Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
Tarix: 10-09-2025 10:33 | Bölmə: Siyasət
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib

Polşa Rusiya pilotsuz təyyarələrinin ölkə ərazisinə müdaxiləsindən sonra hava əməliyyatını başa çatdırıb. Vətəndaşlar zərər çəkmiş obyektlərin dağıntılarına toxunmamağa çağırılır.

Reyting.az
xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələri Komandanlığının “X” sosial şəbəkəsindəki açıqlamasında qeyd edilib.

Əlavə olunur ki, ölkənin hava məkanını keçən obyektlərin qəzaya uğradığı yerlərin axtarışı və müəyyənləşdirilməsi davam edir.

Səlahiyyətlilər vətəndaşları - naməlum əşyaların qalıqları aşkar edilərsə, təhlükə yarada biləcəyi üçün onlara yaxınlaşmamağa, toxunmamağa və yerindən tərpətməməyə çağırıb. Belə tapıntılar 112 təcili yardım nömrəsinə və ya ən yaxın polis bölməsinə bildirilməlidir.

Polşa Müdafiə Nazirliyi dəstəyə görə Niderland Krallığının Hərbi Hava Qüvvələrinə və NATO-ya təşəkkür edib. Xüsusilə, “F-35” qırıcıları insident zamanı Polşa səmasının təhlükəsizliyinin qorunmasına köməklik göstərib.

Yerüstü hava hücumundan müdafiə və radar idarəetmə sistemləri standart iş rejiminə qayıdıb.

Polşa ordusu bildirir ki, o, Ukraynadakı hadisələri diqqətlə izləməyə davam edir və Polşa hava məkanının təhlükəsizliyini təmin etməyə tam hazırdır.

Onu da qeyd edək ki, bu gecə Rusiyanın 10-dan çox pilotsuz təyyarəsi Polşanın hava məkanını pozub.

E. KAMAL





Bölməyə aid digər xəbərlər