09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Qarabağdakı separatçılar Putindən kömək istəyir, ABŞ isə... - Professorun şərhi
Tarix: 06-07-2023 14:10 | Bölmə: Slayd
Qarabağdakı separatçılar Putindən kömək istəyir, ABŞ isə...
Qarabağdakı baş separatçı Arutyunyan

“Son günlər Qarabağ və sülh danışıqları mövzusunda maraqlı proseslər müşahidə edilir. Məsələn, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin bildirir ki, ABŞ Qarabağın erməni sakinlərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşayacağına inanır. Bu, çox müsbət bəyanatdır. Digər tərəfdən isə məlum olur ki, Xankəndi şəhərindəki separatçılar ard-arda Rusiyaya, onun prezidenti Vladimir Putinə məktublar yazır və ondan kömək istəyirlər. Hətta Qarabağdakı baş separatçı Araik Arutyunyan da bir neçə dəfə Putinə məktub yazıb. İddiaya görə, dünən Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı bu məsələ də müzakirə olunub”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli Azərbaycan və Ermənistan arasında gedən sülhyaratma prosesi çərçivəsində müşahidə edilənlərdən danışarkən deyib.

Q. Hüseynli qeyd edib ki, Rusiya sülh danışıqlarının məntiqi nəticə ilə başa çatmasına və ya inkişafına əngəl törədir.

Onun sözlərinə görə, Azərbaycan tərəfi həm xarici işlər nazirləri səviyyəsində ABŞ və digər ölkələrdə keçirilən danışıqlarda, həm də digər platformalarda baş tutan dialoqlar zamanı Ermənistan Silahlı Qüvvələrinin Qarabağda olan tör-töküntülərinin çıxarılmasını tələb kimi qoyur. Yəni söhbət erməni ordusunun Qarabağda olan 5-10 minlik tör-töküntüsündən gedir. “Rəsmi Bakı düşünür ki, bu tör-töküntülər ərazidən çıxarılmayana qədər sülhyaratma prosesi inkişaf etməyəcək. Bu səbəbdən də, haqlı olaraq bu tələbi bütün platformalarda qoyur. Güman edirəm ki, Vaşinqton görüşündə də bu tələb irəli sürülüb, eləcə də ABŞ dövlət katibi Blinkenə müvafiq məlumat verilib”,- deyən Q. Hüseynlinin sözlərinə görə, ABŞ-da da anlayırlar ki, bu ordu Azərbaycan ərazilərindən çıxmayan qədər sülhün yaranması çətin olacaq:

“Güman edirəm ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoriyanın Vaşinqtona dəvət edilməsinin bir səbəbi də bu ola bilər. Yəni ABŞ Ermənistan ordusunun qalıqlarının Qarabağdan çıxarılması üçün müəyyən pressinqlər edə bilər”.


Qabil Hüseynli

Professor bildirib ki, belə bir ərəfədə Qrabağdakı separatçılar Rusiyaya, onun rəhbərinə məktublar yazır, Qarabağ məsələsini qaldırır, hətta hansısa statusdan bəhs edirlər.

Q. Hüseynli əlavə edib ki, rus sülhməramlıları bölgədəki separatçıların arxasında durur, onların Bakıya inteqrasiyasına imkan vermir:

“Görünən odur ki, Rusiya son zamanlar sülhyaratma prosesində vasitəçi kimi fəallaşan ABŞ-a da mane olmağa çalışır. Bu məqsədlə separatçıları qorumağa, gücləndirməyə, dəstək verməyə cəhdlər olacaq. Bu isə sülhyaratma prosesinin pozulmasına xidmət edən gedişlərdir”.

Professor sonda diqqətə çatdırıb ki, indi fəal proseslər müşhidə edilir, tərəflər mövqelərini bir daha dəqiqləşdirib, addımlar atır. Q. Hüseynlinin fikrincə, rəsmi Bakının atdığı addımlar təqdirəlayiq və güzəştsizdir. Amma Ermənistan problem yaratmaqda davam edir, rəsmi İrəvan hər vasitəçinin yanında bir söz deyir, amma ortaya fərqli mövqe qoyur.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər