09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Üç qüvvə ABŞ-ın vasitəçiliyinə qarşı birləşib - Politoloq
Tarix: 01-07-2023 09:06 | Bölmə: Slayd
Üç qüvvə ABŞ-ın vasitəçiliyinə qarşı birləşib

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə 27-29 iyun tarixlərində Vaşinqtonda növbəti dəfə müzakirələr apardılar. Nazirlər və dövlət katibi bundan əvvəl Vaşinqtonda 1-4 may tarixlərində müzakirələr aparmışdılar. Nazirlər Vaşinqtonda ABŞ prezidentinin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da görüşüblər. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller isə danışıqların səmərəli olduğunu açıqlayıb".

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Bayramov ilə Mirzoyanın Vaşinqton görüşünü şərh edərkən deyib.

Ötən dəfə də nazirlərin Blinkenlə ortaq müzakirələrdən sonra Sallivanla görüşdüyünü xatırladan Şahinoğlu qeyd edib ki, Moskva və Brüssel görüşlərindən fərqli olaraq Vaşinqtonda tərəflər arasında müzakirələr 3 və ya 4 gün çəkir: "Bu, Vaşinqtondakı görüşlərdə bütün detalların müzakirəsi ilə bağlıdır. Çünki sülh sazişinin imzalanmasına mane olan xeyli detal var”.

Politoloq bildirib ki, Vaşinqtondakı müzakirələrin digər vacib detalı da var:

“Azərbaycanla Ermənistan arasında sülh sazişi, sərhədlərin müəyyənləşməsi və nəqliyyat dəhlizinin açılması ilə bağlı sənəd imzalanmalıdır. Vaşinqton bu üç sənəddən yalnız sülh sazişinin imzalanması üzərində çalışır. Çünki bu sənəd imzalansa, sərhədlərin müəyyənləşməsi və dəhlizin açılması asanlaşacaq”.

Şahinoğlu əlavə edib ki, nəqliyyat dəhlizinin açılması Vaşinqtonu sülhün əldə olunması qədər maraqlandırmır:

“Nəqliyyat dəhlizinin açılması daha çox Türkiyənin, Çinin və Rusiyanın maraqlarına cavab verir. Vaşinqtonun bu üç dövlətlə münasibətlərində gərginliklər və suallar var. Buna baxmayaraq, Vaşinqton Azərbaycanla Ermənistan arasında bütün kommunikasiyaların açılmasının tərəfdarıdır. Sadəcə, Vaşinqton bunun üçün diplomatik fəallıq göstərmir”.


Elxan Şahinoğlu

Politoloq xatırladıb ki, Blinken danışıqlarda irəliləyiş əldə olunduğunu bildirsə də, yekun sənədin imzalanması üçün çox işin olduğunu vurğulayıb. Onun sözlərinə görə, razılığa nail olmaq nə qədər yaxın olsa, bəzi hallarda bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sona qalır.

Şahinoğlu deyib ki, Blinken yekun sənədə yeni razılaşdırılmış bəndlərin daxil ediləcəyini də söyləyib. Dövlət katibi bu bəndlərin nədən ibarət olduğunu açıqlamasa da, bunun Bakının Qarabağ erməniləri ilə dialoquna aid olduğunu ehtimal etmək mümkündür. Şahinoğlu əlavə edib ki, rəsmi Bakı Qarabağ erməniləri ilə dialoqun tərəfdarıdır, onları bir neçə dəfə Bakıda görüşə dəvət edib: “Ancaq Qarabağ erməniləri Bakıya gəlməkdən imtina ediblər. Buna baxmayaraq, rəsmi Bakı Qarabağa statusun verilməsini heç bir dövlətlə müzakirə etməyəcək”.

Vaşinqtondakı müzakirələrə gəldikdə, politoloq bildirib ki, bu, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında iyul ayında Brüsseldə keçiriləcək növbəti görüşə təkan verməlidi idi: “Ancaq aydındır ki, hazırki şərtlər daxilində Brüsseldə sülh sazişi imzalanmayacaq. Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşə başladığı gün Qarabağda separatçıların Azərbaycan hərbçilərinə atəş açması təsadüfi deyil. Böyük ehtimalla Kreml Vaşinqton görüşünü pozmaq üçün separatçılara “atəş açın!” əmrini verib. Bu əmri yerinə yetirənlər isə ağır zərbə aldılar, beş separatçı öldürüldü. Bu hadisə erməni separatçılarının qısa müddətdə tərki-silah olunmalarını aktuallaşdırır”.

Şahinoğlunun fikrincə, Kreml, erməni separatçıları və Daşnaksutyun Partiyasının simasında üç qüvvə ABŞ-ın vasitəçiliyinə qarşı birləşib: “Bu, Ermənistanın baş naziri Nikol Paşinyana da təzyiq vasitəsidir ki, o, Vaşinqton və ya Brüsselin vasitəçiliyi ilə İlham Əliyevlə sülh sazişi imzalamasın. Paşinyan seçim etməlidir. Paşinyan ya təzyiq qarşısında geri çəkiləcək, ya da “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq”,- açıqlamasının sənəddə əksini tapmasına razılaşacaq. Rəsmi Bakı gözləyir ki, Vaşinqton bu məsələdə Paşinyana təsir edəcək".

Politoloqun sözlərinə görə, rəsmi Bakı Vaşinqtonun vasitəçiliyinə müsbət yanaşır: "Ermənistandan fərqli olaraq Azərbaycanda heç bir siyasi qüvvə Vaşinqtonun vasitəçiliyinin əleyhinə deyil. Azərbaycan ABŞ-la müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda nazirlər və onların heyətləri arasında sülhün qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunduğunu açıqlayıb. Azərbaycan XİN dövlət katibi Blinkenin sözlərini təsdiqləyərək saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edildiyini və saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atıldığını açıqlayıb. Nazirliyin bəyanatında eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib”.

Qeyd edək ki, bu arada, ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə koordinatoru səfir Ceyms Obrayanın Ermənistana səfəri və baş nazir Nikol Paşinyanla görüşü diqqəti də çəkib. Obrayanın Ermənistana səfəri bu ölkənin Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməsinin qarşısının alınması ilə əlaqəlidir. Vaşinqton bir neçə dəfə Ermənistanı Rusiyaya sanksiyalardan yayınmaq üçün yardım göstərməkdə ittiham edib. Şahinoğlu xatırladıb ki, Obrayan 8 iyunda verdiyi açıqlamada Rusiyaya əsas mikroçiplərin və elektronikanın idxalının müharibədən əvvəlki səviyyəyə qayıtdığını bildirmişdi. Bu işdə Rusiyaya gizli şəkildə Ermənistan dəstək verir. Dövlət Departamenti Avropa şirkətlərinin materialları başqa ölkələrə, onlar da öz növbəsində həmin ləvazımatları Rusiyaya satdığı qənaətindədir. Bu sırada Ermənistanın da adı bir neçə dəfə çəkilib.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər