Deputat: Prezidentin Kopengahen səfəri Azərbaycanın yüksək nüfuzunu göstərdi
Tarix: 03-10-2025 13:26 | Bölmə: Slayd
Deputat: Prezidentin Kopengahen səfəri Azərbaycanın yüksək nüfuzunu göstərdi

“Azərbaycan prezidenti İlham Əliyevin Kopengahen səfəri, “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə görüşündə iştirakı, müxtəlif dövlət rəhbərləri ilə ikitərəfli müzakirələrini çox yüksək qiymətləndirirəm. Azərbaycanın Avropa rəhbərləri, bu qitənin ən aparıcı ölkələri ilə münasibətləri yüksək səviyyədədir. Əvvəllər mövcud olmuş kiçik problemlər aradan qaldırılıb, ölkəmizin nüfuzu getdikcə artır. Bunu Azərbaycan liderinin səfəri və keçirdiyi görüşlər bir daha nümayiş etdirdi”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin üzvü Asim Mollazadə Azərbaycan prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin sammitində iştirak məqsədilə Kopengahenə səfəri və keçirdiyi fəal diplomatik təmaslardan danışarkən deyib.

“Azərbaycan Avropa İttifaqı, ümumilikdə Avropa qitəsi üçün strataeji əhəmiyyətli dövlətdir. Eyni zamanda Azərbaycan etibarlı tərəfdaş, sülh gündəliyi ilə çıxış edərək sülhə, bölgədə əmin-amanlığa böyük töhvə verən dövlət, habelə enerji təchizatını şaxələndirən, münasibətlərində dostluq və ikitərəfli hörmətə əsaslanan ölkə kimi qəbul edilir. Bütün bunlar Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində ortaya çıxıb. Bu baxımdan Azərbaycan prezidentinin Kopengahen səfərini çox yüksək qiymətləndirirəm”,-Mollazadə qeyd edib.

Deputat Azərbaycan liderinin Moldova və Ukrayna dövlət başçıları ilə Kopengahendə keçirdiyi görüşə də münasibət bildirib. Deyib ki, bu kimi təmaslar üçüncü ölkələrdə qıcıq və ya etirazla qarşılanmamalıdır:

“Şimal qonşumuz imperiyanı bərpa etmək kimi ağlasığmaz niyyətlə az qala dünyanı özünə düşmən edib. Azərbaycan isə hər zaman Ukraynaya humanitar yardım edib, ərazi bütövlüyünü tanıyır. Üstəlik, Moldovanın ərazi bütövlüyünü dəstəkləyir. Çünki bizim ərazilərimiz 30 il işğal altında olub. Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bir çox dövlət özünün anoloji problemini həll etmək üçün Azərbaycanın yolu ilə getmək haqqında düşünüb. Ən əsası budur ki, Azərbaycan bir dövlət olaraq hamı ilə dostluq, tərəfdaşlıq və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığa üstünlük verir”.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər