09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Professor: “Həbsdəki separatçıları Azərbaycandan tələb edə bilməzlər”
Tarix: 04-10-2023 13:30 | Bölmə: Slayd
Professor: “Həbsdəki separatçıları Azərbaycandan tələb edə bilməzlər”

“Qarabağdakı separatçı rejimə başçılıq etmiş şəxslərin həbsini yüksək qiymətləndirirəm. Bu, Azərbaycan hüquq-mühafizə orqanlarının yüksək səviyyəli fəaliyyətinin nəticəsidir”.

Bunu Reyting.az-a professor Cümşüd Nuriyev Qarabağdakı separtçılara başçılıq etmış şəxslərin Azərbaycan dövləti tərəfindən həbs edilməsini qiymətləndirərkən deyib.

C. Nuriyev xatırladıb ki, Azərbaycan 2007-ci ildə Təhlükəsizlik Konsepsiyası qəbul edib və həmin sənəddə separatizm təhdid kimi göstərilir. Onun sözlərinə görə, eyni zamanda dövlət, ictimai və fərdi təhdid anlayışı var. Azərbaycan dövlət və cəmiyyətə olan təhdidləri sıradan çıxarıb, hazırda isə şəxsiyyət təhdidlərini sıradan çıxarır.

C. Nuriyev bildirib ki, o, qaniçən Vitali Balasanyanın da həbsini istəyir: “Ümid edirəm ki, bu da baş verəcək. Vitali meyit alverçisi idi. Xatırlayıram ki, bir əsgərimizin nəşini ona 21 qutu benzin verməklə geri alırdıq. Bəzən də məlum olurdu ki, əsgərimizin cəsədinin bir hissəsi yoxdur. O, qaniçən şəxsdir. Hətta bəzən erməniyə bizim əsgərin paltarını geyindirib benzin qarşılığında bizə verirdi. Buna görə bir dəfə rəhmətlik Allahverdi Bağırov onu vurmuşdu. Mən onun həbsini çox arzulayıram. O, yaramazın biridir. Əlbəttə, həbs edilən digər şəxslər də ağır cinayətlər törədiblər”.

Professorun fikrincə, ola bilsin ki, Fransa və ABŞ həbs edilən separatçıların həbsdən azad edilməsini istəsin, onların məsələsini siyasiləşdirməyə cəhd etsin:

“Həbs edilənlərin ən təhlükəlisi Ruben Vardanyandır. Bu şəxsin Putinin ətrafı ilə əlaqələri var. Üstəlik, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini istəsə, Vardanyanı bizdən istəyə bilər. Vardanyan Azərbaycan vətəndaşı deyil, amma qanunsuz olaraq Azərbaycanın Vejnəli, Söyüdlü və digər yataqlarını istismar edib, 10 milyardlarla dollar qazanıb. Rusiya vətəndaşı olmasa da, orada yaxşı əlaqələrinin olduğu deyilir”.

Nuriyev əlavə edib ki, separatçı liderlərin məsələsinə heç kim siyasi don geyindirə bilməyəcək: “Azərbaycan onları heç bir ölkəyə verməməli, lazım gələrsə, bu şəxslərdən siyasi kart kimi istifadə etməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Vardanyan istisna olmaqla bu şəxslərin hamısı Azərbaycan ərazisində doğulub və cinayətlərini də bizim ərazilərimizdə törədiblər, cəzalarını da burada çəkməlidirlər. Onların məsələsini siyasiləşdirmək mümkün deyil. Əgər mümkündürsə, onda Avropada Katoloniya, Marsel, basqların istədiklərini etsinlər”.

C. Nuriyev sonda əlavə edib ki, Azərbaycanın konstitusiyasını pozan, dövlətə meydan oxuyan və xüsusilə ağır cinayətlər törətmiş separatçılar ölkəmizin qanunları ilə cəzalandırılmaqla yanaşı cəzalarını da burada çəkməlidirlər.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər