











Tarix: 16-09-2016 15:19 | Bölmə: Slayd
Son vaxtlar ölkədə inflyasiyaya təsir edən bir sıra daxili və xarici amillərdəki dəyişiklikləri nəzərə alaraq əlavə anti-inflyasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb. Bu səbəbdən də Azərbaycan Mərkəzi Bankı (AMB) müəyyən addımlar atmaq məcburiyyətində qalıb.
Bankdan verilən məlumata görə, bu istiqamətdə mühüm addımlardan biri kimi kəskin məzənnə tərəddüdlərini tənzimləmək, bununla da valyuta bazarında gözləntilərə və tarazlığa təsir etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu və AMB valyuta hərraclarında xarici valyutanın təklifini əhəmiyyətli artırıb. Eyni zamanda makroiqtisadi proqnozları, tədiyə balansında və valyuta bazarındakı meylləri nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini də dəyişib.
Mərkəzi Bankın İdarə Heyəti 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12 faiz, yuxarı həddini 18 faiz, uçot dərəcəsini isə 15 faiz səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 8 avqust 2016-cı il tarixində verilən qərara əsasən, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı hədlərini dəyişməz saxlamaqla uçot dərəcəsi 9,5 faiz səviyyəsinə qaldırılıb.
Tanınmış iqtisadçı Vüqar Bayramov məsələ ilə bağlı "Reytinq"ə deyib ki, Mərkəzi Bankın uçot stavkasını kəskin yüksəltməsi manatla yığımları artırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, bu, milli valyuta ilə yığımlara daha çox dividend ödənişi deməkdir: "Amma baş bank daha bahalı mərkəzləşdirilmiş kreditlər də təklif edəcək. Bu, eyni zamanda, qorunan əmanətlərdə sığortalanan faiz dərəcələrinin dəyişdirilməsini bir daha aktuallaşdırıb. Dollar ilə cəmi 3, milli valyuatada yalnız 12 faizədək divident təklif edən əmanətlərin sığortalanması banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artırmaqla yanaşı, onların geri ödənilməsini praktik olaraq mümkünsüz edir. Bu, manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artırmaqla yanaşı, onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına gətirib çıxara bilər. İstehlak vəmikrokreditlərin maksimum faiz dərəcələri uyğun olaraq 29 və 25 faiz olaraq məhdudlaşdırıldığı üçün bu təklifin qəbul edilməsi kredit faizlərinin yüksəlməsinə səbəb olmayacaq, sadəcə, əhalinin daha çox əmanətlərinin dövlət tərəfindən qorunmasına imkan verəcək".
İqtisadçı Samir Əliyev isə bunun gözlənilən olduğunu deyib. Onun qənaətincə, Mərkəzi Bankın uçot dərəcələrini qaldırması, bu səviyyədə olmasa da, gözlənilən idi: "Sonuncu avqust artımından sonra ekspertlər uçot dərəcələrinin mərhələli şəkildə qaldırılacağını qeyd etmişdi. Ancaq uçot dərəcəsinin birdən-birə 9,5 faizdən 15 faizə qaldırılması vəziyyətin mürəkkəbliyindən xəbər verir".
S.Əliyev hesab edir ki, Mərkəzi Bankın, əslində, gecikmiş bu addımı ölkədə inflyasiya təzyiqinin getdikcə artdığını göstərir: "Mərkəzi Bank uzun müddət pul kütləsini azaltmaq hesabına inflyasiyanı və devalvasiyanı nəzarətdə saxlamağa çalışsa da, bu alət kifayət etmir. Həm də pul kütləsini uzun müddət bu səviyyədə saxlamaq ölkənin pulla təminatını pisləşdirir, biznesin pula çıxışını məhdudlaşdırır”.
S.Əliyevin fikrincə, Mərkəzi Bank uçot dərəcəsini 5,5 faiz bəndi artırmaqla, mövcud olan və qarşıda daha kəskin gözlənilən inflyasiya səviyyəsini cilovlamaq mzqsədini güdür. Eyni zamanda, güman etmək olar ki, Mərkəzi Bank biznesə dəstək məqsədilə manat kütləsini artırmaq niyyətindədir.
Reyting.az
Bölməyə aid digər xəbərlər