











Tarix: 16-09-2016 12:50 | Bölmə: Slayd
Azərbaycan Qılıncoynatma Federasiyasında idmançılar və məşqçi heyəti 15 aydır maaş üzünə həsrət qalıb. Qurumdan pullarını ala bilməyən qılıncoynadanlar bunun üçün aidiyyatı orqanlara şikayət ərizəsi yazmaq məcburiyyətində qalıblar.
Məlumata görə, idmançıların problemini həll etməyə çalışan vitse-prezident Yaşar Məmmədovla rəhbərlik arasında ciddi mübahisələr də olub. Y.Məmmədov məsələnin böyüməməsi üçün rəhbərliklə danışıqlar aparmaq və maaşların ən azı bir qisminin verilməsini təmin etmək istəsə də, digər rəhbər şəxslər onunla razılaşmayıb və qalmaqal böyüyüb.
Məlumatda bildirilir ki, problem həll olunmayacağı təqdirdə AQF-nin tanınmış üzvləri və legionerləri başqa ölkə adına mübarizə aparmaq üçün qurumu tərk edəcəklər.
Reyting.az-ın xəbərinə görə, Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) vitse-prezidenti Yaşar Məmmədov AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib:
"Qılıncoynadanlarımız 15 ay yarımdır ki, maaş almırlar. Ötən ilin may ayından etibarən heç kimə bir qəpik verilməyib”.
Y.Məmmədov deyib ki, rəhbərliklə arasında problem yaranması da doğrudur:
"Həm də bu, çox böyük problemdir... Nazim İbrahimov aylardır deyir ki, 1-2 günə düzələcək. İndi də deyirlər maaş ayın 21-də olacaq. Biz də indi deyirik, bu qədər gözləmişik, 21-nə qədər də gözləyək…”.
Vitse-prezident bildirib ki, problemləri həll edilməsə, ölkə başçısı İlham Əliyevə məktub yazıb, qəbuluna düşməyi xahiş edəcək.
Y.Məmmədov məşqçi Asəf Məlikovun Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məktub yazdığını da qeyd edib.
Məlumat üçün bildirək ki, Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbəri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur.
Xatırladaq ki, Azərbaycan Ağır Atletika, Otüstü Hokkey, Milli Karate və Voleybol federasiyaları da maaş problemi ilə üzləşiblər.
Bölməyə aid digər xəbərlər