“Azərsığorta” son 5 ayda 10 milyon manatdan çox vəsait ödəyib
Tarix: 22-06-2022 11:29 | Bölmə: İqtisadiyyat
“Azərsığorta” son 5 ayda 10 milyon manatdan çox vəsait ödəyib

“Azərsığorta” Dövlət Sığorta Şirkəti cari ilin yanvar-may ayları üzrə həyata keçirdiyi sığorta ödənişlərinin həcmini açıqlayıb.

Şirkətin mətbuat katibliyindən Reyting.az-a bildiriblər ki, 2022-ci ilin yanvar-may aylarında “Azərsığorta”nın müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitin ümumi həcmi 10 410 339 manat təşkil edib.

Qeyd edək ki, hesabat dövründə sığorta ödənişi alan müştərilərin sayında artım müşahidə olunub. Cari ilin yanvar ayı ərzində 1772 müştəriyə sığorta ödənişi verilmişdirsə, may ayında bu rəqəm 269 nəfər və ya 15,2 faiz artaraq 2041 nəfərə çatıb.

Ümumilikdə, cari ilin yanvar-may aylarında “Azərsığorta” şirkəti tərəfindən 10311 müştəriyə sığorta ödənişi verilib.

Xatırladaq ki, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.

Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.

“Azərsığorta” sığorta yığımları və sığorta ödənişlərinin həcminə görə bazarın qabaqcıl şirkətlərindəndir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər