NATO ölkələrində gərginlik yaranıb
Tarix: 06-10-2025 10:38 | Bölmə: Slayd
NATO ölkələrində gərginlik yaranıb

Son həftələr Avropada qeyri-sabitlik hökm sürür. Hava limanlarının üzərində dronlar peyda olur, hava məkanı hava şarları tərəfindən pozulur və Baltik dənizində sirli gəmilər saxlanılır. Məsələn, “Pushpa” və “Boracay” adları ilə tanınan tanker daha əvvəl Danimarka hərbi bazaları üzərində pilotsuz təyyarələrin uçuşlarının qeydə alındığı ərazilərdə müşahidə edilib.

Reyting.az
“Times” nəşrinə istinadla xəbər verir ki, tankerlər dronların buraxılması üçün üzən platforma kimi xidmət etməkdə şübhəli bilinir və bu, daha böyük hadisələr zəncirinin bir halqasıdır.

Sentyabrın 9-na keçən gecə Rusiyaya məxsus olduğu iddia edilən ən azı 20 dron Polşanın hava məkanını pozduğundan, demək olar, bölgədə hər gün həyəcan təbili çalınır. Onlar ən azı yeddi NATO ölkəsində onlarla hava limanına və hərbi obyektlərə təsir göstəriblər. Bunlar yalnız ictimaiyyətə məlum olanlardır.

Dronlara qarşı mübarizədə ixtisaslaşan, həbsxanalar, dövlət qurumları, elektrik stansiyaları və əlli hava limanı ilə işləyən Amerika şirkəti “Dedrone” bu il dünya üzrə bir milyondan çox hava məkanı pozuntusu qeydə alıb. Bu hadisələrin böyük əksəriyyəti Çin istehsalçısı DJI-nin hobbi pilotsuz təyyarələri ilə əlaqəli olsa da, şirkət adi radio texnologiyasından istifadə edərək izləmək daha çətin olan evdə hazırlanmış dronların istifadəsinin artdığını qeyd edib. Bu problemin miqyası və ciddiliyi yalnız indi üzə çıxmağa başlayır.

KİV-lər yazırlar ki, hansı insidentlərin Rusiya və ya digər dövlətlər tərəfindən təşkil olunduğunu, hansının isə sadəcə, səhv və ya təxribat olduğunu tez bir zamanda müəyyən etmək çox çətindir. Məsələn, ötən cümə günü Frankfurt hava limanı yaxınlığında yeni pilotsuz təyyarəni sınaqdan keçirmək istədiyini iddia edən bir alman saxlanılıb.

Britaniya Müdafiə Nazirliyinin keçmiş rəsmisi Fil Maylzın fikrincə, düşmən dövlətlər tez-tez bu cür əməliyyatları yerli cinayətkarlara həvalə edərək inandırıcı inkarçılıq illüziyası yaradırlar.

“Texnologiya inkişaf etdikcə bu cür hadisələr daha tez-tez baş verəcək. Onların qarşısını almaq və konkret mənbələrə aid etmək getdikcə çətinləşəcək”,- F. Maylz deyib.

Adının açıqlanmasını istəməyən keçmiş müdafiə rəsmisi isə qeyd edib ki, Rusiya və Çin artıq Qərbin təhlükəsizlik sistemlərində yurisdiksiya ilə bağlı qeyri-müəyyənlik və cinayət məsuliyyəti həddi kimi zəif cəhətlərdən istifadə etmək üçün mürəkkəb metodlar hazırlayıblar. O, əlavə edib ki, bəzi hallarda hakimiyyət “əlini göstərməmək” üçün qəti addımlar atmaqdan, yəni daha ciddi vəziyyətdə hansı tədbirlərdən istifadə edəcəklərini açıqlamaqdan çəkinir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər