09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Dövlət büdcəsi təhlükə qarşısındadır; Daxilolmların azalması ölkəni defolt riski ilə üzləşdirib
Tarix: 20-09-2016 11:24 | Bölmə: Slayd


Azərbaycan böhran dönəminə qədəm qoyandan bəri iqtisadi problemlər getdikcə dərinləşir. Devalvasiya və onun ardınca gələn iqtisadi kataklizmlər artıq dövlət büdcəsini də təhlükəli vəziyyətlə üzləşdirib.

Hökumət nümayəndələri israrla böhranın Azərbaycana ciddi təsirinin olmadığını bildirsələr də, bu ilin büdcəsində ciddi kəsir yaranıb. Cari ilin 8 ayında Azərbaycanın dövlət büdcəsinə 8 milyard 281 milyon manat vəsait daxil olub, büdcədən 9 milyard 348 milyon manat vəsait xərclənib.

Maliyyə Nazirliyinin məlumatına görə, büdcənin icrasında yaranmış 1 milyard 67 milyon manatlıq kəsir ümumi daxili məhsulun (ÜDM) 2,8 faizi səviyyəsində olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 7 milyard 7,5 milyon manat, xərcləri 8 milyard 193,5 milyon manat təşkil edib. Büdcənin icrasında 1 milyard 186 milyon manatlıq və ya ÜDM-in 3,7 faizi qədər kəsir yaranıb. Bununla da büdcə kəsirinin həcmi aylıq müqayisədə 10 faizi, ÜDM-ə nisbəti isə 0,9 faiz bəndi azalıb.

Ekspertlər hesab edirlər ki, bir milyarddan çox kəsirin yaranması ciddi siqnaldır. Hesablamalara görə, böhranın daha da dərinləşməsi qarşıdakı dövrdə kəsirin daha böyük məbləğdə olma riskini artırır. Bu zaman sosial ödənişlərin, büdcə təşkilatları işçilərinin əmək haqlarının ödənilməsində gecikmələrin yaranması da qaçılmaz ola bilər. Bu səbəbdən də büdcə kəsirinin həcminin böyüməsi ciddi təhdid kimi qəbul olunur. Elə buna görə də müstəqil iqtisadçılar hesab edirlər ki, 20 milyardlıq büdcənin 1 mirlyarddan çox kəsirinin olması hökuməti narahat etməlidir.


Reyting.az saytının xəbərinə görə, iqtisadçı Nemət Əliyev deyib ki, hökumət dövlət büdcəsinin icrasında yol verdiyi böyük kəsirə görə izahat verməlidir. Onun qənaətincə, hesabatlılıq olmadıqca arxayınlıq və məsuliyyətsizlik daha da böyüyür, bunun əziyyətini isə xalq çəkir:

"Cari ilin yanvar-avqust aylarında dövlət büdcəsindən maliyyələşmə hesabına görülməli işlərin 3 milyard manatlıq hissəsi icra olunmayıb. Əgər bu müddətdə 12,3 milyard manatlıq iş və xidmətlər həyata keçirilməliydisə, bunun faktiki olaraq 9,3 milyard manatlıq hissəsi yerinə yetirilib. Burada kəsir 24 faizdən çoxdur.

İlin ilk 8 aylıq dövründə dövlət büdcəsinə faktiki olaraq 8,3 milyard manat maliyyə vəsaiti toplanıb. Halbuki büdcə qanununa görə 11,2 milyard toplanmalıydı. Yəni büdcəyə 2,9 milyard az vəsait daxil olub. 26 faizə yaxın kəsir də burada əmələ gəlib".

İqtisadçı bildirib ki, vəzifə və öhdəliklərin yerinə yetirilməməsi ilk növbədə ölkədə iqtisadi fəallığa zərbə vurur. İqtisadiyyata dəyən zərbələr isə gəlirlərin azalması, iş yerlərinin itirilməsi, bir sözlə, sosial problemlərin böyüməsi ilə nəticələnir.


İqtisadçı başqa bir məsələyə də diqqət çəkib. O bildirib ki, Mərkəzi Bankın yarıtmaz məzənnə siyasəti ucbatından son ay yarımda xarici valyuta ilə kredit borcu olanların borc yükü yarım milyarddan çox artıb. Avqustun 1-nə olan məlumata görə, kredit təşkilatlarından xarici valyuta ilə alınmış kredit borcu 5,1 milyard dollardır, lakin sonrakı bir ay 15 gündə manat daha da ucuzlaşıb və bu üzdən kredit borcu olanların borc yükü əlavə olaraq 267 milyon manat artıb:

"Bu, Mərkəzi Bankın rəsmi məzənnəsinə nəzərən aparılan hesablamalara görə belədir. Əgər "1 dollar = 1,7 manat" məzənnəsi ilə hesablasaq, borcluların borc yükünün 585 milyon manat artması məlum olacaq. Ay yarımlıq yüksək faiz məbləğlərini də nəzərə alsaq, o zaman borc yükünün daha çox artması məlum olar. Beləliklə, Mərkəzi Bankın məzənnə siyasəti xarici valyutada kredit borcu olanların əməlli-başlı var-yoxdan çıxarılmasına səbəb olub".

Müsahibimiz onu da qeyd edib ki, xarici ölkələrlə həyata keçirilmiş ümumi iqtisadi fəaliyyətdən valyuta itkilərimiz sürətlə artmaqda davam edir. Onun sözlərinə görə, Mərkəzi Bankın açıqladığı rəsmi məlumatlardan məlum olub ki, bu ilin 6 aylıq Tədiyyə Balansında (Ödəniş Balansında) 802 milyon dollar məbləğində kəsir yaranıb:

"Qeyri-neft-qaz sektoru üzrə həyata keçirilmiş 6 aylıq iqtisadi fəaliyyətdən 2,8 milyard dollar həcmində valyuta itkimiz olub. O cümlədən, həyata keçirilmiş ölkələrarası "xidmət"lər üzrə 1,8 milyard, "əmək haqqı, divident, faiz və digər bu tip hesablaşmalar" üzrə 1 milyard dollar məbləğində itki əmələ gəlib. Neft-qaz sektoru üzrə həyata keçirilmiş əməliyyatlardan qazanılan 2 milyardlıq valyuta itirdiklərimizi kompensasiya etməyə yetməyib".

İqtisadçı xatırladıb ki, 1-ci rübdə Tədiyyə Balansının kəsiri 432 milyon dollar olub: "Deməli, sonrakı 3 ayda kəsirin həcmi 2 dəfəyə yaxın böyüyüb. Bu müddətdə ölkənin ehtiyat aktivləri 1,3 milyarda yaxın azalıb. Əgər valyuta qazancını artıran, yəni ixrac yönümlü fəaliyyətə təkan verən real tədbirlər alınmazsa, konkret halda qeyri-neft sektorunun inkişafı yolunda olan maneələr götürülməzsə, ölkəmizin itkiləri daha da böyüyəcək".

N.Əliyev onu da vurğulayıb ki, vəziyyətin bu şəkildə davam etməsi təhlükəlidir. Ekspert hesab edir ki, əhalini yüksək faizlərlə yükləmiş banklar ölkə iqtisadiyyatının çökdürülməsində əməlli-başlı rol alıblar:

"Kredit resursları banklar tərəfindən sürətlə geri çəkilir və bu hesaba iqtisadiyyatda böyük bir maliyyə boşluğu yaradılıb. Boşluğun yeri isə doldurulmur. Proses davamlı xarakter aldığına görə iqtisadi çöküş də sürətlənib. Bankların batması ilə müşayiət olunan bu çöküş çoxlarını zərbə altında qoyacaq.

Yalnız iyul ayında banklar 1 milyard 683 milyon manatdan çox krediti ölkə iqtisadiyyatından geri çəkib. Bu, bir ayda 9,4 faiz azalma deməkdir. İlin əvvəli ilə müqayisədə bank kreditləri 5 milyard manata yaxın azalıb. Avqustun əvvəlinə olan rəsmi məzənnə hesabı ilə hesablayanda, məlum olur ki, bank kreditlərinin ümumi həcmi 10 milyard dollara düşüb. Halbuki, 2015-ci ilin əvvəlində bu məbləğ 23 milyard dollardan çox olmuşdu. Deməli, bu göstərici üzrə 2,3 dəfə azalma baş verib və ötən 1 il 7 ayda iqtisadiyyatda 13 milyard dollar həcmində kredit boşluğu yaranıb".

Reyting.az

 





Bölməyə aid digər xəbərlər