Qubad İbadoğlu: "İstehlakçılar yeni qiymət artımına hazırlaşmalıdır”
Tarix: 16-05-2022 14:11 | Bölmə: İqtisadiyyat
Qubad İbadoğlu: "İstehlakçılar yeni qiymət artımına hazırlaşmalıdır”

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu 2022-ci ildə ərzaq buğdasına çıxışın idxalatçı ölkələr, o cümlədən Azərbaycan üçün problemli olacağına diqqət çəkib.

Reyting.az
xəbər verir ki, o, dünya bazarında buğdanın bahalaşmasına diqqəti çəkib:

"Digər tərəfdən ixracatçı ölkələr xaricə satışa qadağalar qoyur. Qiymət artımını şərtləndirən amillər Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynada istehsal imkanlarının azalması və satışa tətbiq edilən qadağalardır. Bu günlərdə Hindistan əsas taxıl məhsullarının ixracını yasaqladıqdan sonra beynəlxalq bazarlarda buğdanın qiyməti yenidən qalxıb. Çikaqoda etalon buğda indeksi 5,9 faizə qədər yüksəlib, bu da son iki ayın ən yüksək göstəricisidir.

Hindistanda ixrac qadağası buğda məhsullarını vuran istinin daxili qiymətləri rekord həddə çatdırmasından sonra qoyulub. Daha öncə Rusiya buğda ixracını iyunun 30-dək yasaqlayıb, Qazaxıstan isə ixraca məhdudiyyət tətbiq edib.

Son aylarda dünya əmtəə bazarlarında buğdanın qiymətinin qalxması nəticəsində çörək və tortdan tutmuş əriştə və makarona qədər hər şey bahalaşıb.

Bəzi ölkələrdə, o sıradan İranda unun qiymətinin artımı kütləvi etiraz aksiyalarına gətirib çıxarıb.

Azərbaycan dünya bazarında yaranmış durumu düzgün qiymətləndirməli və taxıl təhlükəsizliyi üçün vaxtında qərarlar qəbul etməlidir. Heç şübhəsiz, builki idxal qiymətləri əvvəlkindən yüksək olacaq və istehlakçılar yeni qiymət artımına hazırlaşmalıdır”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər