











Tarix: 27-09-2016 14:41 | Bölmə: Slayd
Aprel hadisələrindən sonra Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla nizamlanması istiqamətində başlayan danışıqlar hazırda fərqli məcrada inkişaf edir. Daha doğrusu, Ermənistan tərəfi yenə də münaqişənin sülh yolu ilə həlli variantından yayınır və sülh danışıqlarının prinsiplərinə zidd addımlar atır.
İrəvanda bir neçə gün öncə Rusiya ilə birgə düzənlənən hərbi parad, onun ardınca işğal altındakı Ağdam rayonunda başlanan "hərbi təlim" şousu da buna nümanə sayıla bilər. Bundan öncə də Ermənistan prezidenti Sarkisyanın Dağlıq Qarabağla bağlı verdiyi sərsəm bəyanat diplomatik prosesə ciddi zərbə vurub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın yenə də danışıqlara xələl gətirmək üçün destruktiv və təxribatçı siyasət yürütdüyünü bildirib. E.Məmmədyarov deyib ki, Ermənistanın işğal olunmuş Ağdam rayonunda başladığı hərbi məşq və təlimlər danışıqlar prosesini pozmağa yönəlmiş ciddi təxribatdır.
Sözsüz ki, erməni tərəfinin son günlər tutduğu mövqe və sərgilədiyi özündənrazı gediş cavabsız qalmayıb. Belə ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun generalları toplayaraq, konkret tapşırıqlar verməsi qarşı tərəfə cavab idi. Yəni, nazirin əmri o anlama gəlir ki, bundan sonra nəinki Qarabağdakı erməni qüvvələrinin baza və obyektləri, həmçinin bütün Ermənistan ərazisindəki strateji və hərbi təyinatlı obyektlər Azərbaycan kəşfiyyatının diqqət mərkəzində olacaq, raketlər bu obyektlərə tuşlanacaq.
Bunu Dağlıq Qarabağ ətrafında yaranan yeni hərbi-siyasi durumun diktəsindən dolayı rəsmi Bakının Qarabağla bağlı hərbi taktikasına düzəlişi kimi də qəbul eləmək olar. Görünən odur ki, hazırda süstlük olsa da, Qarabağ cəbhəsində hər han gərginlik baş qaldıra bilər.
Hazırda passiv mövqeyə çəkilən və bu regionun əsas söz sahibi sayılan Rusiyanın növbəti gərginlik zamanı nələr edəcəyini proqnozlaşdırmaq isə çətindir.
Bu barədə fikirlərini "Reytinq"lə bölüşən politoloq Mütəllim Rəhimli deyib ki, bu ilin aprel ayında Azərbaycan-Ermənistan cəbhəsində baş verən üç günlük müharibə regionda kifayət qədər gərginliyin yaranmasına səbəb olub.
Politoloq hesab edir ki, bu səbəbdən də həm regionda geosiyasi və geoiqtisadi maraqları olan dövlətlər, həm də beynəlxalq təşkilatlar məsələyə təcili reaksiya verərək, atəşkəsə yenidən əldə edilməsinə nail oldular:
"Görünür, başlanan müharibə regionda situasiyanı onların nəzarətindən çıxara bilərdi. Bu isə geosiyasi balansın dəyişməsinə səbəb olacaqdı ki, onlar üçün arzuolunmaz durum demək idi.
Dünyada bir sıra qaynar nöqtələrin mövcudluğu və oraya nəzarət uğrunda mübarizə getdiyi bir vaxtda Qafqazın bölüşdürülməsi məsələsi hazırda gündəmdə deyil. Atəşkəsin saxlanılması üçün danışıqlar prosesində gözdən keçirilən variantların ictimaiyyətə açıqlanması elə həmin vaxtdan onun qeyri-ciddiliyinə inamı artırırdı. Çünki problemi qarşı duran tərəflər vasitəçilərin səyi ilə həll etmək niyyətində olduğundan bununla bağlı verilən hər hansı açıqlama yalnız ictimai rəyi atəşkəsə hazırlamağa xidmət edirdi. Əgər hər hansı ciddi razılaşma olsaydı bunun ictimailəşdirilməsinə ehtiyac olmazdı, sadəcə, tərəflər bunun icrası üçün üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi ilə məşğul olmalı idilər. Lakin göründüyü kimi, biz tamamilə başqa vəziyyəti müşahidə etdik".
Maraqlısı odur ki, Rusiya ilk günlər münaqişənin həlli ilə bağlı aktivlik nümayiş etdirsə də, müəyyən müddət sonra passiv mövqeyə çəkildi. Hətta Rusiyanın müəyyən planlarının olduğu və bu planların razılaşdırılması mərhələsinin getdiyi bildirilirdi. Ancaq son günlər tamamilə fərqli situasiya ilə qarşı-qarşıyayıq.
Müsahibimiz deyir ki, Rusiyanın Dağlıq Qarabağ probleminin həllində rolunun daha çox olduğuna şübhə etmir. Lakin Moskva bununla bağlı təkbaşına qərar verə biləcək vəziyyətdə deyil: "Əgər belə edərsə, onda digər sahədə (məsələn, Yaxın və Orta Şərqdə, Ukraynada və s.) nələrisə qurban verməlidir. Bunun isə Rusiyaya lazım olduğuna inanmıram. Bu səbəbdən də Azərbaycan və Ermənistan arasındakı münasibətlər aprel döyüşlərindən əvvəlkindən heç nə ilə fərqlənmir və elə bu, indi Rusiyanın da, Qərbin də planlarına daxildir”.
M.Rəhimli təəssüflə qeyd edib ki, reallıq arzularımızdan tamamilə fərqlidir: "Biz Dağlıq Qarabağ ətrafında olan rayonların - ikisi istisna olmaqla - birinci mərhələdə tamamilə geri qaytarılmasını, sonrakı dövrdə isə Dağlıq Qarabağın Azərbaycanın idarəçiliyi altına keçməsini istəməklə özümüzün arzularımızı ortaya qoymuş oluruq. Əslinə baxanda, heç də pis arzu deyil. Amma reallıqdan uzaqdır.
Mən o vaxt da demişdim, bir daha qeyd edirəm, nəyə görə Ermənistan işğal etdiyi 5, yaxud 7 rayonu geri qaytarmalıdır? Axı bunun üçün ciddi səbəb olmalıdır. Gəlin situasiyanı real qiymətləndirək. Doğurdan da ermənilər işğal etdikləri ərazilərin geri qaytarılacağını qəbul edirlərsə, bəs onda nə üçün oraya bu qədər sərmayə qoyurlar: yollar çəkirlər, binalar tikirlər, infrastruktur yaradırlar, yeni iş yerləri açırlar və s.
Deməli, məsələ heç də biz düşündüyümüz kimi deyil. Əks halda ötən altı ay müddətində işğal olunmuş ərazilərlə bağlı cüzi də olsa, dəyişiklik olardı. Biz isə dəyişikliyi yalnız apreldə başlayan 3 günlük müharibə nəticəsində müşahidə etdik. Buradan çıxan nəticə odur ki, Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərlə bağlı vəziyyəti yalnız müharibə yolu ilə dəyişdirə bilərik. Həm də nəzərə almalıyıq ki, Dağlıq Qarabağ məsələsində istənilən tərpəniş, məsələn, hətta 2-3 rayonun qaytarılması regionda vəziyyətin tamamilə dəyişməsi deməkdir. Buna beynəlxalq təşkilatların, Avropanın aparıcı ölkələrinin, Rusiyanın, ABŞ-ın hazır olduğunu düşünmürəm".
M.Rəhimlinin fikrincə, cəbhədə son vaxtlar hər hansı ciddi və diqqətçəkən vəziyyət müşahidə olunmur. Atəşkəsin pozulması ilə bağlı verilən rəsmi məlumatlardan da görünür ki, hər hansı artım yoxdur:
"Bu arada Ermənistan hərbi parad keçirməklə özünün gücünü göstərmək istəyib. Bu da təbiidir, çünki heç bir ölkə özünün zəif olduğunu qarşı tərəfə bəlli etmək istəməz.
Ermənistanın güc nümayişi bir daha təsdiq edir ki, danışıqlar vasitəsilə işğal edilmiş rayonların qaytarılması barədə deyilənlər reallığı əks etdirmir. Zənninmcə, aprel hadisələri nəinki təkrarlanmalıdır, Azərbaycan ordusu bundan da artığını edərək işğal olunmuş bütün torpaqlarımızı düşməndən azad etməlidir. 20 ildən artıqdır gedən danışıqlar prosesi göstərir ki, bu yolla bizim torpaqlarımız geri qaytarılmayacaq. Ona görə də müharibə yolu ilə ərazi bütövlüyümüzü bərpa etməliyik, çünki artıq bizə alternativ yol qoymayıblar".
Politoloq Qabil Hüseynli isə deyib ki, gözlənilən payız danışıqları ya baş tutmayacaq, ya da baş tutsa belə, heç bir nəticə verməyəcək. Onun qənaətincə, ermənilər hazırda tamamilə başqa bir istiqamətə kökləniblər:
"Ermənilər düşünür ki, 2-5 aprel müharibəsində itirdikləri əraziləri geri qaytara bilərlər. Amma yanılırlar. Yeni müharibə ehtimalı kifayət qədər real görünür. Bunun da əsas səbəbkarı Rusiya və onun regiondakı əlaltısı olan Ermənistandır. Danışıqlar prosesinə söz verən Rusiya son zamanlar danışıqların keçirilməsi barədə fikirlər də səsləndirmir. Yaxasını hər şeydən kənara çəkib, əl altından, xəyanətkarcasına təyyarə ilə göndərə bilmədiyi raketləri quru yolla - bizim də çox kömək etdiyimiz Gürcüstanın ərazisindən - Ermənistana ötürür. Ermənistana gedən silah-sursatın böyük hissəsi Gürcüstanın quru yolu ilə göndərilir. Gürcüstan tərəfi Rusiya tərəfindən Ermənistanın militarisləşdirilməsinə, silahla təmin edilməsinə maneçilik törətmir. Halbuki Gürcüstanın torpaqları Rusiyanın işğalı altındadır. Çox təəssüflər olsun ki, Cənubi Qafqaz yenidən qarışa bilər. Bu dəfə artıq 2-5 aprel müharibəsinə bənzəyən bir müharibə olmayacaq. Bu dəfə Ermənistanla Azərbaycan arasında olacaq müharibə irimiqyaslı, son qələbəyə qədər olan müharibə olacaq. Rusiya göz önünə almalıdır ki, həm əhali ehtiyatları, həm ordusunun sayı, hərbi potensialı yüksək olan Azərbaycan bu müharibəni uduzmayacaq".
Reyting.az
Bölməyə aid digər xəbərlər