09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Köçəryan, Sarkisyan və Ohanyan da cinayətlərinə görə cavab verəcəklər
Tarix: 04-10-2023 17:36 | Bölmə: Slayd
Köçəryan, Sarkisyan və Ohanyan da cinayətlərinə görə cavab verəcəklər

“Azərbaycan xalqına və dövlətinə qarşı ağır cinayətlər törətmiş Qarabağdakı xunta rejiminin əsas nümayəndələrinin təhlükəsizlik qüvvələrimiz tərəfindən saxlanılaraq Bakıya gətirilməsi tarixi hadisədir. Faktiki olaraq, Qarabağdakı separatçı rejimin fəaliyyətinə son qoyuldu, Azərbaycan həmin ərazilərdə suverenliyini bərpa etdi. Amma suverenliyin bərpası ilə yanaşı ədalətin də öz yerini tapması vacib məsələdir. Məhz bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi həm də bu prizmadan vacibdir”.

Bunu Reyting.az-a siyasi analitik Oqtay Qasımov Azərbaycan xüsusi xidmət orqanlarının separatçı rejimin başçılarının qollarına qandal vuraraq Bakıya gətirməsini şərh edərkən deyib.

O. Qasımov bildirib ki, hələ bir xeyli şəxs var və imkan olduqca onlar da mühakimə prosesinə cəlb edilməlidir. O. Qasımov düşünür ki, onların mühakimə edilməsi və cəzalandırılması tarixi ədalətin bərpası demək olacaq: “Necə ki II Dünya Müharibəsindən sonra Almaniya faşizminin əsas liderləri Nürnberq məhkəməsində mühakimə edildi, 30 ildən artıq müddətdə Qarabağda, eləcə də digər rayonlarda yaşayan vətəndaşlarımıza qarşı cinayət törətmiş bu şəxslər də öz cəzalarını almalıdırlar”.

O. Qasımov əlavə edib ki, xunta rejiminin keçmiş və indiki başçılarının həbsi olduqca əhəmiyyətli hadisədir: “Əlbəttə, bu siyahı genişlənməlidir. Ermənistan Respublikasının və xunta rejiminin keçmiş başçıları olmuş, Azərbaycana qarşı bölücülük fəaliyyəti başladan Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri də uyğun zamanda Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcəklər”.


Oqtay Qasımov

Həbs edilən şəxslərdən Qərb mediasının Azərbaycana qarşı əsassız təbliğat və təzyiq kampaniyası kimi istifadə edəcəyinə gəlincə, O. Qasımov bunu istisna etmir: “Bu, Qərb mediası və quruluşlarının əksəriyyətinin riyakar olduğunu, ikili standartlarla fəaliyyət göstərdiyinin bariz nümunəsidir. Təəssüflər olsun ki, biz 30 ildir bunu görürük. Məsələn, Ruben Vardanyan kimi bir cinayətkarı - Azərbaycan sərhədlərini qanunsuz keçmiş, qanunsuz silahlı qruplaşmaları maliyyələşdirmiş, faydalı qazıntılarımızın talanmasında iştirak etmiş və Azərbaycan dövlətinə, onun konstitusiyon quruluşuna qarşı çıxmış, erməniləri sərhədlərin dəyişdirilməsi üçün silahlı mübarizəyə səsləmiş bir şəxsi - necə müdafiə etmək olar? Təəssüf ki, Qərb dairələri belə şəxsi müdafiə edir və onun məsələsini siyasiləşdirməyə cəhdlər göstərirlər. Mən düşünürəm ki, Azərbaycanın hüquq sistemi bu cinayətkarların hamısı haqqında ciddi və ədlətli araşdırma aparacaq. Beynəlxalq hüququ araşdıran prokurorlar, hakimlər və vəkillər bu məhkəmə prosesinə cəlb olunmalı, proses şəffaf şəkildə aparılmalı və dünya bu cinayətkarların əsl simasını görməlidir. Onların hamısı ilə bağlı faktlar var və bunlar açıq mənbələrdədir. Onların Azərbaycana qarşı fikirləri mediada işıqlandırılıb.

Araik Artunyunyanın 44 günlük müharibə zamanı Gəncəyə raketlərin atılmasına şəxsən əmr verdiyi haqda bəyanatı var. Ruben Vardanyan beynəlxalq mediadan tutmuş Ermənistan mediasına qədər cinayətkar çağırışlar edib. Arkadi Qukasyan və Bako Saakyan da Qarabağın Azərbaycan əhalisinə qarşı törədilən cinayətlərdə fəal iştirak ediblər. Yəni ortada fotolar, video çəkilişlər və şahidlər var. Bunların hamısı istintaq araşdırmasında ortaya qoyulacaq. Terrorçuları müdafiə edən şəxslərin və quruluşların ağızlarını yummaq üçün imkanımız olacaq”.

Y. QACAR




Bölməyə aid digər xəbərlər