Tarix: 02-05-2016 19:04 | Bölmə: Mədəniyyət / Xəbərlər
Xalq artisti Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrından uzaqlaşdırılandan sonra Gəncə Dövlət Dram Teatrından yeni vəzifə təklifi almışdı. O, sözügedən teatrda rejissor kimi fəaliyyətə başlamalıydı. Amma oktyabr ayında işi başlayacaq rejissor hələ də dəvət aldığı teatra getməyib.
V.Kərimov "Reytinq"ə müsahibəsində buna aydınlıq gətirib:
- Mənə ötən yay Gəncə Dövlət Dram Teatrından demişdilər ki, gəlin, bizim teatrla əməkdaşlıq edin. Yəni, dəvətə görə orada tamaşalar hazırlamalı idim. Oktyabr ayından müqavilə bağlayıb işə başlamalıydım. Qoyduğum tamaşanı bəyənsələr, əməkdaşlığımız davamlı ola bilər.
Bilirsiniz ki, mən həm də aktyoram. Qoyduğum tamaşada aktyor kimi də çıxış edəcəydim. Ola bilər ki, başqa tamaşalarda da oynayım.
Düzü, mən də buna sevindim və dəvəti qəbul etdim. Quruluş verəcəyim tamaşaları da planlaşdırdım. Çox güman ki, teatrın da öz planları var. Bir tamaşa mən təklif edəndə, ikisini də onlar edəcək.
Amma o gündən bu günə hələ də bir xəbər çıxmayıb. Görünür, nəsə bir planları var. Yəqin ki, teatrda başqa tamaşalar hazırlanır. Deyilən təklif də elə söz olaraq qalıb. Həyata keçsəydi yəqin ki, indi tetarda olardım.
- Bəs, aradakı bir ili hansı işlə məşğul oldunuz?
- Getdim işə, gəldim evə. Nə yaxşı ki, universitet varmış. Dərs deyirdim, müəlliməm axı, tələbələrim var. O olmasa, Allah bilir necə olardı, harada olardım.
Sənətkar üçün səhnədən kənarda qalmaq, pensiyaçı olmaq çox çətindir. Amma məndən asılı olmayan səbəblər var. Teatrın, səhnənin öz planları və tələbləri var. Mən neyləyə bilərəm?
- Uzun illər səhnədə olub, rollarınızla tamaşaçıların rəğbətini qazanmısınız. Belə bir yaşda səhnədən ayrı qalmaq çətin deyil ki?
- Səhnə üçün çox darıxıram. Səhnədən ayrı qalmaq mənim üçün çox çətindir. Aktyor gərək səhnədə olsun. Nə etmək olar? Yenə şükür olsun ki, mənə dərs veriblər.
- Başqa teatrların repertuarında rol yaratdığınız tamaşalarda necə, oynayırsınız?
- Bir çox tetarların repertuarında olan tamaşalarda rollarım var. Yəni, vaxtiyləoynamışdım. Amma onların heç birində oynamıram.
Sumqayıt Dövlət Musiqili Dram Teatrında da çoxlu tamaşalarım var idi. Amma oradakı işimdən çıxandan sonra daha o teatra qayıtmadım.
- 65 yaşlı bir sənətkarın səhnədən qəfil ayrılmasına necə baxırsınız?
- Qanundur, qoyublar, anormal da olsa, əməl etməliyik. Amma bütövlükdə 65 yaş məsələsi normal deyil. Aktyorun iş qüvvəsi var - səhnədədir, rollar oynayır. Bel ilə işləmirəm, külüng vurmuram, daş daşımıram, ev tikmirəm ki... Əgər aktyorun ağlı, yerişi-duruşu, sağlamlığı yerindədirsə, dili söz tutursa niyə teatrdan çıxarılmalıdır?
Rolsuz qalmaq aktyorun məhvidir. Bu qanun qüvvəyə minəndən sonra görün nə qədər aktyor səhnədən uzaq düşdü. Çoxu dünyasını dəyişdi. Hətta bu məsələ işləyən aktyorlara da mənfi təsir etdi. Nəticədə, tamaşalar da istənilən səviyyədə oynanılmır. Düşünürlər ki, bizə olan münasibət bir ildən sonra onlara da şamil ediləcək.
Aktyor teatrdan, səhnədən alqışla yola salınmalıdır. O, ömür boyu alqışla qarşılanıb axı. Mən də daxil olmaqla səhnədən gedən aktyorlar yada düşmür. Bütün teatrlarda bir qayda-qanun var, əgər aktyor illərlə çalışdığı teatrdan yaşına görə uzaqlaşdırılırsa, onu başqa teatra işə götürmürlər. Yaş məsələsi mütləq hər yerdə önəm daşıyır. Axı, o teatrın da aktyorlarını yaşa görə kənarlaşdırıblar. Adama deməzlər ki, 65 yaşda aktyorunu çıxarırsan, amma kənardan aktyor götürürsən? Yəni, o aktyor daha işəyaramır. Bu bir həqiqətdir ki, qanun hər kəsə aid deyil.
- Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dəsr deyirsiniz. Gələcək nəsilə sənət etibar etmək olar?
- Aktyor sənətinə maraq azdır. Demək olar ki, yox dərəcəsindədir. Çünki onlar da baxır ki, aktyor 60-65 yaşına çatırsa və əgər onu teatrda yararsız hesab edib çıxarırlarsa, az maaşla işləyirsə, ailəsini zülmlə dolandırıb sənəti düşünürsə, daha bu sənətə gəlməyin nə mənası? Onlar da müasir insanlardır. Sənətə stimul görmürlər. Ona görə də bu sahəyə maraq azdır. Amma nə vaxtsa həyat bu işləri nizamlayacaq. İnşallah, 5-10 ilə düzələr. Hər gecənin bir səhəri var. Bu səhər gələr nə vaxtsa...
Bölməyə aid digər xəbərlər