Rəqabət Məcəlləsi layihəsi hökumətə təqdim olunub - Deputat
Tarix: 24-05-2022 17:29 | Bölmə: İqtisadiyyat
Rəqabət Məcəlləsi layihəsi hökumətə təqdim olunub
V. Bayramov

Artıq Rəqabət Məcəlləsi layihəsi hazırdır. Uzun müddət müzakirə edilən layihə Nazirlər Kabinetinə təqdim olunub.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.

V. Bayramov qeyd edib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir. Layihədə həmçinin, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da əksini tapıb.

V. Bayramov diqqətə çatdırıb ki, layihə Milli Məclisə təqdim olunduqdan sonra sənəd ilə bağlı daha ətraflı müzakirə aparıb və fikir bildirmək mümkün olacaq:

“Bununla yanaşı, Rəqabət Məcəlləsi layihəsinin hazırlanması islahatlarda yeni mərhələ kimi xarakterizə olunmalıdır. Aydındır ki, iqtisadiyyatda rəqabətin tam formalaşması, haqsız rəqabətin aradan qaldırılması prioritetdir.

Liberal iqtisadiyyatın formalaşması tam rəqabət mühiti tələb edir. Məcəllə haqsız rəqabətə, istehlak bazarına yersiz müdaxilələrə qarşı fəaliyyətlərin sistemləşməsinə və ünvanlılığın dəqiqləşməsinə imkan verəcək. Bu, həmçinin islahatların daha da dərinləşməsi üçün yeni bir imkan deməkdir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər