20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Əliyev Şolts ilə təkbətək görüşüb, birgə mətbuat konfransı keçiriblər - Fotolar (Yenilənib)
Tarix: 14-03-2023 21:11 | Bölmə: Gündəm
Əliyev Şolts ilə təkbətək görüşüb, birgə mətbuat konfransı keçiriblər - Fotolar (Yenilənib)

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşüb.

Reyting.az
xəbər verir ki, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

***

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər.

Reyting.az
xəbər verir ki, əvvəlcə Almaniya Kansleri Olaf Şolts mətbuata bəyanatla çıxış edib.

Kansler Olaf Şoltsun bəyanatı

- Hörmətli xanımlar və cənablar.

Mən bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevi Berlində ürəkdən salamlayıram. Biz elə indicə ikitərəfli əməkdaşlığımızı necə dərinləşdirəcəyimiz haqqında gözəl fikir mübadiləsi apardıq. Biz ötən il ölkələrimiz arasında diplomatik münasibətlərimizin 30 illik yubileyini də qeyd etdik. Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində daha da sıx əməkdaşlıq etmək istəyirlər. Bu necə mümkündür və əsasən də ikitərəfli iqtisadi münasibətlərimizi nəzərə alaraq, həmçinin bu sualı da biz görüş çərçivəsində müzakirə etdik.

Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkənin həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur, Azərbaycan öz töhfəsini verə bilər və eyni zamanda, bərpaolunan enerji də bizim əməkdaşlığımızın bir mövzusudur.

Cənab Prezident Əliyev və mən Rusiyanın Ukraynaya hücumu haqqında da fikir mübadiləsi apardıq. Həmçinin bu hücumun, bu müharibənin Azərbaycana və Cənubi Qafqaza təsiri haqqında da fikir mübadiləsi apardıq. Mən öz mövqeyimizi açıq şəkildə ifadə etdim. Bizim fikrimizcə, Rusiyanın təcavüz müharibəsi beynəlxalq hüquqa açıq şəkildə ziddir. Rusiyanın bu işğalçı müharibəsi yeni bir epoxanın, belə deyək ki, başlanğıcını geosiyasi nöqteyi-nəzərdə işarələyir.

Bizim üçün vacibdir ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişə artıq özünün sülh yolu ilə həllini tapsın. Açığını deyək ki, Almaniya Ermənistan-Azərbaycan sərhədində mövcud olan qeyri-sabit duruma görə bir az narahatdır. Təbii ki, burada gərginliyin artması təhlükəsi mövcuddur və son aylar, son həftələr baş verən hadisələr bunu göz qabağına gətirdi. Bizim arzumuz budur ki, bu münaqişə qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini tapsın. Burada sülh yolu ilə həll deyəndə təbii onu nəyi nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun. Eyni zamanda, hər iki ölkənin əhalisinin insan hüquqları və azadlıqları qorunmalıdır, beynəlxalq hüquqa uyğun olmalıdır. Almaniya burada təbii ki, öz dəstəyini göstərməyə hazırdır. Bildiyiniz kimi, Avropa İttifaqının Ermənistanda mülki missiyası mövcuddur, Almaniya bu missiyanı dəstəkləyir və bu missiyanın rəhbəri Almaniya tərəfindən təmin edilib.

Cənab Əliyev və mən eyni fikirdəyik ki, bu münaqişə tez bir zamanda öz əllini tapmalıdır. Azərbaycan və Almaniya Avropa Şurasının üzvüdür. Biz həmin bu üzvülüklə üzərimizə öhdəlik götürmüşük ki, insanların hüquqları, demokratiya qorunsun, hüquqi dövlətçilik qorunsun. Biz belə düşünürük ki, demokratiyanın ayrılmaz bir hissəsi canlı mülki cəmiyyətdir. Çünki canlı mülki cəmiyyətdən hər bir cəmiyyət ancaq faydalana bilər.

Hörmətli xanımlar və cənablar, bu çətin dövrdə belə müsbət bir danışığın aparılmasından məmnunluq duydum. Biz cənab Prezidentlə belə qərara gəldik ki, sıx əlaqədə qalaq və əməkdaşlığımızı davam etdirək. Cənab Prezident buyurun.

Sonra Azərbaycan Prezidenti mətbuata bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin bəyanatı

- Təşəkkür edirəm, hörmətli cənab Kansler.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Kansler, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Səfər zamanı apardığımız danışıqlar bir daha onu göstərir ki, Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Siyasi dialoq müntəzəm olaraq aparılır və əminəm ki, mənim səfərim bizim ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcəkdir.

Siz qeyd etdiyiniz kimi, bir çox məsələlər bu gün müzakirə olundu, o cümlədən Avropa İttifaqı-Azərbaycan əlaqələri. Bu istiqamətdə çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.

Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. 2021-ci ildə əgər Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm təqribən, 12 milyard kubmetrə çatacaq. Bu, bizim ümumi ixracatımızın yarısı deməkdir, gələcək illərdə öz ixrac coğrafiyamızı Avropada genişləndirmək istərdik.

Dünən mənim 30-a yaxın almaniyalı iş adamı ilə görüşüm olmuşdur. İki saata yaxın davam edən bu görüşdə Azərbaycana, Azərbaycan iqtisadiyyatına, imkanlara Almaniya biznesi tərəfindən böyük diqqətin şahidi oldum. O cümlədən bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var, bu barədə də bu gün biz fikir mübadiləsi apardıq. Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir.

Bütövlükdə biznes imkanları çox genişdir. Mən almaniyalı iş adamlarını Azərbaycana dəvət etdim ki, onlar gəlsinlər və bizim müvafiq qurumlarla təmaslar əsnasında gələcək biznes imkanlarını yaxından incələsinlər.

Cənab Kanslerin dediyi kimi, biz, eyni zamanda, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı mən Azərbaycanın mövqeyini bildirdim. İstəyirəm ki, Almaniyanın mətbuat nümayəndələri bilsinlər ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Biz iki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində öz ləyaqətimizi, ərazi bütövlüyümüzü, hüquqlarımızı döyüş meydanında bərpa etdik, Ermənistanı məğlub etdik və məcbur etdik ki, Ermənistan bizim torpaqlarımızdan çıxsın. Beləliklə, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur.

Onu da bildirməliyəm, əfsuslar olsun ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq.

İndi isə sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır. Təşəkkür edirəm.

Sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Aparıcı: Əgər suallarınız varsa, buyurub verə bilərsiniz.

ARD televiziyasından Nikol Konat: Cənab Kanslerə başqa bir mövzu ilə əlaqədar sualım var. Amerikan bank sektoru ilə, “Silicon Valley Bank”la əlaqədardır. Almaniya nöqteyi-nəzərindən çıxış etsək, Sizcə bizim sərmayələrimizin təhlükəsizliyi təmin olunacaq, yoxsa yox?

Kansler Olaf Şolts: Mən düşünürəm ki, biz 2009-cu ildəki bank böhranına baxsaq, bugünkü durumumuz daha yaxşıdır. Biz ötən böhrandan bir çox şeyi öyrəndik və aktual duruma hazırıq. Ona görə düşünürəm ki, narahatçılığa ehtiyac yoxdur. Amerikanın, Britaniyanın, Almaniyanın reaksiyasına əsasən demək olar ki, hər şey, vəziyyət dəqiq qiymətləndirilir, nəzarət altındadır və müəyyən tədbirləri görmək üçün imkan mövcuddur. Ona görə Almaniyada narahat olmağa ehtiyac yoxdur, mən belə düşünürəm.

REAL televiziyasından Kamran Qasımov: Cənab Kansler, sualım Sizədir. Martın 2-də Ermənistanın baş naziri ilə keçirilən mətbuat konfransında bildirdiniz ki, münaqişə Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü, eləcə də Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ əsasında həll oluna bilər və bu prinsiplər hamı üçün eynidir. Sualım belədir, yəni bu prinsiplər Cənubi Osetiya, Abxaziya, Donbas, Dnestryanı kimi ərazilərə də şamil oluna bilərmi, şamil olunurmu? Təşəkkür edirəm.

Kansler Olaf Şolts:
Sualınıza görə təşəkkür edirəm. Çox asan cavab verə bilərəm. Biz aktual bir münaqişəni götürək. Tutalım Rusiyanın cəhdi, Ukraynanın bir hissəsini zəbt etsin, biz buna heç vaxt yol vermərik, biz bununla razı deyilik və bu, yalançı referendumların nəticəsi kimi Zaporojiyanı, Luhanskı, Xersonu və digər hissələri özünə cəlb etməklə deyil, yəni zəbt etməklə deyil. Biz bununla razı deyilik və biz burada öz mövqeyimizi aydın şəkildə bildirdik ki, BMT-nin Nizamnaməsi buna yol vermir, bu hərəkət beynəlxalq hüquqa ziddir. Eyni zamanda, öz mövqeyimizi aydın şəkildə bildirdik ki, axı biz həmçinin Dağlıq Qarabağı respublika kimi qəbul etmədik, Dağlıq Qarabağı da tanımadıq.

- Cənab Prezident, sual Sizədir. Siz Avropaya və Almaniyaya qaz ixracı haqqında məlumat verdiniz. Siz hansısa bir miqdarı deyə bilərsinizmi? Tutalım, Almaniyaya və yaxud Avropaya hansı miqdarda qaz göndərə bilərsiniz? Sizin şərtləriniz nədir? Ölkənizin şərtləri nədir? Uzunmüddətli əməkdaşlıqmı olmalıdır? Federal Kanslerə də sualım var. Cənab Kansler, Siz nə deyirsiniz, Qarabağ Azərbaycandırmı? Siz bayaq dediniz Dağlıq Qarabağı respublika kimi tanımırsınız. Qarabağ Azərbaycandırmı?

Prezident İlham Əliyev: Biz Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində ixrac edirik və ildən-ilə bu rəqəmlər artır. Rusiya-Ukrayna müharibəsindən sonra bizə Avropanın 10 ölkəsindən, ən azı 10 ölkəsindən sifarişlər gəldi. Təkliflər gəldi ki, biz o ölkələrə də qaz təchizatını təmin edək, ya da ki, artıq qaz təchiz etdiyimiz ölkələrdə qaz həcmini artıraq. Biz keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər 20 milyard kubmetr təbii qazı Avropa məkanına çatdırmağı planlaşdırırıq. Onu da bildirməliyəm ki, bizim qaz ixracatımız təkcə Avropa məkanı ilə məhdudlaşmır. Biz, eyni zamanda, bizim üçün ən böyük bazar olan Türkiyəyə və Gürcüstana da qaz ixrac edirik. Ona görə gələcəkdə qazın ixracatını Avropa məkanına çatdırmaq üçün əlbəttə ki, yeni kontraktlar imzalanmalıdır. Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən Rumıniyaya çatdırılmağa başlanmışdır. Bu ilin sonunda Macarıstana ilk qaz təchizatını həyata keçirmək fikrindəyik. Biz hazırda Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin etmək üçün danışıqlara başlamışıq. Bizə sifariş edən ölkələr sırasında, eyni zamanda, Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələr var. Təbii ki, Avropada yaranmaqda olan interkonnektorlar da çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bir o qədər də bizim Avropa məkanında qaz ixracat coğrafiyası genişləndirilə bilər. Təbii ki, uzunmüddətli kontraktlar imzalanmalıdır. Çünki yaxşı bilirik ki, Avropada yaşıl keçidə meyillər çox yüksəkdir və biz uzunmüddətli kontraktlarda maraqlıyıq. Ümid edirəm ki, biz bu məsələləri bir-biri ilə uzlaşdıra bilərik. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərinə qoyulan sərmayəni nəzərə alsaq, hazırda elektrik enerjisinin istehsalına sərf olunan təbii qaz da Avropaya ixrac edilə bilər və beləliklə, gələcəkdə bizim nəzərdə tutduğumuzdan daha böyük rəqəmlə bizim ixracatımız ölçülə bilər.

Kansler Olaf Şolts: Suala görə təşəkkür edirəm.

Cənab Prezident, Sizin verdiyiniz məlumata görə təşəkkür edirəm. Ürəkaçan məlumatdır və Azərbaycanın Avropaya ixrac edəcəyi miqdar təbii ki, bizim gələcəyimiz üçün vacibdir və maraqlarımız eynidir. Yenidən bərpaolunan enerji üzrə infrastrukturun inkişafı, tikintisi hər ikimizin marağına uyğundur. Təbii ki, yaşıl enerjinin də Azərbaycandan ixracı üçün potensial mövcuddur. Bu sahədə həm orta, həm də uzunmüddətli əməkdaşlıq mümkündür. Təbii ki, biz tullantılardan azad enerjidə maraqlıyıq və bu sahədə bunu birgə təmin edə bilərik.

İkinci sualla əlaqədar qeyd etmək istərdim ki, Almaniya hələ o vaxt beynəlxalq səviyyədə öz fikrini bildirib və Dağlıq Qarabağı respublika kimi tanımamışdır. Yəni, bununla da öz mövqeyini bildirmişdir.

Azərbaycanın İctimai Televiziyasından Fikrət Doluxanov: Cənab Kansler, sualım Sizədir. Statistikaya baxsaq, görərik ki, 2021-ci ildə Almaniyanın Ermənistana ixracı 178 milyon avro təşkil edib. 2022-ci ildə isə bu rəqəm artıq 505 milyon avroya çatıb. Eyni zamanda, Avropa İttifaqının Ermənistana ixracı 2021-ci ildə 753 milyon avro idisə, 2022-ci ildə artıq bu rəqəm 1,3 milyard avroya çatdı. Maraq doğuran fakt odur ki, Ermənistanın Rusiyaya ixracı 2021-ci ildə 800 milyon dollar idi. 2022-ci ildə isə bu rəqəm üçqat artdı və faktiki olaraq 2,4 milyard dollara çatdı. Bu təəccüb doğuran rəqəmlər Avropa İttifaqında və Almaniyada araşdırılırmı? Çünki bu rəqəmlər faktiki olaraq Ermənistanın Rusiyaya qarşı qoyulan sanksiyalardan yayınmasını göstərir, sübut edir. Bu, Almaniya və Avropa İttifaqı tərəfindən araşdırılacaqmı və Ermənistan bu fəaliyyətə görə hansı formada cəzalandırıla bilər? Çox sağ olun.

Kansler Olaf Şolts: Sualınıza görə təşəkkür edirəm. Qısaca cavab verim. Biz müxtəlif ölkələrin ixraca-idxala aid müxtəlif rəqəmlərinə baxmışıq, nəzərdən keçirmişik, həm Almaniyada, həm Avropa İttifaqı üzrə. Harada artmalar nəzərə çarpır, təbii ki, yoxlayırıq, iqtisadiyyatın inkişafı iləmi əlaqədardır, nə ilə əlaqədardır? Avropa İttifaqının adi bir rutinasıdır ki, dünyada hər bir ölkəyə diqqətlə baxsın. Bununla əlaqədar müvafiq ofislər var, hansı ki, bununla birbaşa məşğuldurlar. Biz hamıya deyirik, hər bir ikitərəfli danışıqlarda da deyirik, xahiş edirik diqqət yetirin ki, sanksiyalardan yan keçilməsin. Avropa Komissiyasının prezidenti də bu fikri açıq şəkildə bildirmişdir. Təşəkkür edirik.







Bölməyə aid digər xəbərlər
bütün xəbərlər