Konqresmen: Rusiya NATO-ya hücum edib
Tarix: 10-09-2025 11:07 | Bölmə: Siyasət
Konqresmen: Rusiya NATO-ya hücum edib

Respublikaçı konqresmen, ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Co Vilson bildirib ki, Rusiyanın Polşaya pilotsuz təyyarə ilə hücumu Donald Tramp administrasiyasının dərhal Kremlə qarşı sərt sanksiyalar tətbiq etməsi və Ukraynaya hərbi dəstəyi artırması üçün səbəbdir.

Reyting.az
xəbər verir ki, Vilson “X” sosial şəbəkəsində hadisəni “NATO müttəfiqinə birbaşa hücum” adlandırıb.

“Prezident Trampın Ağ evdə Polşa prezidenti Navroçkini qəbul etməsindən bir həftə keçməmiş Rusiya NATO müttəfiqi Polşaya İran istehsalı olan pilotsuz təyyarələrlə hücum edir. Bu, müharibə aktıdır və biz NATO müttəfiqlərinə Putinin azad və zəhmətkeş xalqlara qarşı davam edən əsassız təcavüzünə çevik reaksiyaya görə minnətdarıq”,- Konqresmen qeyd edib.

Vilson Tramp administrasiyasını Rusiya hərbi maşınını sıradan çıxaracaq sanksiyalar tətbiq etməyə və Rusiya daxilində zərbələr endirmək üçün Ukraynanı müasir silahlarla təmin etməyə çağırıb.

“Putin artıq Ukraynada sadəcə ana və körpələri məğlub etməklə kifayətlənmir, o, indi birbaşa NATO torpaqlarında bizim qətiyyətimizi sınayır. Putin bəyan edib ki, “Rusiya sərhəd tanımır”. Azad və firavan xalqlar Rusiyaya sərhədlərin nə olduğunu öyrədəcək”, - konqresmen vurğulayıb.

Qeyd edək ki, bu gecə Ukraynaya hücum edən Rusiya dronları sərhədi keçərək Polşa ərazisinə soxulub. Polşa hərbi qüvvələri NATO-nun dəstəyi ilə rus dronlarını məhv etdiyini bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər