Tarix: 17-01-2017 17:51 | Bölmə: Mədəniyyət / Xəbərlər
Bu günlərdə Azərbaycan filmlərinin siyahısına daha biri - "Naxox" əlavə olunub. Filmin baş rolunu Xalq artist Ağaxan Salmanlı canlandırıb.
A.Salmanlı "Reytinq"ə deyib ki, rejissor Zaur Mirzazadə və Orxan Mərdanın çəkdiyi filmdə Elməddin və Fərda ilə eyni səhnəni bölüşüblər.
Xalq artisti qeyd edib ki, dekabrın 28-də "Nizami" kinoteatrında, bundan sonra isə Gəncə şəhərində filmin təqdimatı olub: "Əla filmdir. Uzun zaman idi filmə çəkilmirdim. Amma bu film yaxşıdır, mənası da dərindir. Mənə elə gəlir ki, bu həyatda ölüdən deyil, diri insanlardan qorxmaq lazımdır. Filmin ideya xətti də budur. Mən bu filmin yaradıcı heyəti ilə uzun illər öncə çəkilmişdim. Ona görə yenidən dəvət etdilər, mən də dəvəti qəbul elədim".
Gənc Tamşaçılar Teatrından da söz açan A.Salmanlının bu teatrda da işləri, rolları var. Onların hər birində oynayır, tamaşalar hazırlayır. Deyir ki, hazırda Əhməd Orucun "Açarını itirənlər", uşaqlar üçün "Əlibaba və 40 quldur" və "Məlik Məmməd" nağılını hazırlayırlar:
"Teatr mövsümünün sonuna kimi hər üç tamaşa təhvil verilməlidir. Bundan əlavə, Mingəçevir Dövlət Dram Teatrında da hazırlayacağım tamaşalar var. Hələ ki, onlardan dəvət gözləyirəm".
Əvvəllər bəzi verilişlərdə ekspert kimi oturan Xalq artisti indi hansı səbəbdən həmin verilişlərdə gözə dəymir. Hətta dəvət etsələr də, belə verilişlərdə iştirak etmək istəmir:
"Ekspertlərin efirlərdəki rəftarı xoşuma gəlmir. Ekspertlər özlərini efirdə mədəniyyətsiz, yalançı və tərbiyyəsiz aparırlar. Onlarda həya qalmayıb. Onların rəftarı qaneedici deyil. Düşünürəm ki, onların qonaqlarla rəftarı hər kəsin əsəblərini tarıma çəkir. Qazandığım tamaşaçı sevgisini itirməmək üçün belə verilişlərə getmirəm. Kiminsə verilişində oturub danışmaq mənlik deyil. Mən ömrüm boyu şəxsiyyətimə hörmət etmişəm. Həmin verilişlərə getməklə hörmətsiz olaram".
Xalq artisti belə verilişlərdə iştirak etmək istəməsə də, tamaşaçı qismində hamısına baxır:
"Amma veriliş bitənə kimi əsəblərim tarıma çəkilir, tüklərim biz-biz olur. Həddindən artıq həyasızlıq edirlər. Tərəf tuturlar... Amma ekspertin mövqeyi düz olmalıdır. Kiminsə dediyini təkrarlayandan ekspert olmaz".
Teatr mövsümünün ikinci yarısında hazırlanan tamaşalara gəlincə, A.Salmanlı bildirib ki, yaradıcılıq abı-havası yüksəkdir:
"Səhər-axşam xalqımız, millətimiz üçün işləyirik, yaradırıq. Teatrların tamaşalarının səs-sorağı dünya teatr səhnələrindən gəlir. Son illər teatrlarımız bir çox dünya teatrları ilə əməkdaşlıq edirlər. Həmin ölkələrin teatr adamları Azərbaycana gəlir, bizimkilər də onlara. Azərbaycan rejissorları həmin ölkələrdə, o ölkələrin rejissorları da Azərbaycana gəlib tamaşalar qururlar. Ölkə teatrları ilə sıx əlaqələrimiz var. Azərbaycan teatrları başqa ölkələrin səhnələrində keçirilən festivallarda çıxış edir".
A.Salmanlıya teleseriallardan da dəvətlər gəlir. Deyir ki, ssenarini oxuyur, xoşuna gəlsə, məbləğdə müəyyən güzəştlər edir, ssenari xoşuna gəlməsə, yüksək məbləğ tələb edir ki, film sahibləri onunla razılaşmayıb qaçsınlar.
Tələb etdiyi məbləğə gəlincə, bir gün çəkilsə 1000 manat, bir neçə günlük olarsa 500 manata istəyir:
"Ssenaridən çox şey asılıdır. Bəyəndiyim rol üçün qiymətdə aşağı enirəm. Aktyor üçün əsas mənəviyyatdır. Ssenari zəifdirsə, onda çox böyük pul tələb etmək lazımdır. Mən bunu bütün sənəti olan aktyorlara məsləhət görürəm".
Reyting.az
Bölməyə aid digər xəbərlər