Qurban Qurbanov: "Azarkeşlərimiz rəqibin cavabını verməyi düşünür"
Tarix: 11-08-2021 18:23 | Bölmə: İdman
Qurban Qurbanov: "Azarkeşlərimiz rəqibin cavabını verməyi düşünür"

"Çox vacib oyun olacaq. Hər iki komandanın bir düşüncəsi var ki, iki matçın qalibi olsun. Rəqibin gücünü səfərdə də gördük. Topla davranmağı xoşlayan və hücuma sürətli çıxan komandadır. Heyətlərində 11 legioner var. Buna baxmayaraq, doğma meydanımızda, azarkeşlərimiz önündə oynayacağıq. Bu üstünlüyümüz var. Amma həddindən artıq diqqətli olmalıyıq. AEL-ə boşluq versən, istənilən rəqibi cəzalandıra bilər. Bu üzdən sabah oyunboyu konsentrasiya həddən artıq vacib olacaq. İnanıram ki, oyunçularım sabah meydanda özlərini əsl döyüşkən, peşəkar, təcrübəli futbolçu kimi aparacaq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Kipr AEL-inə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının cavab oyunundan öncə mətbuat konfransında deyib.

"Bəli, orada xoşagəlməz hallar oldu. Bu, hər birimizə təsir etdi. Amma mən həmin görüşdən sonra da demişdim ki, idman prinsiplərindən kənara çıxmalı deyilik. Yazılanlara baxıram, aqressiv azarkeşlərimiz var, onların cavabını verməyi düşünürlər. Bu, ümumilikdə yaxşı haldır. Futbolçuların və məşqçilərin bütün diqqəti yaşıl meydanda olmalıdır. Orada səhv etməyək. Biz azərbaycanlılar olaraq çox yerdə davranışımızla fərqlənmişik. Avrokuboklarda bizə qarşı haqsızlıqlar olub, böyük səhvlərə görə böyük uğurları əldən vermişik. Bəzən hirslənmişik. Amma yenə də mədəniyyətimizi qoruyub saxlamışıq. Sabah da hamımızın fikri oyunda olmalıdır. Digər xoşagəlməz halları yaşadan azarkeşlərdir. Kiprdəki də təxribat xarakterli hərəkətlər idi. Biz böyük azarkeş ordusuna malik komandayıq. Bunu da hər zaman görmüşük. İnşallah, bizə yaxşı dəstək olacaq və birlikdə yaxşı nəticə əldə edəcəyik"/Report.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - AEL matçı saat 20:00-da başlayacaq. Kiprdəki ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}