20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycandan İtaliyaya ixrac olunan fındıq geri qaytarılıb
Tarix: 28-06-2022 18:03 | Bölmə: İqtisadiyyat
Azərbaycandan İtaliyaya ixrac olunan fındıq geri qaytarılıb

Azərbaycana məxsus şirkətlərin bir qədər əvvəl İtaliyaya ixrac etdiyi fındıq geri qaytarılıb.

Bu barədə "Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyindən Reyting.az-a bildirilib ki, buna səbəb yerli fermerlərin həmin məhsulların saxlanma şəraitinə düzgün əməl etməməsi və son nəticədə fındığın tərkibində aflatoksin adlı maddənin çox olmasıdır.

Maraqlıdır ki, son günlər Bakıdakı marketlərdə satılan qabıqlı fındığın qiymətində kəskin azalma müşahidə olunur. Assosiasiyada ucuzlaşmanın Avropadan geri qaytarılmış məhsulların daxili bazara yönəldilməsi ilə bağlı olduğunu istisna etmirlər. Qurumda həm də deyirlər ki, bu il Avropada, eləcə də ittifaq ölkələrinin fındıq idxal etdikləri əsas ölkə - Türkiyədə məhsul bolluğudur. Bundan başqa, Rusiya-Ukrayna müharibəsi logistika ilə bağlı problemlər yaradıb. Odur ki, Azərbaycan fındığını Avropa bazarına çıxarmaq, ona müştəri tapmaq çətinləşib. Bütün bunlar da ölkədə fındığı ucuzlaşdırır.

"Report" məsələ ilə bağlı bir sıra marketləri özündə birləşdirən "Veysəloğlu Şirkətlər Qrupu" MMC-yə də müraciət edib. Şirkətin mətbuat xidmətindən bildiriblər ki, mövsümün sonu ilə əlaqədar qabıqlı fındığın az çəkidə ehtiyatı qalıb: “Həmin məhsulun rəflərdə daha artıq müddətdə qalmaması və müştərilərimizin sərfəli qiymətə alış-verişi üçün məhsula maksimum (4 dəfə) endirim tətbiq etmişik”.

Hazırda Azərbaycanda 80 min hektardan çox ərazidə fındıq əkilir, bunun isə 840 hektarı ötən il əkilib. İl ərzində fındıq bağlarından 67 min tondan çox məhsul yığılır və böyük hissəsi ixrac edilir.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricə 16,2milyon ABŞ dolları dəyərində 2 min 786 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) satıb, xaricdən 196 min ABŞ dolları dəyərində 29 ton meşə fındığı alıb. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 38 % və 40 % çoxdur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər