18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Neft Fondunun aktivləri artıb - Açıqlama
Tarix: 18-01-2022 18:13 | Bölmə: İqtisadiyyat
Neft Fondunun aktivləri artıb

Bu il yanvarın 1-nə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 45 025,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 3,35% çoxdur.

Reyting.az
Fonda istinadla xəbər verir ki, aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.

Fondun yaranma tarixindən etibarən investisiya fəaliyyəti çərçivəsində əldə olunan gəlir 10,2 milyard dollar təşkil edib. Bunun isə 8,9 milyard dolları son 10 ildə əldə olunub.

2021-ci ildə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 15 985,6 milyon manat, büdcə xərcləri isə 11 382,7 milyon manat təşkil edib. 2021-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 698,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 894,6 milyon manat, bonus ödənişləri 776,9 milyon manat, akrhesabı ödənişləri 5,3 milyon manat, tranzit gəlirləri 21,4 milyon manat təşkil etmişdir. Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 287,4 milyon manata bərabər olmuşdur ki, bu da ümumi gəlirlərin 20,56%-ni təşkil edir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 2 119,3 milyon manat təşkil etmişdir. Ötən il ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 11 350,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 10,2 milyon manat yönəldilmişdir. 2021-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,5 milyon manat təşkil etmişdir. 2022-ci il yanvarın 1-ə Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 milyon ABŞ dolları) nisbətən 3,35 % artaraq 45 025,1 milyon ABŞ dollarına bərabər olmuşdur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər