09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
NATO ölkələrinin ümidi Türkiyəyə qalıb
Tarix: 07-07-2023 14:54 | Bölmə: Slayd
NATO ölkələrinin ümidi Türkiyəyə qalıb

Gələn həftənin çərşənbə axşamı başlayacaq iki günlük Vilnüs sammitində NATO genişlənə bilər. Çünki Rusiyanın Ukraynaya hücumu ilə İsveç də hərbi ittifaqa üzv olmağa çalışır. Amma İsveçin NATO-ya üzvlük məsələsi Türkiyənin qərarından asılıdır.

Reyting.az
-ın məlumatına görə, “New York Times” qəzeti yazır ki, ABŞ-ın başçılıq etdiyi alyans üzvləri Ankaranın NATO məsələsində Stokholma “yaşıl işıq” yandırmasına çalışırlar. Lakin cümə axşamı NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında keçirilən kritik toplantıda problemləri həll etmək mümkün olmayıb.

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Türkiyənin NATO Zirvə toplantısında İsveçin üzvlüyünü təsdiqləməyə hazır olduğunu bildirməsinə çalışırlar.

Baş katib əlavə edib ki, İsveçdəki qalmaqallı nümayişlərin məqsədi ölkənin alyansda iştirakını dayandırmaqdır:

“Bu təxribatlardan yalnız NATO-nu parçalamaq istəyənlər faydalanacaq. İsveçin üzvlüyünün daha da gecikdirilməsi PKK və Rusiya prezidenti Vladimir Putin tərəfindən müsbət qarşılanacaq”.

İclasda Türkiyəni təmsil edən xarici işlər naziri Hakan Fidan deyib ki, İsveç bəzi hüquqi addımlar atsa da, dəyişikliklərin praktikada əksi vacibdir.

Fidanın sözlərinə görə, İsveçin NATO üzvlüyünə zaman təzyiqindən bir üsul kimi istifadə Ankara tərəfindən heç vaxt bəyənilmir.

Brüsseldəki görüşdən sonra NATO sammitinə bir gün qalmış daha bir həssas görüş baş tutacaq. NATO-nun baş katibi bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristerssonla görüşəcəyini açıqlayıb.

Amerika mətbuatı yazır ki, Türkiyə və İsveç NATO-ya üzvlüklə bağlı aralarındakı çıxılmaz vəziyyətə son qoya bilməyiblər və ölkə liderləri bazar ertəsi problemin həllinə bir daha cəhd edəcəklər.

“New York Times”in yazdığına görə, alyans liderləri gələn həftə keçiriləcək zirvə toplantısında yeni üzvün gəlişini qeyd etmək istəsələr də, Türkiyənin etirazları və Macarıstanın gecikməsi səbəbindən bayram etmək mümkünsüz ola bilər.

Amerikanın başqa bir qəzeti - “The Hill” yazır ki, Türkiyə və Macarıstanın müqavimətinə baxmayaraq, ABŞ İsveçi NATO-ya daxil etməyə çalışır. Bayden administrasiyasının Vilnüs sammitinə günlər qalmış çılğın bir səy göstərdiyini qeyd edən qəzet, ötən həftə Stokholmda Qurani-Kərimin yandırılmasını xatırladıb və Ankaranın İsveçin NATO-ya üzvlüyünə hələ də razılıq vermədiyini yazıb.

“Financial Times” isə Türkiyə və İsveç liderlərinin gələn həftə görüşəcəyini qeyd edib.

Onu da qeyd edək ki, Ukrayna lideri Zelenski də İstanbulda danışıqlar aparacaq. Görünən budur ki, prezident Zelenski NATO liderlər sammiti öncəsi Ukrayna mövzusunda prezident Ərdoğandan dəstək almaq istəyir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər