Baloğlan Əşrəfov: "Müğənnilər də böhranla üz-üzədir"
Tarix: 06-12-2016 16:16 | Bölmə: Mədəniyyət / Xəbərlər

2016-cı il başa çatmaq üzrədir. Bu səbəbdən də Yeni il şənlikləri ilə bağlı verilişlər hazırlanır. Bəzi müğənnilər isə iddia edirlər ki, sənət adamlarından kimlərsə rüşvət müqabilində adlarını telekanallardakı Yeni il çəkilişlərinə yazdırmaq istəyirlər.

Hazırda yeni mahnılar üzərində işləyən və hər il Yeni illə bağlı proqramlara qatılan əməkdar artist Baloğlan Əşrəfov "Reytinq"ə müsahibəsində səslənən iddialara da aydınlıq gətirib.

Hazırladığı yeni mahnıların bəzilərini Yeni il şənliyində oxuyacağını bildirən müğənninin sözlərinə görə, məşq prosesinə indidən başlayıblar:

"İstəyirik ki, təqdim etdiyimiz mahnılar dinləyicilərin ürəyincə olsun. Biz kollektiv şəkildə çıxış edəcəyik. Başqaları kimi mini-disklə, onun-bunun ansamblı ilə oxumayacam".

Yeni il şənliyi ilə əlaqədar hansısa telekanaldan dəvət almasına gəlincə, əməkdar artist deyib ki, hələ belə dəvəti qəbul etməyib:

"Düzünü deyim ki, telekanalların hazırladığı Yeni il şənliyinə dəvət alsam da, bəzən "yox" deyirəm. Çünki bir mahnı ilə yaram sağalmaz. 30-a kimi müğənni dəvət edirlər, onların arasında nə edəcəyini bilmirsən. 3 dəqiqəlik mahnı ilə nə olar? Gərək bir neçə mahnı oxuyam.

"Xəzər" mənə doğma telekanaldır. Hər həftə ordayam. İstəyirəm ki, bir saatlıq proqramla çıxış edəm, rəngarəng mahnılar oxuyam".

Bəzi həmkarlarının rüşvət verərək adlarını Yeni il çəkilişlərinə yazdırması ilə bağlı iddialara gəldikdə, B.Əşrəfov "10 ildir ki, Yeni il proqramlarında oxuyuram. Hələ bu vaxta kimi bir telekanala, ya da bir təşkilatçıya bir manat da verməmişəm. Bunu kişi kimi deyib, boynuma alıram",-deyib:

"Artıq Məhərrəmlik başa çatıb, toylar başlayıb. İndi toyların forması da dəyişib. Tək mənim üçün deyil, bütün müğənnilər üçün vəziyyət pisdir. El şənliklərinin sayı azalıb. Toy edən yoxdur. Ən dəbdə olan müğənnilər də böhranla üz-üzədir. Ay ərzində 5-6 toy ola, ya olmaya... Bu, kiminsə şöhrətinin aşağı-yuxarı olmasından asılı deyil, ümumi vəziyyət belədir.

Xalq çalışır ki, övladına toy edəndə maddi zərərlə üzləşməsin. Yəni az da olsa, xeyir götürsün. Bəlkə düşünürlər ki, gələn il vəziyyət düzələr, dollar enər... Ola bilsin ki, bu prinsiplə yanaşırlar. Amma bəziləri böhrana baxmır, nə vaxt olsa toy-düyünlərini edirlər.

Ümumi götürdükdə vəziyyət pisdir. İşıq və qaz pulu qalxıb. Bu da şadlıq evlərinin qiymət artımına təsir edir. Onların ziyana düşməsi isə cavanları maraqlandırmır. Yəni, toy da olacaq, nişan da!"

Mini-disklərin toylardan yığışdırılması ilə bağlı təkliflərin səslənməsinə gəldikdə, əməkdar artist bildirib ki, bu təklifi kim irəli sürübsə, kim həyata keçirəcəksə Allah onun balasın saxlasın:

"Biz bütün toyu canlı oxuyuruq. Bizim əhatəmizdə olan sənət adamlarının toy-düyünündə mini-diskdən söhbət gedə bilməz. 7 nəfər musiqiçim var, bəyəm bu boyda ansamblı gəzdirmək asandı? Gərək oxuyasan ki, qazanasan... Canlı oxumasaq, o pulu bizəkim verər? Onlar çalmalıdır ki, mən də oxuyum. Hamı mənim xətrimi istəyir. Elə bir müğənni olmaz ki, mənim onun yanında hörmətim olmasın. Mən də kiminsə xətrinə dəymək istəmirəm. Bunu o adamlar edirlər ki, səlahiyyət sahibi olsunlar. Bunu etmək biz müğənnilərə düşməz. Onları da qınamıram. 7-8 günə mahnı yazdırırlar. Hardansa qazancını çıxarmalıdır, ya yox? Amma canlı musiqinin yerini heç nə verməz!

Canlı oxumaq çətin və məsuliyyətlidir. Bütün mahnıları yaddaşında saxlamalısan. Biz beləöyrəşmişik.

Heç kəsin çörəyinə bais olmaq istəmirəm. Allah kimə nə ayırıb, o da olacaq. Durub deyim ki, filankəslər mini-disklə oxumasın? Yox, bu mənlik deyil! Bəzi toy sahibləri bunu qəbul edir.

Mənim bu günəkimi xalqın sevgisini qazanmağımın səbəbi var: "Baloğlanın səsi şirindir, həm də yeni mahnılar oxuyur".

Yeni mahnılar oxumasan, kim olursansa, ol, sənin kitabın bağlanar. Mən hər il yeni mahnılar yazdırıram".

Onu da qeyd edək ki, Röya 3 gün konsert versə də, B.Əşrəfov həmin konsertə getmədi. "Mən həmin konsertə getməsəm də, Röyanın sənətinə sevgim var. Əgər bir müğənnini xalq sevirsə, gənclik onun dərdindən dəli-divanədirsə, deməli, o var. Heç kəs onun qara qaşına elə-belə aşiq olmayıb. Onun sevgisini xalqdan ayırmaq olmaz. Xalq Röyanı sevir",-deyə Əşrəfov bildirib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər