09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Ələkbərov qardaşları İsmayıllıda yenidən gərginlik yaradıb
Tarix: 11-09-2016 16:28 | Bölmə: Slayd

2013-cü ilin yanvar ayının 23-də İsmayıllı şəhərində baş verən insident böyüyərək "Çıraq" otelin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi aksiyaya çevrildi. Sonda bu hadisə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun vəzifədən kənarlaşdırılması ilə nəticələndi.

Bu da gözlənilən idi. Çünki İsmayıllı sakinlərinin qəzəbinə səbəb olan şəxslər icra başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərov və qardaşı oğlu Vüqar Ələkbərov (keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun övladı) idi.

Bu hadisədən sonra Füzuli və Nizami Ələkbərov qardaşlarının İsmayıllıdan birdəfəlik əl çəkəcəyi güman edilsə də, Reyting.az-a daxil olan məlumatlar bunun əksini göstərir.

 

Sakinlərin iddiasına görə, Nizami Ələkbərov icra başçısı işləyən zaman İsmayıllı rayonunun gözəl mənzərəsi olan yerlərindəki torpaq sahələrini özünün və qardaşının güvəndiyi şəxslərin adına keçirib. İndi isə rayonda aranın sakitləşdiyini düşünən Füzuli və Nizami Ələkbərov qardaşları həmin torpaqlardan istifadə etmək qərarına gəliblər. Bu zaman aydın olub ki, N.Ələkbərov icra başçısı olarkən səlahiyyətindən sui-istifadə edərək İsmayıllı rayonunun Qalacıq kəndi ətrafındakı örüş və meşə fonduna aid torpaqları da özününkülərin adına keçirməyi bacarıb.

Reyting.az-ın məlumatına görə, Füzuli və Nizami Ələkbərov qardaşlarının tapşırığı ilə bu ərazilərin hasarlanması Qalacıq kəndində ciddi narazılığa səbəb olub. Kənd sakinləri örüş sahəsinin və meşə fonduna aid torpaqların qanunsuz hasarlanacağına imkan verməyəcəklərini bildiriblər.

Məlumatda qeyd edilir ki, vəziyyətin gərginləşdiyini görən İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqovun prosesə müdaxiləsindən sonra Ələkbərov qardaşları hasarlamanın müvəqqəti dayandırılması ilə bağlı tapşırıq veriblər.

 

Məlumatlı şəxslərin sözlərinə görə, Qalacıq kəndinin ətrafındakı meşə ərazilərinin zəbt edilməsinə Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun göz yumması sakinlərdə şübhə yaradıb. Güman edilir ki, bu, H.Bağırovla F.Ələkbərov arasındakı hansısa "sövdələşmə"nin nəticəsidir.

Sakinlər qeyd ediblər ki, Mirdamət Sadıqov müvəqqəti olaraq bu məsələni dondursa da, Qalacıq kəndi ilə bağlı problem həllini tapmayıb. Bu isə o deməkdir ki, Ələkbərov qardaşlarının inadkarlığı İsmayıllıda ikinci qarşıdurmanın əsasını qoya bilər.

 

Reyting.az





Bölməyə aid digər xəbərlər