Tarix: 29-06-2016 12:33 | Bölmə: Siyasət
"Biz inzibati orqanda işləmirik. Xalqın təmsilçisi olmaq o deməkdir
ki, parlament üzvləri cəmiyyət qarşısında hesabatlıdır, millət vəkilləri
mükafatı da, cəzanı da xalqdan alır. Ən böyük hakim odur. Siyasi fəaliyyətimin
ən böyük mükafatını almışam. Töhmət təkcə rəsmi direktivlə olmur. Onu dövlətlə
on illərlə davam edən şərəfli xidmətimizin üstünə tikmək və siyasi
tərcümeyi-halımızın bir səhifəsinə döndərmək mümkün deyil”.
Bu sözləri Milli Məclisin son iclasındakı insidentlə bağlı İntizam
Komissiyasının şifahi töhmətini şərh edən deputat Zahid Oruc bildirib.
O, Heydər Əliyevi yalnız dövlətin ali icra hakimiyyəti orqanlarının deyil,
parlamentinin də qurucusu olduğunu bildirib: "Ulu öndər bütün
zamanların spikeridir və onun cəmi 4 aylıq parlament rəhbərliyi əsil siyasi
məktəbdir. 4 iyun hadisələrindən sonra ölkədə tüğyan edən xaosa, hərbi-silahlı
qüvvələrin hakimiyyət uğrunda savaşına, daxili separatizmə və xarici təcavüzə,
həmçinin vətəndaş qarşıdurmasının Milli Məclisin dəhlizlərinə keçməsinə
baxmayaraq, Azərbaycanı normal relslər üzərinə daşımağa nail olan Heydər Əliyev
parlamentdə bir-birinə zidd olan bütün qüvvələrə öz mövqelərini izhar etmək
üçün geniş meydan verirdi və bütün idarəçilyi illəri ərzində dövlət başçısı
siyasi kursunun bu təməl prinsipinə dönmədən sadiq qaldı. O, heç kəsə
Məclisdəki ən kəskin və sərt çıxışlarına, yaxud sədarətlə toqquşmalarına görə
daxili məhkəmə qurmadı. Deputatların danışmaq hüququnu müəllimin təhsil vermək,
həkimin müalicə etmək haqqı kimi fundamental hesab edirəm”.
Son hadisələrlə bağlı ona ünvanlanan sualları cavablandırmayacağını deyən
millət vəkili bunu əldə olunmuş razılığın şərtlərini pozmaq istəməməsi ilə
əlaqələndirib və mövzunun siyasi gündəmdən düşməsində maraqlı olduğunu
bildirib: "Mənim adım keçən məsələdə hakimiyyətin mühüm qollarından
birinin tənqid olunmasını istəmirəm, lakin bizlər danışmaq haqqımıza görə
ölkəmizdə bərqərar olunan demokratik prinsipləri Məclisdə də hər zaman nümayiş
etdirməliyik. Mən bütün siyasi fəaliyyətim illərində Ulu Öndərə, dövlətimə və
təmsil etdiyim insanlara xidmət edərkən mükafatı parlamentdən gözləmədim. Bizim
hər birimizə dəyər verən və qiymətləndirən birinci şəxsdir. Onun ədalət hissi
isə hər kəsdən yuxarıdadır. Ona görə də şərəfli işimizi əzmlə davam etdirərkən
birindən mükafat, başqasından cəza alacağımızı alnımızın yazısı kimi qəbul
edirik”.
APA
Bölməyə aid digər xəbərlər