Muğam müsabiqəsi zəifləyib - Qəzənfər Abbasov
Tarix: 10-05-2017 13:03 | Bölmə: Mədəniyyət / Xəbərlər


"Muğam müsabiqəsi-2017"-nin balaca ifaçısı Arzu Mahmudova bir müddət əvvəl müsabiqəni tərk edib.

Arzunun ustadı, əməkdar müəllim Qəzənfər Abbasov isə "Reytinq"ə deyib ki, həmişəki kimi bu dəfə də muğam müsabiqəsində tələbələri iştirak edir və bu müsabiqəyə iki tələbəsi qatılıb:

"Onlardan biri Arzu Mahmudova idi, ikincisi isə Nüşabə Kərimovadır. Arzu müsabiqəni tərk etdi. Mən bu günə kimi olan bütün yayımları canlı izləmişəm. Tələbəmin bütün yalnışlarını və uğurlarını yaxından duymaq, ifalarını analiz etmək lazımdır. Amma operatorlar məni canlı yayımda yaxşı nümayiş etdirmirlər. Bunun da səbəbini anlaya bilmirəm...".

Müsabiqənin öz axarı ilə getdiyini deyən Q.Abbasov bildirib ki, əvvəlki müsabiqələr səsli-küylü keçsə də, indiki bir az sönükdür: "Bundan əlavə, əvvəllər münsiflər heyəti iştirakçılara qarşı bir az sərt idi. İndi isə münsiflər bir az yumşalıb.

O ki qaldı iştirakçıların səviyyəsinə, bu barədə həqiqət ortadadır. Getdikçə iştirakçılar arasında sanki cılızlaşma gedir. Məsələn, Ehtiram, Təyyar və başqaları olan müsabiqədə böyük rəqabət var idi, səslər də gözəl idi. Eləcə də, 2011-ci ildə Səbinə Ərəbli, Abgül Mirzəliyev kimi iştirakçılar tanındı. Bu gün isə beləsi yoxdur".

İştirakçıların zəifliyinin səbəbinə gəlincə, əməkdar müəllim qeyd edib ki, ifaçıda həvəs olmalıdır:

"İştirakçılar bu gün yaxşı oxuyur, sabah isə yox. Səs belə şeydir ki, bu gün yaxşı gələr, sabah oxuya bilməzsən. Bu isə səni seçən münsiflər heyətini də pərt edə bilər. Kim olur-olsun, söhbət canlı ifadan gedir. Elə iştirakçılar da bunu hiss edirlər. Məsələn, mənim tələbəm Arzu yaşca çox balacadır. 14-15 yaşı var, bir az dözümsüz idi.

Mən bir ara Ağcabədi rayonundakı Muğam Mərkəzində ustad dərsləri keçirdim. Özü də təmannasız. Yəni, kimsə deyə bilməz ki, Qəzənfər Abbasova bir manat pul vermişəm. İstəyirdim ki, ordan da kimsə bu müsabiqədə iştirak eləsin. Elə oldu, Arzu münsiflər heyətinin seçimindən bal topladı və müsabiqəyə vəsiqə qazandı. Amma Arzu Mahmudova uşaq idi, elə ona görə də müsabiqədən çıxardılar".

Müsabiqədə iştirak edən digər tələbəsi Nüşabə Kərimovaya gəlincə, ustadı deyib ki, onun çox gözəl səsi var və iştirakçılar arasında seçilir:

"Hardasa onun qələbəsinə inanıram. Münsiflər heyəti nə tapşırırsa, onu da yerinə yetirir. Fikrimcə, o, birinci də ola bilər.

Bu günə kimi keçirilən müsabiqələrdə mənim tələbələrinmin sayı 10-dan çox olub. Hətta birinci yeri tutanlar da var. Bu uşaqlardan bəziləri teatrlarda solistdir. Bəzilərinin isə adı başqa ifaçının tələbəsi kimi çəkilir".

Qeyd edək ki, Qəzənfər müəllimin tələbələrindən biri də Nasir Ətapurdur. O, hazırda Təbrizdədir. "Hərdən Azərbaycana gəlir. Hazırda onun tələbələrindən biri müsabiqədə iştirak edir - Məcid Əsri. Ümidvaram ki, o da ustadı kimi layiqincə yer tutacaq. O, Azərbaycan vətəndaşı deyil. Heydər Əliyev Fondu ona hər şəraiti yaradıb",-deyən Q.Abbasov belə tələbələr yetişdirməyinin mükafatını da qazanıb:

"Dövlət mənə ev bağışlayıb. Sağ olsun prezidentimiz də, I vitse-prezidetimiz də. Onların sayəsində mənzillə təmin olundum.

Evsizlikdən əziyyət çəkirdim. Prezidentə müraciət etdik. Müraciətə Milli Konservatoriyanın rektoru da, Əlibaba Məmmədov da, Arif Babayev də, Mənsum İbrahimov da, Aygün Bayramova da, Zabit Nəbizadə və başqaları da imza atdılar. Onlar xahiş etdilər ki, Qəzənfər Abbasova da mənzil verilsin. Şükürlər olsun ki, sözümüz yerə düşmədi. Bu işdə zəhməti olan hər kəsə təşəkkür edirəm".

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər