09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
İdarə rəisi dul qadından 10 min manat istəyir
Tarix: 20-09-2016 16:26 | Bölmə: Slayd


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bəzi yerli təşkilatlarının vəzifəli şəxsləri ciddi qanun pozuntularına yol verirlər.

Buna misal kimi Ağcabədi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Əhmədov soyadlı əməkdaşının rayonun 1000 nəfərdən çox sakinini ünvanlı sosial yardım düzəltmək adı ilə aldadaraq 250 min manatdan artıq pul alıb mənimsəməsini göstərmək olar.

Laçın Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Arif Feyzullayev isə Ağcabədi rayon sakini Bulud Quliyevdən nazirlikdən gəlmiş yoxlamanı "yola salmaq" üçün 5000 dollar borc alıb, bunun müqabilində borc kağızı yazaraq, üstəlik, Mərkəzin möhrü ilə təsdiqləsə də, indi həmin borcu qaytarmır.

Səs-küylü qanunsuzluqlardan biri də Ağdam rayonunda baş verib.

Rayondan redaksiyamıza verilən məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilən Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin müdiri Novruz Hacıyev rayonun Zəngişalı kənd sakini Nərgiz İmanovaya qarşı şərəf və ləyaqətin qorunması, mənəvi zərərin ödənilməsi iddiası ilə məhkəməyə müraciət edib.

Buna səbəb Dövlət Sosial Müdafiə Fondu ləğv edilməzdən əvvəl bu qurumun Ağdam rayon şöbəsinə övladına pensiya kəsilməsi üçün müraciət edən Nərgiz İmanovanın üzləşdiyi problemlər və şöbə müdiri Novruz Hacıyev haqqında mətbuatda dərc olunan tənqidi materialların təsiri altında bir sıra qurumlara şikayət ərizəsi ilə müraciət etməsidir.

Qeyd edək ki, şöbə müdiri Novruz Hacıyevin fəaliyyəti ilə bağlı mediada bu günə kimi çoxsaylı tənqidi məqalələr yer alıb. Buna əmin olmaq üçün internetdə axtarış vermək kifayət edər. Buna məhəl qoymayan Novruz Hacıyev isə Nərgiz İmanovanın şikayət ərizəsində yazılanları özünə təhqir sayaraq məhkəməyə müraciət edib.

Ağdam rayonunun cəbhəyanı kəndində yaşayan N.İmanova həm də bələdiyyə üzvüdür. Onun hətta bir müddət bu quruma rəhbərlik etdiyi də bildirilir.

Reyting.az-ın məlumatına görə, N.İmanova həyatda böyük faciələrlə üzləşib. Həyat yoldaşını və iki övladından birini itirib. Yeganə övladı isə xroniki xəstəlikdən əziyyət çəkir. Dövlət Sosial Müdafiə Fondu ləğv edilməzdən əvvəl bu qurumun Ağdam rayon şöbəsinə də məhz, həmin övladına pensiya kəsilməsi üçün müraciət edibmiş.

Faciələrlə üzləşmiş, bu gün də erməni işğalçılarının tez-tez atəşə məruz qoyduğu kənddə yaşayan Nərgiz xanım DSMF-nin Ağdam rayon şöbəsində gördüyü ögey münasibətin təsiri ilə şöbə rəisi N.Hacıyevlə bağlı bir sıra dövlət orqanlarına şikayət edib. N.Hacıyev isə buna görə N.İmanovadan 10 min manat təzminat tələb edir.

N.Hacıyevin dul qadına məhkəmə iddiası qaldırmaq istəyindən isə həm Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov, həm də Əmək və əhalinin sosila müdafiəsi naziri Səlim Müslümov məlumatlı olublar.

Ağdam rayonundan daxil olan məlumata görə, N.Hacıyevin N.İmanovaya qarşı məhkəmə iddiası hətta icra başçısının yanında keçirilən iclasda müzakirə olunaraq, dəstəklənib. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyini qazanan şöbə müdiri dul qadına qarşı məhkəmə davası açıb. Hazırda iddia ərizəsi Ağdam Rayon Məhkəməsində araşdırılır.

Məlumatda bildirilir ki, məhkəmə qarşıdurması Ağdam rayonunda gərginlik yaradıb. Bunun bir səbəbi mentalitelə bağlı olsa da, digər səbəbi Novruz Hacıyevin Ağdamın icra başçısı Raqub Məmmədovun həmkəndlisi olması və bu səbəbdən dəstəklənməsi göstərilir.

Məsələnin digər tərəfinə gəlincə, maddi baxımdan imkansız olan dul qadına qarşı məhkəmə davasını sosial sahəyə cavabdeh nazirliyin vəzifəli əmkdaşının açmasıdır. Halbuki, hələ bu günə kimi heç bir nazirliyin və ya dövlət komitəsinin yerli təşkilat rəhbəri Ağdam rayonunda belə bir iddia qaldırmayıb. İddialara görə, bir-iki dəfə buna oxşar cəhdlər olsa da, adlarını çəkmək istəmədiyimiz nazirlər buna yol verməyiblər.

N.Hacıyevin dul qadından 10 min manat tələbini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə razılaşdırması isə Ağdam sakinlərində S.Müslümov haqqında mənfi rəy yaradıb.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər