İran böyük təhlükə ilə üz-üzədir - Ekspert
Tarix: 02-04-2025 00:03 | Bölmə: Slayd
İran böyük təhlükə ilə üz-üzədir

“Hazırda ABŞ-İran münasibətləri çox mürəkkəbdir. Prezident Donald Tramp hamını hədələyir, amma dediklərinin 50 faizini də icra etmir. Mən Kanada, Meksika, Panama, Qrelandiya, Danimarka və digərləri ilə bağlı söylədiklərini nəzərdə tuturam. Məsələn, Tramp Fələstini də hədələdi. Dedi ki, əsirləri qaytarmasalar onlara sarsıdıcı zərbə vuracaq. Amma Fələstindəki qruplar əsirləri qaytarmadı. Bundan sonra Tramp məsələni İsrailin üzərinə atdı və dediyini unutdu”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə ABŞ-nın İranın nüvə obyektlərini vura biləcəyinə dair Donald Trampın dediklərini şərh edərkən söyləyib.

A. İsazadə deyib ki, ABŞ-nın İranın nüvə obyektlərini vurub-vurmayacağını bilmir: “Ancaq ABŞ texniki baxımdan belə bir imkana malikdir. Yəni vurmaq üçün vasitələri var, lakin vurub-vurmayacağını deyə bilmərik. Eyni zamanda ABŞ İranda quru əməliyyatları keçirə bilməz, amma hansısa obyekti vurması mümkündür. Hələlik Vaşinqton Tehranı hədələyir, bu prosesdə İsrail tərəfi də hansısa formada iştirak edir. Məntiqlə hədələrdən sonra nələrsə olmalıdır”.


A. İsazadə

İsazadə əlavə edib ki, İran təhlükələrə qarşı hazırlaşır, həm də danışıqlara hazır olduğunu bildirir. Ekspertin fikrincə, İran danışıqları birbaşa aparmaq istəmir, vasitəçilərlə danışıqlar tələb edir: “Bu məsələdə Tehranı anlamaq olar. Zamanında İran nüvə proqramına dair beynəlxalq müqavilə imzalamışdı. Sonradan Donald Tramp bu müqavilədən çıxdı. İndisə deyir ki, gəl, yeni müqavilə imzalayaq. İran Trampa inanmır, ona görə də vasitəçilərin hesabına danışıqlara razı olduğunu bəyan edir. Buna baxmayaraq vəziyyət mürəkkəb olaraq qalır”.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər