Xalq artistləri ilə gənc aktyorlar arasında qalmaqal yaranıb – Səbəb
Tarix: 26-09-2016 19:27 | Bölmə: Mədəniyyət / Xəbərlər


ADO teatrının yeni tamaşası sənət adamları arasında narazılıq yaradıb. "GOTT və ya Cənnətin işğalı" adlı tamaşadan narazılığa səbəb aktyorların səhnəyə pamperslə çıxmasıdır.

Xalq artisti Ağaxan Salmanlı isə bir qədər də irəli gedərək ADO-nu erotik teatr adlandırıb. Xalq artistinin iddiasına görə, Azərbaycanda fahişəxanalar rəsmi fəaliyyətə başlayandan sonra erotik teatrlar da qəbul olunacaq. 

 

ADO-nun bədii rəhbəri Elmin Bədəlov isə sənət adamlarına sərt ismarıclar göndərib. E.Bədəlov "Reytinq" qəzetinə deyib ki, onlara təzyiqlər var:

"ADO-nun yeni tamaşası olan "GOOT və yaxud da Cənnətin işğalı"nı mən hazırlamışam. Tamaşaya ikitərəfli təzyiqlər davam edir. Söhbət fiziki təzyiqdən getmir. Amma sosial şəbəkə vasitəsi ilə teatrın səhifəsinə hücumlar olur. Hücumu bir tərəfdən teatr və sənət adamları təşkil edirsə, digər tərəfdən bu işin başında dindarlar dayanır".

Bədii rəhbərin sözlərinə görə, bəzi dindarların bu işə səfərbər olmasına səbəb tamaşanın adında "...-Cənnətin işğalı" sözlərinin olmasıdır: "Bu, din adamlarını narahat edib. Onlar bizi tənqid edirdilər. Biz onlarla ortaq dil tapa bildik. Bundan sonra onlar bizi müəyyən qədər başa düşdülər və bununla bağlı müzakirələrə son qoydular. Biz onları tamaşamıza da dəvət elədik.

Amma teatr, incəsənət adamlarının təzyiqlər davam edir. Mediada məsələni böyüdürlər. Məqsədləri bilinmir".

 

Xalq artisti Ramiz Məlik isə ADO-nu bu tamaşaya görə təhqir etməkdən də çəkinməyib. E.Bədəlov bildirib ki, aktyor R.Məlik dayanmadan bizi söyür:

"Onlar SSRİ dövründən qalmış aktyor oyunları olan adamlardır. Bu şəxslər artıq başa düşürlər ki, gənc nəsil onları qəbul eləmir. Onlara baxan kütlə isə özləri kimi keçmişdən gələnlərdir. Artıq 21-ci əsrdir. Ramiz Məlikin SSRİ dövründən qalan pas atmış rolları insanları bir o qədər də maraqlandırmır. Ona görə də Ramiz Məlik bizim teatrı fahişəxanalarla müqayisə edir. Halbuki bir dəfə də olsun bu tetara gəlməyiblər və bu teatrın nə göstərdiyini bilmirlər. Bundan əlavə, bu məsələdə qocalıq sindromu da rol oynayır. Onların köhnəlmiş oyunlarını insanlar artıq sevmir, modernləşən kütlə tərəfindən qəbul olunmurlar. Buna baxmayaraq, təəssüf ki, onlar dəyişmək istəmirlər. Hətta istəsələr belə, bunu bacarmırlar. Ramiz Məlik pafosundan əl çəkmir. Amma indiki sənət adamlarının bəziləri onların köhnə fikirləri ilə razılaşmır.

Gənclər yazırlar ki, bu yaşlı nəslin aktyorları danışmasalar yaxşıdır. Deyirlər ki, uşaq olan vaxtlarda onların filmlərinə baxcaq da, bu gün onları qəbul edə bilmirik. Özləri də başa düşürlər ki, artıq onların zamanı keçib.

Biz demirik ki, onlar səhnədən uzaqlaşsınlar, xeyir, müasirliklə uyğunlaşa, tamaşalara baxa bilərlərsə, buyursunlar.

Anlaya bilmirəm, mən Adəmlə Həvvanı səhnəyə çarşabda çıxarmalıydım? Təbii, bu formal olaraq seçilib. Tamaşanın məzmunu olaraq, böyük mesajlatı var. Onlar ya pampresdə, ya da yarpaqda olmalıydı. Pampres isə ADO Teatrının baxışıdır. Bu bizim estetikamızdır. Mən Akademik Milli Dram Teatrı ola bilmərəm". 

Bədii rəhbər deyib ki, ADO ənənəvi teatr yox, fərqli və müstəqil teatrdır: "Dünyada belə bir şey yoxdur ki, müstəqil teatr ənənəvi teatrı yamsılasın. Mən ənənəvi teatr olmayacam. ODA-da ənənəvi standartlar var idisə, ADO bunun üstündən xətt çəkdi. Yaşlı nəsil də bunu qəbul eləmək məcburiyyətindədir. Çünki gələn nəsil ADO Teatrını qəbul edir. Onlar da bunu qəbul etməlidir, başqa yolları yoxdur. Biz reallığı nümayiş etdiririk, onlarsa saxtakarlığı. İnsanlar da saxtakarlığı, riyakarlığı sevmir".

 

Belə tamaşaları yenidən səhnələşdirəcəkləri ilə bağlı suala gəldikdə, bədii rəhbər qeyd edib ki, bu, davamlı olacaq:

"Bu bizim formamızdır. Bizim teatrla bağlı Xalq artisti Ağaxan Salmanlı da müsahibə verib bildirib ki, ADO erotika teatrıdır. Xeyir, o yanılır. Modern teatrda erotika da ola bilər, hələ başqa səhnələr də. Bunlar əsas vermir ki, "teatr erotikadır",-desinlər. Gərək onlar bizim teatr haqqında yalnış fikir formalaşdırmasınlar”.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər