ABŞ prezidentinin mövqeyi gərginliyi artırır - Təhlil
Tarix: 13-01-2019 19:11 | Bölmə: Slayd
ABŞ prezidentinin mövqeyi gərginliyi artırır

ABŞ prezidenti Donald Trampın müşaviri Con Boltonun İsraildə “Əgər türklər kürdlərin qorunması haqqında anlaşma imzalamasa, ABŞ Suriyadan geri çəkilməyəcək”,- bəyanatından sonra həm tərəflər, həm də bölgədəki vəziyyət qeyri-müəyyən xarakter almağa başlayıb.

Üstəlik, Trampın dekabrın 19-da “Suriyadan 60-90 gün ərzində çəkiləcəyik” qərarını sonradan danması və bir-birini təkzib edən açıqlamalar verməsi bölgədə maraqları olan dövlətləri də üz-üzə qoyub.

Reyting.az-ın məlumatına görə, Trampın müşaviri Boltonun İsraildən sonra yanvarın 8-də Türkiyə səfərində üzləşdikləri də vəziyyətin gərgin olduğunu təsdiqləyir.

Belə ki, Bolton və onun rəhbərlik etdiyi heyət Türkiyədə yüksək səviyyədə qarşılanmadı. Onu prezident Ərdoğanın mətbuat katibi İbrahim Kalın səviyyəsində qarşılayan və müzakirə aparan rəsmi Ankara, sanki bununla ABŞ-a “Ya bizimlə səmimi olun, işləyin, ya da bizə lazım deyilsiz”,- mesajını verməklə yanaşı, digər variantları – məsələn, Rusiya və İranla birlikdə koordinasiyalı əməliyyata gedəcəyinin siqnalını vermiş oldu.

Xatırladaq ki, Boltonu nə prezident Ərdoğan, nə də xarici işlər naziri Mövlud Çavuşoğlu qəbul etdi. Ərdoğan isə açıq şəkildə bəyan elədi ki, Boltonun İsraildə verdiyi bəyanat onun Türkiyədə qarşılanmasına təsir edən əsas faktordur.

İbrahim Kalınla 2 saat 10 dəqiqə çəkən görüşdən faydalı nəticənin hasil olmadığı göz önündədir. Baxmayaraq ki, Boltonun sözçüsü görüşdən dərhal sonra “çox məhsuldar görüş oldu. Dialoq üçün çoxlu məsələlər var”,- dedi.

İ. Kalın isə Boltona iki qovluq verdiyini deyib. Əlavə edib ki, həmin qovluqlarda YPG-nin Suriyadakı cinayətləri və əməliyyatla bağlı məsələlər olub.

Ancaq görüşdən dərhal sonra Türkiyə prezidenti Ərdoğanın açıqlamaları ilə yanaşı, ABŞ dövlət katibi Mayk Pompeonun qəfil İraqa səfər etməsi, üstəlik, “Biz Suriyadakı ordumuzun 2 min nəfərini çıxaracağıq”,- bəyanatı göstərir ki, tərəflərin anlaşması mümkünsüz hala gəlib.

Boltonla görüşdən imtina edən Ərdoğan bununla kifayətlənməyib. O, Suriyada nəyin bahasına olursa-olsun, ABŞ-ın dəstək verdiyi PKK/YPG qüvvələrinə qarşı əməliyyata başlayacaqlarına işarə edib:

"Türkiyə olaraq, bütün hazırlıqlarımızı tamamlamışıq. Çox yaxın zamanlarda Suriya torpaqlarındakı terrorçu qruplaşmları zərərsizləşdirmək üçün hərbi əməliyyatlara başlayacağıq”, – deyən Ərdoğan, Boltonun nə dediyinə deyil, ABŞ prezidenti Trampın Suriyadan çəkilmə qərarına daha çox güvəndiklərini də bəyan edib: “Trampın qərarı istinad nöqtəmizdir. Hərbi hərəkat üçün hazırlıqlarımızı başa çatdırmışıq. PKK/YPG-PYD ilə bağlı da addımlar atmaqda qətiyyətliyik. Həssaslığımızı bildikləri halda, terror qruplaşmalarının arxasında duranlara sözümüz var. Türkiyə hər zaman sözünün üstündə duran ölkə olub, müttəfiqlərindən də eyni diqqəti gözləyir”.

Ərdoğan yaxın günlərdə ABŞ prezidenti Trampla görüşəcəyini də istisna etməyib:

"Bəli, belə bir görüşə ehtiyac var. Boltonun səfərindən sonra belə bir görüşün olacağını istisna etmirəm".

Maraqlı budur ki, Ərdoğan elə həmin günü, yəni ABŞ nümayəndə heyətinin səfəri başa çatdıqdan sonra istənilən an Suriyanın şimalında hərbi əməliyyat başlaya biləcəklərini desə də, ötən bir neçə gündə əməliyyata start verilməyib.

Bu isə diplomatik və psixoloji “atışmalar”a rəğmən,Türkiyənin hələ də ABŞ-la PKK/YPG qüvvələri ilə bağlı anlaşa bilmədiyinin göstəricisi, eyni zamanda, bölgə ilə bağlı hələ də qeyri-müəyyənliyin davam etdiyinin bariz nümunəsidir.

Boltonun Türkiyə səfərindən, Ərdoğanın bu açıqlamasından saatlar sonra, yəni yanvarın 9-da ABŞ dövlət katibinin İraqa, oradan isə Türkiyə ilə soyuq münasibətdə olan Misirə qəfil səfər etməsini isə iki amillə yozmaq mümkündür.

Türkiyə mətbuatı yazır ki, Pompeonun qəfil səfəri Ankaraya hesablanıb:

Birincisi, ABŞ Türkiyəyə “Bölgədə sizdən başqa da müttəfiqlərimiz var və onlar sizdən fərqli olaraq, bizim istəyimizi şərt olmadan yerinə yetirməyə hazırdır”,- deyib, Ankaraya təzyiq göstərməkdirsə, ikincisi, həmin ölkələrdə Türkiyəyə yönəlik xoş sözlər deməklə “Biz sizinlə işləmək istəyirik, lakin bizim də maraqlarımızı gözardı etməyin”,- ismarıcıdır.

Türkiyə mətbuatı Pompeonun səfər zamanı jurnalistlərin suallarına cavabına da toxunaraq, iddia edir ki, ABŞ işbirliyi üçün Ankaraya qapını açıq saxlayıb.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo jurnalistin prezident Rəcəb Tayyib Ərdoğanın terrorçu PKK/YPG-PYD qruplaşmasının Türkiyə üçün təhlükə mənbəyi olaraq tanınması fikri ilə bağlı sualına cavabında "Türkiyənin terrorçulara qarşı mübarizəsini anlayır və dəstəkləyirik”, - deyib.

O, bunun ardınca söyləyib ki, D. Trampın Suriyadan hərbçiləri çıxarmaq məsələsində heç bir dəyişiklik yoxdur:

“Həm İŞİD-ə qarşı mübarizə aparacağıq, həm də Suriyada uyğun bir halda çıxacağıq”.

O, jurnalistin "Türkiyə və kürdlərlə (terrorçu PKK/YPG-PYD qruplaşmasını nəzərdə tutur-red.) əlaqələri necə quracaqsınız” sualına cavabında deyib:

"Hər iki tərəflə görüşmüşük. Hərbçilərimizin təhlükəsiz çıxması ilə bağlı görüşlər keçiririk. Çıxmazdan əvvəl Suriyanın İŞİD-ə aid bütün ünsürlərdən təmizləndiyinə tam əmin olmaq istəyirik. Ərdoğan terrorçuların (PKK/YPG-PYD-ni nəzərdə tutur - red.) onların həyatı üçün bir təhdid mənbəyi olduğunu bildirib. Biz də terrorçuların Türkiyəni təhdid etdiyinin fərqindəyik və bu məsələdə Türkiyəni dəstəkləyirik. İfratçılar və terrorçular harada olur-olsun, onlara qarşı mübarizə aparan qüvvələri dəstəkləməyə hazırıq. Buna Türkiyə kimi başqa ölkələr də daxildir".

Pompeo bir daha diqqətə çatdırıb ki, ABŞ Suriyadan qoşunlarını tam çıxarmayacaq.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə sanki Pompeo və Boltona cavab verirmiş kimi NTV telekanalına deyib ki, bizim PKK/YPG-PYD-yə qarşı hərəkatımız ABŞ-ın hərbçilərini bölgədən çıxarmasından asılı deyil.

Türkiyəli nazir müsahibəsində iddialı bəyanatlar da verib. O, Türkiyənin əsla geri çəkilməyəcəyini bildirib:

"Rəhmətlik Süleyman Dəmirəl deyərdi: "Super güclərin çarxı geri hərəkət etməz”.

Biz Suriya məsələsində ABŞ-ın çarxının geri hərəkət etdiyini görürük. Məsələ ilə bağlı ABŞ prezidenti Donald Tramp qərar verib və çıxış edib. Yanvarın 9-da dövlət katibi Maykl Pompeo da bu məsələyə münasibət bildirib. Suriyalı kürdlər YPG deyil, türkiyəli kürdlər PKK deyil. Bunu hər kəs çox yaxşı bilir. Maykl Pompeo Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub. Hamıdan yaxşısını o bilməlidir. PKK/YPG-PYD-nin sürgün etdiyi yüz minlərlə suriyalı kürdə Türkiyə sığınacaq verib. Bizim problemimiz bu terror qruplaşmasına ABŞ-ın dəstək verməsidir. Bu terror qruplaşması ABŞ-ın dəstəyi ilə ərəblərin yaşadığı ərazilərə nəzarət edir. Haqdan danışan ABŞ-ın YPG-nin işgəncə verdiyi suryalıları müdafiə etdiyini eşitmirik. Qocaman bir dövlətin NATO-dakı müttəfiqliyimiz və əməkdaşlığımıza baxmayaraq, bir terror qruplaşmasına sığınması doğru deyil.

Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Fərat çayının şərqinə girəcəyimizi deyib. ABŞ da oradan çıxacağına söz verib. Ancaq ortada onların çıxmaması üçün çalışanlar var. Donald Trampın verdiyi söz bizim üçün keçərlidir. Prezidentin milli məsələlər üzrə müşaviri Con Bolton və başqalarının açıqlamalarından görürük ki, onlar bu çəkilmənin tərəfdarı deyillər”.

M. Çavuşoğlu ABŞ-ın YPG-yə verdiyi silahları toplamadığını da vurğulayıb:

"Maykl Pompeo ilə telefonla danışmağı planlaşdırıram. Həm onun, həm də Donald Trampın Türkiyəyə gələcəyi ilə bağlı sözləşməm var. Qarşılıqlı ziyarətlərin edilməsi faydalıdır”.

Gərgin diplomatik toqquşmaların yaşandığı bir ərəfədə isə terrorçu PKK/YPG-PYD qruplaşması ABŞ istehsalı olan "TOW” antitank raketi ilə Tel-Rifat bölgəsindən Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunu (ASO) vurub.

Məlumata görə, nəticədə ASO-nun iki döyüşçüsü ölüb: Hələb əyalətinin şimalında yerləşən Tel-Rifat bölgəsini işğal edən bu terrorçu qruplaşma Azez rayonuna bağlı Kelcibrin kəndində cəbhə xəttində patrul xidməti həyata keçiriən Azad Suriya Ordusuna məxsus avtomobili hədəfə alaraq ABŞ istehsalı olan "TOW” raketi ilə vurub. Nəticədə hərbi maşın yararsız vəziyyətə düşüb, iki döyüşçü isə ölüb.

Məlumata görə, yanvarın 9-da da həmin yerdən terroruçular hücum edib. Ancaq itki olmayıb.

Hərbi və siyasi ekspertlər isə bu hücumu Türkiyənin əməliyyata başlaması üçün əlverişli fürsət sayırlar. Çünki belə bir vəziyyətdə ABŞ ictimai qınaqla üz-üzə qalmamaq üçün açıq şəkildə adıçəkilən qruplaşmanı dəstəkləyə bilməyəcək.

Elə bunu nəzərə alan mütəxəssislər deyir ki, Ərdoğan Putinlə yaxın günlərdə gözlənilən görüşünü reallaşdırandan dərhal sonra Suriyaya hücum əmrini verəcək.

Əgər belə olarsa, ABŞ hansı addımı atacaq? Ümumiyyətlə, Amerikanın bundan sonrakı Suriya siyasəti necə olacaq?

Reyting.az-ın məlumatına görə, bununla bağlı “Habertürk”ün Vaşinqton təmsilçisi Sərdar Turqut maraqlı təhlil aparıb.

Həmin təhlili qısa ixtisarla təqdim edirik:

Prezident Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Vaşinqtona döndü. Regiondakı səfəri davam edən Pompeonun mesajları bura çatdırıldı.

ABŞ-ın milli təhlükəsizlik icması təcili olaraq yeni Türkiyə strategiyası işləyib hazırlamağın vacib olduğunu gördü.

Bu icma, Ərdoğanla Tramp arasında gözlənilən telefon danışığı baş tutmadan, Türkiyəyə yönəlik yeni baxış bucağı formalaşdırmağın lazım olduğunu görür.

Bolton Ankara səfərində Türkiyənin “qırmızı xətlərini” dəqiq gördü. Yeni yanaşmaya ehtiyac olduğunu və bu işi əvvəlki mövqelərlə davam etdirə bilməyəcəklərini anlamış durumdadır. Tramp onsuz da bu fikirdə idi.

Yəni anlayacağınız odur ki, ABŞ, Suriya əsas götürülməklə, Türkiyə ilə bağlı yeni yanaşmalar formalaşdırma mərhələsindədir. Burada Ağ Evin də Prezident Trampın Ərdoğanla telefon danışığından öncə (müvafiq qurumlardan – tərc.) dəqiq fikirlər istədiyi bildirilir.

Bu yeni yanaşma formalaşdırılarkən ABŞ-ın milli təhlükəsizlik icmasının əlində olan mövcud durum haqqında hesabat belədir. Bu hesabatın son dərəcə realist olmasına və içində ABŞ-la bağlı sərt tənqidlərin də yer almasına təəccüblənməyin. Kəşfiyyatçılar bu şəkildə düşünməyə və həqiqətləri söyləməyə məcburdurlar. Onlar uğurun yalnız belə davranıldığı halda gələcəyinə inanırlar.

Həm ABŞ, həm xüsusi təyinatlı qüvvələri ilə Şimali Suriyadakı Amerika bazalarında yerləşmiş İngiltərə, həm də kəşfiyyatçıları ilə orada olan Almaniya regionda Türkiyəyə rəğmən, hər hansı bir addımın atıla bilməyəcəyini qəbul edir.
Qərb dövlətləri regionda hüzuru təmin etmək üçün ortaq olaraq terrorçu elan edilmiş PKK ilə əlaqəli olduğu məlum olan PYD/YPG kimi asimmetrik hərbi gücə güvənilməməsinin lazım olduğu haqqında danışmağa başladılar. Regionda nizam yaratmaq üçün Türkiyə kimi ikinci ən böyük NATO gücünə, köklü dövlət strukturları olan sağlam bir demokratiyaya ehtiyac var.

ABŞ regionda “xilas etdim” dediyi yerlərdə böyük dağıntılara yol açdı. İndi də o dağıntıları ortadan qaldıra bilmir. Türkiyə isə hər bir əməliyyatı mümkün olan ən az dağıntı ilə həyata keçirdi, mülki əhalini də qorudu. Türkiyə əməliyyatlar bitdikdən sonra həmin bölgələrdə yenidənqurma fəaliyyətlərinə başladı, sosial həyatı da sürətlə bərpa etdi. Ona görə Türkiyənin bölgədə əhali arasında - PKK-ya yaxın olanlar istisna olmaqla - böyük nüfuzu var. Bu səbəblə Suriyada konstitusiyanın yazılması mərhələsində və ondan sonrakı yenidənqurma prosesində Türkiyənin aktiv iştirakı olmadan müvəffəqiyyətin əldə edilməsi mümkün deyil.

Türkiyənin Şimali Suriyadakı kürd əhali ilə bir problemi yoxdur. Bu, bir yana, bölgənin gənc kürdləri türklərin orada qurduğu universitetlərə gedir, xəstəxanalarda müalicə alır və qaçqınlara yanaşmasına görə türklərə rəğbət bəsləyirlər. Bu əhali əslində YPG-ni, onun marksist siyasətini istəmir.

Türkiyə YPG ünsürlərinin kürd əhalinin içindən ayrılaraq seçilə biləcəyini, bunun mümkün və həmən edilməsi lazım olan bir şey olduğunu düşünür.

ABŞ-ın Suriyadan nizamlı, koordinasiyalı və zamana yayılmış geri çəkilmə planının içinə yubadılmadan bu ayırma proqramı da daxil edilməlidir.

Türkiyənin milli təhlükəsizlik siyasəti terrorçu ünsürlərin öz sərhədinə yaxın bölgələrdən uzaqlaşdırılmasına söykənir. Əgər ABŞ, YPG/PYD ünsürlərini Türkiyə sərhəddindən 40 km-ə qədər cənuba çəkə bilərsə, onun keçirəcəyi əməliyyata ehtiyac da qalmaya bilər. Beləliklə, ABŞ-ın daha öncə təhlükəsizlik təminatı verdiyi YPG gücləri sərhəddən uzaqda yerləşən bir bölgəyə çəkilmiş olar və Türkiyə ilə əlaqələri kəsilər. Bu güc gələcəkdə İraqdakı ABŞ hərbi bazalarındakı güclərlə əlaqəli şəkildə cənubda İŞİD ünsürlərinə və İran milislərinə qarşı əməliyyatlar keçirmək üçün istifadə edilə bilər.

Bu proseslərə start verildikdə, daha öncə buna ilkin razılıq verən Putinlə Tramp arasında danışıqların olması və müəyyən bir mərhələdə hər iki liderlə dialoqu davam etdirən Ərdoğanın da bu prosesə daxil olması, bu üçlü zirvənin bölgəyə qalıcı nizam gətirməsi üçün çalışması təmin edilməlidir.




Bölməyə aid digər xəbərlər