"Polis haqqında” Qanun dəyişdi – Sərəncam
Tarix: 27-02-2016 11:14 | Bölmə: Gündəm / Xəbərlər


Prezident İlham Əliyev "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib.

Reyting.az xəbər verir ki, yeni qanuna görə,"Polis haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611; 2001, № 11, maddə 699, № 12, maddə 731; 2002, № 3, maddə 118, № 6, maddə 328; 2003, № 1, maddə 22, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007, № 8, maddə 756; 2008, № 4, maddə 251, № 7, maddə 602, № 8, maddə 696, № 10, maddə 883; 2009, № 6, maddələr 399, 401; 2010, № 2, maddə 74, № 3, maddə 171; 2014, № 2, maddə 87, № 11, maddə 1360; 2015, № 5, maddə 486, № 11, maddə 1277; Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 30-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər ediləcək:

1. 1-ci maddənin birinci hissəsinin yeddinci abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

"yaşayış yeri - bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutu və ya uzaq səfərdə olan qatarın kupesidir (bunlardan əlavə bu Qanunun məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir).”.

2. 21-ci maddə üzrə:

2.1. III hissənin:

2.1.1. 1-ci və 2-ci bəndlərindən "və ya inzibati xəta” sözləri çıxarılsın;

2.1.2. 3-cü bəndində "mənzilində cinayətin və ya inzibati xətanın” sözləri "yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda III-I hissə əlavə edilsin:

"III-I. Şəxsin inzibati qaydada tutulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda həyata keçirilir.”.

3. 22-ci maddənin II hissəsində "III hissəsində” sözləri "III və III-I hissələrində” sözləri ilə əvəz edilsin.

4. 24-cü maddə üzrə:

4.1. I hissədə "mənzilə” sözü "yaşayış yerinə” sözləri ilə əvəz edilsin;

4.2. II hissə aşağıdakı redaksiyada verilsin:

"II. Hakimin qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə aşağıdakı əsaslardan birinin olması barədə dəqiq məlumatı olduğu halda bu Qanunun 25-ci maddəsində müəyyən edilmiş qaydada daxil olur:

1) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi;

2) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi;

3) yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması;

4) yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması;

5) cinayət törətmiş şəxsin bilavasitə "isti izlərlə” təqib edilməsi.”.

5. 25-ci maddə üzrə:

5.1. I hissənin:

5.1.1. 1-ci, 2-ci (hər iki halda) və 5-ci bəndlərində "mənzilə” sözü "yaşayış yerinə” sözləri ilə əvəz edilsin;

5.1.2. 3-cü (hər iki halda), 4-cü və 7-ci bəndlərində "mənzilə” və "mənzildə” sözləri müvafiq olaraq "yaşayış yerinə” və "yaşayış yerində” sözləri ilə əvəz edilsin;

5.2. II hissədə "qanunvericiliyində” sözü "Cinayət-Prosessual Məcəlləsində və "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilsin.

****

Prezident "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” sərəncam da imzalayıb.

Sərəncama əsasən aşağıdakı dəyişikliklər ediləcək:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər