21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
“Ağıllı kənd” layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir
Tarix: 27-04-2021 14:53 | Bölmə: İqtisadiyyat
“Ağıllı kənd” layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonunun Ağalı kəndində olublar.

Reyting.az
-ın xəbərinə görə, kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Prezident İlham Əliyevə fevral ayında məlumat təqdim ediləndən sonra artıq intensiv işlərə başlanılıb, mobilizasiya edilib. İlkin söküntü işləri aparılıb.

Prezident İlham Əliyev: Burada nə olub?

İnam Kərimov: Evlər olub burada. Otuza yaxın ev olub. Kəndarası yollar artıq çəkilməkdədir. Kəndin içində də bu işlər aparılır. Hazırda 110-a yaxın işçi çalışır. İşlərin intensiv getdiyi vaxtda təqribən 600-700-ə yaxın işçi çalışacaq.

Prezident İlham Əliyev: Kəndin bir hissəsi yolun o tərəfindədir?

İnam Kərimov: Bəli, bir hissəsi üst hissədə olub.

Prezident İlham Əliyev: Əsas hissə bura olub?

İnam Kərimov: Bəli, əsas hissə bura olub. Bura birinci Ağalıdır.

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövləti başçısına və birinci xanıma məlumat verib ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər