Hüquq müdafiəçiləri Prezident Administrasiyasının nümayəndələri ilə görüşüb
Tarix: 09-05-2020 13:04 | Bölmə: Siyasət
Hüquq müdafiəçiləri Prezident Administrasiyasının nümayəndələri ilə görüşüb

Hüquqmüdafiə Təşkilarları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova ilə görüşüblər.

Reyting.az
xəbər verir ki, görüş əsnasında pandemiya şəraitində ölkədə atılan operativ addımlar müsbət qiymətləndirilib, həmçinin QHT-lərin pandemiya ərəfəsindəki fəaliyyəti geniş müzakirə edilib.

Hüquq müdafiəçiləri bəzi rəhbər vəzifələrdə çalışan məmurların pandemiya ərəfəsində vətəndaşlara biganəliyini, laqeyd münasibətlərini də müzakirəyə çıxarıblar.

Qeyd olunub ki, səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların hüquqlarını kobudcasına pozan, öz mənfəətini üstün tutan məmurların bir qisminin həbsi ölkədə köklü dəyişikliklərə start verildiyini göstərir.

Hüquq müdafiəçiləri siyasi partiyalarla aparılan görüşləri, bir sıra siyasi partiyaların qeydiyyatdan keçirilməsini müsbət dəyərləndirərək ölkənin gələcəyi naminə cəmiyyətin bütün təbəqələri, siyasi qüvvələri arasında dialoqun vacibliyini vurğulayıblar.

Hüquq müdafiəçiləri həmçinin qeyri-hökumət sektorunun cəmiyyətin maarifləndirilməsi sahəsində müstəsna rolunu qeyd edərək, bu sektora önəm verməyi, vətəndaş cəmiyyətinin tanınmış simaları tərəfindən xüsusi proqramların hazırlanıb televiziya efirində verilməsini xüsusi qeyd ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}