Əli Nur: "YUĞ-çuların teatr estetikası qara ləkədir"
Tarix: 18-10-2016 16:05 | Bölmə: Mədəniyyət / Xəbərlər


Bir neçə gündür ki, Akademik Milli Dram Teatrının adı yenidən qalmaqalda hallanır. Buna səbəb teatrın aktyoru, Elçinin "Qatil" əsərinin əsas qəhrəmanını canlandıran Hikmət Rəhimovun işdən uzaqlaşdırılmasıdır.

Məlumata görə, mərhum sənətkar Mehdi Məmmədovun oğlu, rejissor köməkçisi Vüqar Məmmədovla Hikmət Rəhimov arasında dava olub. Bunu eşidən rəhbərlik H.Rəhimovu işdən qovub. Hazırda işi hüquq-mühafizə orqanları araşdırır.

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nur teatrda baş verənlərə "Reytinq"də aydınlıq gətirərkən deyib ki, Hikmət Rəhimov bu teatrda işlədiyi müddətdə bəzi rollarda özünü doğrultsa da, bəzilərində uğur qazana bilməyib:

"Hikmət qəribə bir mövqe götürdü. O, YUĞ Teatrında tərbiyə almışdı. Həmin tərbiyədən çıxış edərək Akademik Teatrın ünvanına tənqidi fikirlər səsləndirdi. Mətbuata müsahibə verərək bildirib ki, 144 ildə Akademik Teatr teatr ola bilmədi.

Əslində, bu, başından yekə, böyük-böyük danışmaqdı. Əvvəla sən özün kimsən? Hələ aktyor kimi özünü təsdiqlə, sonra danışarsan... Hətta boş zalda, lap elə birinci cərgədə oturan da səhnədə dediklərini eşitmir".

Əli Nurun sözlərinə görə, Akademik Teatr Qafqazda, Orta Asiyada və bütün türk dünyasında məktəb olub və böyük uğurlar qazanıb:

"Ərəblinski bütün dünyada barmaqla göstərilən bir sənətkar olub. Şekspirin muzeyində Abbas Mirzə Şərifzadənin şəkili var. Cənubi Qafqazda üç böyük teatr varsa, onun biri Azərbaycan Akademik Milli Dram Teatrıdır. Bu teatrın üstündən xətt çəkib, onun ünvanına necə yersiz tənqid səsləndirə bilərsən?

Mən onların davasında olmamışam, amma eşitmişəm ki, aralarına söz düşüb, o da Mehdi Məmmədovun oğlu Vüqar Məmmədova üç şillə vurub. Bu estetika hardan gəldi?

Teatrın sabiq direktoru İsrafil İsrafilov gələnə kimi burada dava olmayıb. Bir aktyor başqa bir həmkarı ilə dava eləməyib, əl qaldırmayıb, onu təhqir etməyib. Hikmətə kim ixtiyar verib ki, Mehdi Məmmədov kimi sənətkarın oğlunu təhqir edir? Onun bu hərəkətləri teatr estetikasına ziddir. Teatrda belə şey olmaz!"

H.Rəhimovun bir xəbərdarlığı və bir neçə töhmətinin olduğunu xatırladan Ə.Nur "Bu teatr sənə nə edib, sən özün kimsən ki, deyirsən, mən belə bir teatrda işləyə bilmərəm?! Hikmət gərək özünü elə aparmayaydı",-deyib.

Əməkdar artist iddia edir ki, Vaqif İbrahimoğlu YUĞ Teatrını bir bəla, bir fəlakət üçün yaradıb:

"Dünyanın hər yerində, hətta elə şəhərlər var ki, orada 70-ə yaxın teatr var. Siz də yaratmısınız. Amma bu o demək deyil ki, deyəsiniz, bizdən başqa teatr yoxdur. Sizin estetikanız, teatr fəlsəfəniz düz deyil! Sizin teatr estetikanız başdan-ayağa qara ləkədir! Mən onların özündən eşitdiklərimi deyə bilərəm. Amma deməyə utanıram...".

Əli Nur bildirib ki, YUĞ Teatrının kollektivi teatra başqa estetikadan yanaşır: "Onlar bunu kollektivdə və mənə deyiblər ki, biz teatra tualet kimi baxırıq. İnsan yeyib-içəndən sonra tualetə gedib rahat olursa, tamaşaçılar da teatra gəlib rahat olurlar. Deyirlər ki, teatr tualetdir.

Teatr allahlarla xalq arasında bir məbəddir. Bütün xalqın problemini, millətin dərdini teatr müəlliflərin dili ilə xalqa, allahların xeyir-duasını isə insanlara çatdırır. Onlar bununla teatrı təhqir edirlər.

Amma teatr müqaddəs yerdir. Aktyorun sözləri xalqa əxlaqdı, Quran ayəsi kimdir".

Bu davaya Akademik Milli Dram Teatrında çalışanların reaksiyasına gəlincə, aktyor deyib ki, bu kriminal işdir, kollektiv bu məsələyə qarışmır:

"Akademik Teatr belə adamlardan bezib. Tetra qarşı bunların düşmənçiliyi bilirsiniz nədir? Ciblərində 5 qəpik yoxdur, amma milyonu bəyənmirlər. Sən özün paslı dəmirsən qızılı bəyənmirsən. Bunların belə iddiası var. Amma iddianı sübut eləmək lazımdır. Meydana çıxıb rollar oynamalısan, tamaşaçının qarşısında sənət göstərməlisən. Axı onların hansı tamaşaları var? Akademik Teatra gəldilər, onların kim olduğu üzə çıxdı.

Teatr sənətində sistem, onun formulları var. Burda aktyorun görünüşü, tamaşaçının ürəyinə işləyən təmiz səsi, plastikası olmalıdır. Belə olmasa, tamaşaçı teatrdan iyrənər".

Aktyoru teatrın sonuncu imperatoru sayan müsahibin fikrincə, o, bu estetikanı qəbul eləmir ki, Tomrisi söyəsən, 150 yaşı olan teatr mədəbini təhqir edəsən:

"Bütün Moskva heyran qalıb bu teatra, bunun üstündən xətt çəkib, qara yaxmaq...

Axı siz kimsiniz? İşləri ancaq dava eləməkdir. İsrafil İsrafilov gəldi, onun "ideyası" vardı, xərçəng kimi bir xəstəlik saldı... Bütün kollektivi bir-biri ilə vuruşdurdu, hamı düşmən oldu. Bunu İsrafil elədi. Onlar da İsrafilin kadrlarıdır.

Bura çox yaxşı aktyorlar gəlib, oynayıb, gediblər. Hansı ki onlar seçilən aktyorlar olub.

Azər Paşa müəllim Hikmət Rəhimova çox yaxşılıq eləyib. Ona yaradılan şərait heç kəsə yaradılmayıb. O da ərizəsini yazıb getdi. Mən ona kömək eləmək istədim. Yəqin bunu oxuyanda özü anlayacaq. Yeri gələndə onu tərifləyirdik. Amma təsadüfləri dərya da saxlamaz".

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər