Yas mərasimlərində israfçılığa qarşı çağırış: Gəncədə sadələşdirmə təşəbbüsü dəstəklənir
Tarix: 05-02-2026 19:34 | Bölmə: Slayd

Yas mərasimlərində israfçılığa qarşı çağırış: Gəncədə sadələşdirmə təşəbbüsü dəstəklənir

Son zamanlar Azərbaycanın bir sıra rayon və kəndlərində yas mərasimləri zamanı çox xərc tələb edən ehsan süfrələrinin açılmasının qarşısını almaq məqsədilə tövsiyələr irəli sürülür. Yerli əhali bildirir ki, bu cür mərasimlər həm əzizini itirmiş ailələr üçün ciddi maddi yük yaradır, həm də israfçılığa səbəb olur. Bu səbəbdən də vətəndaşlar yas mərasimlərində yemək verilməsinə dair müəyyən məhdudiyyətlərin tətbiqini məqbul sayır, hətta bununla bağlı aidiyyəti qurumlara müraciətlər edirlər.

Reyting.az xatırladır ki, belə məhdudiyyətlər bir müddət əvvəl Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir və Naxçıvanın bəzi ərazilərində tətbiq olunmağa başlanıb. Əhaliyə yas mərasimlərində yalnız çay süfrəsi ilə kifayətlənmək tövsiyə edilir.

Reyting.az xəbər verir ki, tövsiyə xarakteri daşıyan oxşar müraciəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gəncə bölgəsi üzrə qazisi, “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasov da Gəncə şəhər ictimaiyyətinə ünvanlayıb.

Hacı Tahir Abbasov sakinlərə, din xadimlərinə, yerli icra hakimiyyəti nümayəndələrinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə və fərdi sahibkarlara müraciət edərək yas mərasimlərinin sadələşdirilməsini tövsiyə edib. Onun sözlərinə görə, QMİ-nin Qazılar Şurası tərəfindən də dəfələrlə tövsiyə olunmuş bu təşəbbüs cəmiyyət üçün böyük əhəmiyyət daşıyır və həm dini, həm də sosial baxımdan mühüm məsələdir.

Din xadimi qeyd edib ki, ölkənin müxtəlif bölgələrində ziyalıların, ağsaqqalların və din xadimlərinin dəstəyi ilə bu istiqamətdə təqdirəlayiq addımlar atılır.

Hacı Tahir Abbasov müraciətində bildirib:

“İslam dini hər zaman sadəliyi və təvazökarlığı təşviq etmiş, israfçılığı isə qətiyyətlə qadağan etmişdir. Uca Allah Qurani-Kərimdə buyurur: “İsraf etməyin, çünki Allah israf edənləri sevməz”. Peyğəmbərimiz (s.ə.s) də hədislərində möminləri hər cür təmtəraqdan uzaq durmağa çağırmışdır.

Yas mərasimlərinin əsas mahiyyəti mərhumun ruhuna dualar oxumaq, onun üçün bağışlanma diləmək və yas sahiblərinə mənəvi dəstək olmaqdır. Təəssüf ki, bəzən bu müqəddəs mərasimlər maddi göstəricilərin, israfçılığın və bidətlərin kölgəsində qalır, yas sahiblərinin üzərinə ağır iqtisadi yük qoyur. Bu təşəbbüs məhz bu cür xoşagəlməz halların qarşısını almaq və yas mərasimlərini ilkin mənəvi mahiyyətinə qaytarmaq məqsədi daşıyır.

Respublikamızın digər şəhər və rayonlarında artıq bu sadələşdirmə qaydaları tətbiq olunur və müsbət nəticələr verməkdədir. Bu, həm yas sahiblərinin maddi yükünü azaldır, həm də cəmiyyətdə sosial bərabərliyi gücləndirir və dini dəyərlərə daha dərindən riayət etməyə şərait yaradır”.

Hacı Tahir Abbasov 

Din xadimi təəssüflə qeyd edib ki, hələ də bəzi ərazilərdə israfçılıqla müşayiət olunan ənənəvi ehsan məclisləri davam edir:

“Bu müraciətimin əsas məqsədi məhz bu halların aradan qaldırılması və yas mərasimlərinin bütün region üzrə tam şəkildə sadələşdirilməsidir. Qeyd etmək istərdim ki, təklif etdiyimiz sadələşdirmə təşəbbüsü yalnız evlərdə keçirilən yas mərasimlərinə aiddir. “El mərasimləri” adlandırılan imam ehsanları, Ramazan ayında açılan iftar süfrələri, Qurban bayramında qurbanlıq ətlərin paylanması və digər xeyir işlər bu təşəbbüsün əhatə dairəsinə daxil deyil. Əksinə, bu cür mərasimlər cəmiyyətimizin birliyini və həmrəyliyini gücləndirən savab əməllərdir. Belə əməllərin sayını artırmaq, kasıb ailələrə əl tutmaq, ehtiyacı olanlara, kimsəsiz və xəstə şəxslərə, yetimlərə kömək etmək, onlara ehsan göndərmək vacib əməldir. Bizim məqsədimiz yalnız yas mərasimlərindəki israfçılığa son qoymaqdır”.

Hacı Tahir Abbasov vurğulayıb ki, bu məsələdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür:

“Minbərlərdən və məclislərdən istifadə edərək insanları israfçılıqdan çəkindirməli, onları dinimizin əsl mahiyyətinə qayıtmağa çağırmalıyıq. Din xadimlərinin vahid mövqeyi və birgə fəaliyyəti bu prosesin uğurunu təmin edəcək. İnanıram ki, bu müraciətdən sonra hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək və regionumuzda yas mərasimlərinin sadələşdirilməsi təşəbbüsü tam şəkildə həyata keçiriləcək. Bu, həm dünyəvi, həm də axirət baxımından xeyirli bir əməldir”.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər