Xalq artisti məhkəməyə şikayət edəcək – Qalmaqal
Tarix: 22-04-2017 12:38 | Bölmə: Mədəniyyət / Xəbərlər


Bir neçə gündür mətbuatın gündəminə sırğa oğurluğu ittihamı ilə düşən Musiqili Teatrın aktyoru, Xalq artisti Ramiz Məmmədovun səhhətində problemlər yaranıb.

Aktyor deyir ki, buna səbəb Bakı şəhər sakini Südabə Zalova tərəfindən ona böhtan atılması və üstəlik həmin şərin "Xəzər" telekanalında yayımlanmasıdır. Sənətkar baş verənlərə görə, haqqını məhkəmədə aramaq qərarı verib.

Aktyor Reyting.az-a deyib ki, televizorda oğurluqda ittiham olunduğunu eşitməsi ona və ailə üzvlərinə pis təsir edib:

"Bir müddət özümü ələ ala bilmədim. Ailə üzvlərim məni sakitləşdirməyə çalışdılar. Dedilər ki, biz sənə inanırıq. Bunlar qurma işlərdir, onlara şou lazımdır. Onu da düzəltdilər. Ayıb deyil? Bunu mən hələ də dərk edə bilmirəm".

Ramiz Məmmədovun sözələrinə görə, bu xəbər telekanalda yayımlanmağa 2-3 saat qalmış, bir qız ona zəng edərək bu barədə sual verib:

"Dedim ki ayıb deyil, belə bir şey yoxdur. Məsələ polisdədir. Qadın düz demir, şər atır. "Çox sağ olun",- deyib kanal əməkdaşı dəstəyi asdı. Daha demədi ki, bu, iki saatdan sonra efirdə gedəcək. Bir də baxdım, ailə üzvlərim qışqırır ki, səni oğurluqda ittiham edirlər. Ardınca da deyirlər ki, xalq artisti bir azdan açıqlama verəcək. Yəni mənə şər atıb, şou düzəltdilər.

Mənə deyirlər ki, kameradakı görüntüdə əyilən siz olmusunuz. Bəlkə düyməm qırılıb, əyilib onu götürmüşəm. Axı kamerada nəyi götürməyim görsənmir".

İtən qızıl əşyanın qiymətinə gəlincə, xalq artisti bundan məlumatsız olduğunu bildirib:

"Mən nə tapmışamsa toy sahibinə vermişəm. Amma qızıl sahibi də deyir ki, sənin tapdığın qızıl deyil. Anlaya bilmirəm, mən bir saatın içində gedib o sırğanı necə dəyişdim?

Həmin günü evdən kənara çıxmamışam. Zəng edən kimi, yerdən götürdüyüm əşyanı aparıb qaytarmışam.

Allah mənə kömək etsin və şər atanların günahından keçsin. İstər qadın, istərsə də kişi olsun, şər-böhtan atmaq, yalan danışmaq Allahın qarşısında ən böyük günahlardan biridir.

Mən tapdığımı verdim, amma verməyə də bilərdim. Zəhmət çəkib itirməyəydin. Tapmışam, vermirəm, bu cinayətdir? Evinə girməmişəm ki... Polisə getdin, orada səni başa saldılar. Dedilər ki, ay anam, burada cinayət işi yoxdur. Daha sən nə istəyirsən? Məndən şübhələnirsən, çox yaxşı, ver sırğanın tayını, kəsim boğazımdan aparım düzətdirim".

Şikayətçi həm də deyir ki, Xalq artisti onu təhqir edib. Ramiz Məmmədov isə bunu təkzib edir: "Mən onu harda təhqir etmişəm? Zəng edib, demişəm ki, ay bacı, məndən nə istəyirsən? Qızıl istəyirsən? Məni niyə şantaj edirsən? Bu onun səviyyəsidir. Ona nə ad qoyasan? İstəyirlər məni qalmaqala, yaxud başqa şeyə cəlb eləsinlər? Ayıb deyil, mənim adım-sanım var. Utanın, bir tək sırğadan ötrü xalqın bu boyda sənətkarını biabır etdiniz".

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər