təəssürat yaratdığını deyib.


 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər