Türkiyə böyük təhdid qarşısında; Tramp Ərdoğan iqtidarını iki yol ayrıcında qoyub
Tarix: 19-01-2019 19:26 | Bölmə: Slayd
Türkiyə böyük təhdid qarşısında; Tramp Ərdoğan iqtidarını iki yol ayrıcında qoyub

Türkiyə Suriya sərhəddinə əlavə 80 minlik ordu yeritsə də, hələ ki, PKK-nın törəməsi olan YPG/PYD qüvvələrinə qarşı hücum əməliyyatını həyata keçirə bilmir. Bu isə mart ayında Türkiyədə keçiriləcək yerli seçkilərə indeksləşmiş Ərdoğan iqtidarına ciddi gərginlik yaratmaqla yanaşı, qardaş ölkənin gələcəyi üçün təhlükə sayılır.

Reyting.az-ın məlumatına görə, hazırda ABŞ-ın YPG/PYD qüvvələrinin qorunmasına yönəlik dirənişi səbəbindən Türkiyə əməliyyatı təxirə salıb.

Bu barədə prezident Ərdoğan ABŞ prezidenti Trampla telefon danışığından sonra açıqlama verib. O, yanvarın 15-də Trampla Suriya ərazisində Türkiyəyə təhdid yarada biləcək qüvvələrin qarşısını almaq üçün 30 km-lik təhlükəsiz zolaq formalaşdırılması barədə razılığa gəldiklərini bəyan etməklə yanaşı, hücum əməliyyatını da mövcud siyasi basqılar səbəbindən qeyri-müəyyən müddətə təxirə saldıqlarını gizlətməyib.

Ərdoğanın buna qədər “Hər an Suriyaya girə bilərik”, - bəyanatı verməsindən sonra qəfil geri çəkilməsi isə səbəbsiz deyil.

Türkiyə böyük təhdid qarşısında; Tramp Ərdoğan iqtidarını iki yol ayrıcında qoyub

Xatırladaq ki, Ərdoğanın geri çəkilməsindən, daha dəqiqi, Menbiş də daxil olmaqla YPG/PYD-nin əlində olan ərazilərə hücumu təxirə salmasından bir gün sonra Donald Tramp sosial şəbəkədəki səhifəsində Türkiyəni sərt formada təhdid edib. Prezident qeyd edib ki, əgər ABŞ-ın maraqlarını nəzərə almadan əməliyyata başlayarsa, Türkiyənin iqtisadiyyatını çökdürəcəyik.

Məhz bu açıqlamadan sonra Ərdoğan Trampla telefon vasitəsi ilə müzakirə apardı. Səhəri gün, yəni yanvarın 15-də isə partiyasındakı toplantıda çıxış edərək, Trampın “İqtisadiyyatı çökdürəcəyik” mesajına belə münasibət bildirdi:

"Trampın sosial mediada verdiyi mesajlar məni üzdü. Dünən axşam onunla müsbət bir danışığımız oldu. Bizim tərəfimizdən Suriyada formalaşdırılacaq təhlükəsiz bir bölgə müəyyənləşdirdik. Tramp, mənimlə söhbətində bir daha Suriyadan çəkiləcəklərini dedi. Biz də bu səbəbdən, hərbi əməliyyatımızı təxirə saldıq. Trampla tarixi önəmi olan bir anlaşmaya nail olduğumuza inanıram".

Bu yerdə xatırladaq ki, yanvarın 6-da ABŞ prezidenti Donald Trampın müşaviri Con Boltonun İsraildə “Əgər türklər kürdlərin qorunması haqqında anlaşma imzalamasa, ABŞ Suriyadan geri çəkilməyəcək”,- bəyanatını verib. Məhz bu bəyanatdan iki gün sonra Türkiyəyə gələn Bolton burada həddən artıq soyuq qarşılanıb. Hətta Ərdoğan onunla nümayişkarənə şəkildə görüşməyərək, ABŞ-a sanki meydan oxumuşdu.

Bolton yalnız Ərdoğanın mətbuat katibi İbrahim Kalınla 2 saat 10 dəqiqə çəkən görüşdən sonra Türkiyəni tərk edib. Ancaq görüşdən dərhal sonra ABŞ dövlət katibi Mayk Pompeonun qəfil İraqa səfər etməsi, üstəlik, “Biz Suriyadakı ordumuzun 2 min nəfərini çıxaracağıq”,- deməsi göstərdi ki, tərəflərin anlaşması mümkünsüz hala gəlib. Və nəhayət, Trampın səbri çatmadı, onun hədəsi tərəflərin çıxılmaz yola girdiklərini təsdiqlədi.

Türk ekspertlər isə rahib Bransonun həbsindən sonra ABŞ-ın Türkiyə iqtisadiyyatını necə çalxalamasını yada salaraq, qeyd edirlər ki, Amerikanın ikinci belə bir həmləsi seçkiqabağı Ərdoğan iqtidarının nəinki belini qıra, hətta Türkiyə iqtisadiyyatını ən azı 10 il geri sala bilər:

“Unutmayaq ki, Trampın Türkiyənin iki nazirinə sanksiya qoymasından sonra türk lirəsi birdən birə təxminən 2 dəfə dəyər itirdi, xarici sərmayəçilər ölkəni sürətlə tərk etməyə başladı. Düzdür, həmin vaxt Ərdoğanın qətiyyəti və dost ölkələrin yardımı ilə bu problemin daha da dərinləşməsinin qarşısını müəyyən qədər almaq mümkün oldu. Lakin bu, ikinci belə bir həmlənin yaşanması, eyni tədbirlərin görülməsini təkrarlamağa təminat vermir. Ona görə də Ərdoğan indiki həssas məqamda ABŞ-la konfliktə getmək istəmədi. Əgər ABŞ-ın mövqeyini nəzərə almadan Suriyaya girilərdisə, o zaman bölgədə ikinci Əfqanıstana bənzər proses baş verə bilərdi. Eyni zamanda, belə bir vəziyyətdə yerli seçkiyə gedib, qələbə qazanmaq da çox çətin olar. Ərdoğan bu kimi faktorları nəzərə alıb, əməliyyatı təxirə salmaq məcburiyyətində qaldı” .

Türkiyə böyük təhdid qarşısında; Tramp Ərdoğan iqtidarını iki yol ayrıcında qoyub

Türkiyə mətbuatı yazır ki, bu ölkənin Suriyaya girib-girməyəcəyi, eyni zamanda, bölgədəki gələcək planların taleyi hazırda Ərdoğanın yanvarın 23-də Rusiya prezidenti Putinlə görüşündən asılıdır: “Əgər Ərdoğan Afrin, İdlib və digər bölgələrə hücumqabağı Rusiyanın razılığını aldığı kimi, bu dəfə də Menbiçlə bağlı Putinin müsbət rəyini alarsa, o zaman Türkiyə bölgədə qətiyyətli addım ata bilər. Ancaq güman ki, Putin də bunun qarşılığında Türkiyəyə ABŞ kimi yeni şərt irəli sürəcək”.

Türkiyə mətbuatı bu ölkənin Rusiyadan aldığı “S-400” raketlərindən imtinası qarşılığında Amerikanın “F-35” və “Patriot” raketlərini təklif etməsini xatırladarq, qeyd edir ki, Putin də Əroğandan həmin silahlardan imtina etməsini istəyə bilər: "Bir sözlə, Suriya bataqlığı Türkiyəni iki yol ayrıcına gətirib. Ərdoğan isə Türkiyənin gələcəyi baxımından hər iki dövlətlə bərabər formada münasibətləri saxlamaq, inkişaf etdirmək, yararlanmaq istəyir. Amma günü gündən iki nəhəng ölkə seçim şərtlərini artırır. Bu kimi basqılar isə Türkiyənin bölgədə atacağı addımı 100 dəfə ölçüb-biçmək məcburiyyəti ilə üz-üzə qoyub”.

Bəs proseslərin sonu necə ola bilər? Bəlkə, ABŞ və Rusiya ikili oyun oynamaqla, sovetlər dönəmində olduğu kimi, bu bölgəni yenə də öz aralarında bölmək niyyətindədir?

Bunu nəzərə alan mütəxəssislər deyir ki, Ərdoğanın Putinlə yanvarın 23-də keçirəcəyi görüşdən sonra bu suallara da aydınlıq gələcək. Bildirilir ki, Ərdoğan Putinlə görüşdə, əslində, bölgənin yenidən bölünməsində Türkiyənin də var olmasını göstərməklə yanaşı, həm də ABŞ-ın kürdlərlə bağlı məkrli planlarını əngəlləmək üçün birgə hərəkət etməyi istəyə bilər.

Elə “Habertürk”ün Vaşinqton təmsilçisi Sərdar Turqutun təhlili də bu istiqamətdədir. Onun Boltonun yanvarın 8-də Türkiyəyə səfəri zamanı Türkiyənin hansı bölgəyə hücum edə, yaxud edə bilməyəcəyi barədə iki “rəngli xəritə” (Həmin xəritələr bölgədəki real vəziyyət və faktiki bölünməsindən sonrakı forması ilə bağlı olub – red.) ilə gəlməsini də qabardaraq, maraqlı məqamlara toxunması ABŞ və Rusiyanın yeni həmləyə hazırlaşdıqları qənaətini gücləndirir. Bu isə Ərdoğanın Putinlə görüşünün əhəmiyyətini artırır.

Türkiyə böyük təhdid qarşısında; Tramp Ərdoğan iqtidarını iki yol ayrıcında qoyub

Oxucular üçün maraqlı olacağını nəzərə alıb, S. Turqutun məqaləsini qısa ixtisarla təqdim edirik:

Bir il öncə, 2018-ci ilin fevralında Vaşinqtonda Suriya kürdləri üçün ABŞ və Rusiya “dərin dövlət”lərinin zirvə görüşü keçirildi.

İndiki Xarici işlər naziri Pompeonun MKİ direktoru kimi təşkil etdiyi həmin zirvə görüşündə iştirak üçün ABŞ-ın qadağa qoyduğu Rusiyanın bütün kəşfiyyat xidmətlərinin rəhbərləri, birbaşa bu qadağanın müəllifi Vaşinqton tərəfindən MKİ-nin mərkəzi ofisinə gətirildilər.

Orada müzakirə edilən əsas məsələ Fəratın şərqində yaradılacaq yeni nizam və bu nizamda kürdlərin yeri idi.

Masada kürd məsələsi – keçmişdə Bərzaninin dağda, mağarada gizlənən atasını birbaşa özü ziyarət edəcək qədər yaxınlıq duyan Vitali Naumkinin hazırladığı böyük plan müzakirə edilirdi.

Professor Vitali Naumkin dünyada hörməti olan və Putinin Orta Şərq siyasətinə görə məsuliyyət daşıyan elm adamıdır.

ABŞ “dərin dövləti” bölgədə kürd dövləti qurma sevdasını, ən azı, 26 ildir davam etdirir.

Mənə üzərində aparılan işin davam etdiyi “regional kürd dövləti xəritəsi”ni Pentaqonun əməkdaşı olan Harold Rod hələ 1992-ci ildə göstərmişdi.

O zaman orada iştirak edən digər şəxslər PKK, Bərzani və Təlabaninin Vaşinqton təmsilçiləri idi. İndi düşünürəm ki, hazırda Vaşinqtonda yevangelistlərə yaxın bir neokon olaraq çalışmalarını davam etdirən Harold Rod kimi son dərəcə ağıllı bir insan, yəqin, mənim o xəritəni görməyimi xüsusi planlaşdırıbmış. Görünür, o zaman işlədiyim qəzetdə (“Hürriyet”) bunu yazıb bildirməyimi istəyib. Mən bunu həmən deyil, üstündən bir müddət keçəndən, baş verən hadisələri izlədikdən sonra yazmağı seçdim.

O xəritə uzun illər ərzində əldə tutuldu, ancaq indi Türkiyə sayəsində cırılaraq zibilliyə atıldı. Çünki o xəritədə Türkiyənin cənub sərhədləri boyunca gedərək, İraqdakı qurumla birləşəcək bir dövlət strukturu nəzərdə tutulurdu.

Prezident Ərdoğan bu oyunu pozdu. Türkiyə böyük bir təhlükəni dəf etdi.

Təqribən bir il öncə “dərin dövlət”lərin həmin zirvə görüşü keçirilərkən ABŞ artıq o xəritənin reallaşdırılmasının mümkün olmadığını bilirdi. Və yeni bir plan qurmağa ehtiyac vardı.

Bu planı amerikalılara Vitali Naumkin təqdim etdi. Onun özünün “Şimali İraq modeli”, amerikalıların isə “Qamışlı modeli” adını verdiyi plan həmin zirvə görüşündə müzakirə edildi.

ABŞ və Rusiya “dərin dövlət”ləri Türkiyənin sərhəd təhlükəsizliyi və milli təhlükəsizlik maraqlarına qətiyyən toxunulmaması ilə bağlı prinsipial anlaşma da əldə etdilər.

Naumkinin “Şimali İraq modeli”nə görə, Suriya kürdlərinə idarəçilik muxtariyyatı veriləcəksə, bu, sərhəddin, ən azı, 30 km cənubunda olmalıdır. Bu muxtar bölgənin ordusu olmayacaq və sərhədlərində Suriya bayrağı dalğalanacaq. Silahlı kürd qrupları gələcəkdə bu bölgə daxilində sadəcə, polis funksiyası yerinə yetirəcək. Dövlət idarələrində Suriya bayrağı olacaq və Suriyanın ərazi bütövlüyü pozulmayacaq. Suriya ordusu idarəçilik muxtariyyatı olan bölgəyə girməyəcək və birbaşa sərhəddə yerləşəcək.

Vitali Naumkin, ABŞ tərəfinin də qəbul etməyə meyl göstərdiyi bu böyük planı, bölgənin yeni reallığını ABŞ elitasına anlatmaq üçün “dərin dövlət”lərin zirvə görüşündən sonra Vaşinqtona gəldi. Corctaun Universitetində təşkil edilən, yalnız dəvətli şəxslərin qatıldığı yeməkli toplantıda Naumkin bu planı ABŞ-ın idarəedici təbəqələrinə anlatdı.

Yeri gəlmişkən, 1992-ci ildə Pentaqonda keçirilən, mənə xəritənin göstərildiyi o toplantıda iştirak edənlərdən biri də Barham Salih idi. Onun bu yaxın günlərdə İraq prezidenti olaraq Türkiyəyə ziyarətə gəlməsi həmin köhnə xəritənin necə yırtılıb atıldığının başqa bir göstəricisidir.

Naumkin çıxış etdikdən sonra Moskvaya uçdu. O uçduqdan sonra prezident Tramp, Putinə zəng etdi və onunla bu plan haqqında bir saat yarım danışdı.

Danışıq zamanı Türkiyənin milli təhlükəsizlik qayğılarına xüsusi önəm veriləcəyi və sərhəddində istəmədiyi strukturların olmaması ilə bağlı prinsipial anlaşma əldə edildi.

Deməli, Trampın ABŞ hərbçilərinin Suriyadan geri çəkilməsi haqqında verdiyi qərar da Putin üçün sürpriz ola bilməz. Çünki ötən il bunun olacağı və “Naumkin planı”nın tətbiq olnmasının lazım olduğu ilə əlaqədar anlaşma əldə edilmişdi.

İndi növbə Türkiyə, ABŞ və Rusiya arasında keçiriləcək üçlü zirvə görüşünə gəlir. Nümayəndə heyətləri arasında bu yöndə aparılan danışıqlar artıq çoxdan başlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər