Fransalı aktrisa: “Azərbaycanlı aktrisa soyunanda mədəni inqilab olacaq”
Tarix: 11-10-2016 15:11 | Bölmə: Mədəniyyət / Xəbərlər

Bir neçə gündür, ADO Teatrının üstünə "qara bulud"lar çöküb. Teatrın fransız əsilli aktrisası Elsa Furtado vətəninə qayıtması ilə bağlı açıqlama verib.

E.Furtado deyib ki, Azərbaycanda iki il yarım Fransa İnstitutu və Avropa İttifaqında çalışıb. Eyni zamanda ADO Teatrı ilə (keçmiş adı ODA) əməkdaşlıq edib:

"Bu müddət bəzən insana az görünür, əslində isə, yaşadıqca baxırsan ki, çox vaxtdır.

Bu vaxt ərzində Azərbaycanda çox işlər gördüm. Bir çox fərqli layihələrdə çalışdım, xeyli insanla tanış oldum.

Bəzən mənə elə gəlir ki, buraya gələndən sonra özüm üçün yeni həyat yaratdım. Buradakı müddət mənim həyatım üçün vacib olub.

Mən çox öyrəndim. Öyrəndiklərim məni xeyli dəyişib. Ona görə də buradan getmək mənim üçün çətindir. Ancaq gələcəkdə Azərbaycana yenidən qayıtmaq və burada hansısa işlər görməyə cəhd edəcəyəm. Hətta bir çox layihələrdən təkliflər var, bu barədə düşünəcəm. Hansı ki, onlar Azərbaycanda baş tutmalıdır".

E.Furtado ADO Teatrında bir çox cəsarətli rolları ilə də yadda qalıb. O, 18+ tamaşalarda oynamaqla cəsarətli addım atıb. E.Furtado Fransada da bir çox tamaşalarda oynayıb: "Ancaq orada heç vaxt deməyiblər ki, sən tabuları sındırdın, cəsarətli addım atdın. Yaxud da "Bu nə rollardır, mentalitet var, aktrisa soyunmaz",- kimi sözlər də eşitməmişdim. Mən yalnız Azərbaycanda bu cür mübahisələrə rast gəldim.

Mən aktrisayam və bu mənim işimdir. Mən burada işimi yerinə yetirirdim, ancaq insanlar ya təhqir edirdilər, ya da böyük iş gördüyümü vurğulayırdılar. Çünki Fransada teatral mühit başqadır və Fransa teatrlarında "Bu mentalitetə ziyandır, mənəviyyata zərərdir",- kimi tabular yoxdur. Ona görə də burada tamaşalar haqqında polemikaların olması mənə çox maraqlı gəldi.

Polemikaların mərkəzində olmağım da maraqlı idi. Mənə elə gəlir ki, Azərbaycan mədəniyyətində böyük dəyişiklik, inqilab etməmişəm. Azərbaycanlı aktrisa soyunanda, 18+ tamaşalarda oynayanda, bu, dəyişiklik, mədəni inqilab olacaq.

"MimODA 18+" tamaşasından sonra qızlar mənə yaxınlaşıb "Çox sağ olun ki, bizi silkələdiniz",- deyəndə mən şok olurdum. Burada qızlar çox çətin yaşayırlar. Mənə elə gəlir qızların düşüncəsində biraz dəyişiklik etdim.

Mənim üçün həm də maraqlı idi ki, 18+ tamaşalara qızlar daha çox gəlirdi. Qızlar üçün daha çox maraqlı və lazım idi belə tamaşalara baxmaq. Çünki buradakı qızlar üçün problemlərini bölüşmək lazımdır. Azərbaycanlı qızların azadlığı yoxdur, kompleksləri var. Bu kompleksləri də onların ailələri yaradır. Məhz buna görə onlar 18+ tamaşalara baxmağa gəlirdilər".

Azərbaycan teatrının problemlərinə gəldikdə, Elsa Furtado burada teatrların rəngarəng olmadığını dilə gətirib:

"Eyni zamanda teatrların sayı, seçim imkanı da azdır. Burada çox az tamaşalar göstərirlər. Əgər fərqli tamaşalar çox olarsa, teatr inkişaf edər. Özəl teatrların olmaması da buna misaldır. Müstəqil teatrlar indi yaranır. Yəni müstəqil teatrların sayı çox olarsa, inkişaf daha güclü olar.

Ancaq mənə elə gəlir ki, getdikcə Azərbaycanda teatr inkişaf edəcək. Bu proses artıq başlayıb. Bunu ODA adı ilə başlayıb ADO adı ilə davam edən bu müstəqil teatr yaradıb.

İnsanlar ADO-nun tamaşalarını sevir. Əslində bu göstərir ki, insanlar fərqli tamaşalara baxmaq istəyirlər. Ona görə də demək olar ki, getdikcə burada teatrlar inkişaf edəcək və yeniləri yaranacaq.

Əsas problem isə teatrların klassik formatdan uzaqlaşa bilməməsidir. Teatrların tabuları var. Bu tabular fərqli düşüncə üçündür. Onlar fərqli düşünmək, fərqli baxmaq istəmirlər. Teatrların, insanların bir formatı var, onlar başqa formatlar haqqında düşünmək istəmirlər. Məsələn, Opera və Balet Teatrında SSRİ aurası var. Bu, bir tərəfdən maraqlıdır. Lakin tamaşanın özündə də bu auranı görəndə bir o qədər də xoş olmur. Məsələn, Rusiyada köhnə teatrlar çoxdur, lakin onların tamaşaları yeniliyə meyilli olur.

Azərbaycanda ən böyük problemlərdən biri də özəl aktyorluq məktəblərinin olmamasıdır. Ən əsası, bölgələrdə teatrların işləməməsi bu ölkədə teatr mühitinin inkişafına mane olur".

E.Furtado sonda qeyd edib ki, insanların mentalitetlə teatrı qarışdırmasını başa düşmür: "Burada insanlar baxmadığı tamaşalar haqqında çox rahat danışırlar. Çünki belə insanlar hər şeyə çərçivədən baxırlar. Əsas problem də budur və belə insanlar mənim üçün maraqlı deyil.

Əslində valideynlər uşaqlarını teatrlara daha çox aparmalıdırlar. Bunu ənənə halına salmaq lazımdır. Eyni zamanda məktəb və universitetlərdə teatrlar təbliğ edilməlidir. İnsanları başa salmaq lazımdır ki, aktyorlar kloun deyillər. Bu tabuları qırmaq lazımdır. Onda insanların teatra münasibəti dəyişəcək, insanlar teatrı sevəcək və teatrların gücü artacaq".

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər