21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Mərkəz: "Azərbaycan qeyri-neft ixracını çox artırıb"
Tarix: 01-07-2021 11:01 | Bölmə: İqtisadiyyat
Mərkəz: "Azərbaycan qeyri-neft ixracını çox artırıb"

Bu ilin yanvar-may aylarında Azərbaycanın ixracının dəyəri 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 907,6 milyon ABŞ dolları təşkil edib.

Reyting.az
xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayında bildirilir.

Sənədə əsasən, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon dollar və yaxud 25,4% artıb.

5 ay ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (108,6 milyon dollar) birinci olub. Bu siyahıda qızıl ikinci (87,4 milyon dollar), pomidor (tomat) isə üçüncü (87 milyon dollar) yerdə qərarlaşıb.

Yanvar-may aylarında Rusiyaya 279,5 milyon, Türkiyəyə 255 milyon, İsveçrəyə 91,1 milyon, Gürcüstana 69,1 milyon və ABŞ 29,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Mayda isə Azərbaycanın ixracının dəyəri 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 210,5 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 38 milyon dollar və yaxud 22% artıb.

Habelə, 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 85,4 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 125,1 milyon dollar təşkil edib. 2021-ci ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (91 milyon dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (38,7 milyon dollar) və İsveçrə üçüncü (22,9 milyon dollar) olub.

2021-ci ilin may ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (44,7 milyon dollar) birinci, qızıl (22,8 milyon dollar) ikinci və kartof (19,2 milyon dollar) üçüncü olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər