09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Diri şəhidimizi… itirdik
Tarix: 30-09-2016 12:13 | Bölmə: Slayd


Biz ona Mobil bəy deyirdik. Sonra "komandir" dedik. "Cənab mayor" dedik. Əslində qəhrəmandı Mobil Yusifov. İşini-gücünü atıb Qarabağın müdafiəsinə qoşulmuşdu. Könüllü batalyon toplamışdı Füzuli uşaqlarından. Gedib batalyona könüllü qoşulanlardan, Mobil bəyin əsgəri olanlardan biri də mənim kiçik qardaşım Qadir Həzi idi. Martuni istiqamətində Füzuli rayonunun kəndlərini qoruyurdular düşmən hücumundan. Mobil Yusifovla biz cəbhə bölgəsində dəfələrlə gəzdik. Mən döyüşlərdən reportajlar yazdım.

Onunla bağlı çox xatirəm var. Ölümdən qorxmayan, ölüm gələcəksə də, onu gülə-gülə qarşılayacaq şərəfli bir zabit idi.

Bir dəfə Aşağı Veysəli tərəfdə, Dördlər kəndindəki postlara tərəf Mobil bəyin "QAZ -69” markalı xidməti avtomobilində gedirdik. Erməni postlarından bizim avtomobilə minomyotdan atəş açıldı. Mina maşının üstündən keçsə də, avtomobil elə silkələndi ki, az qaldı aşsın. Mobil bəy özünə xas şirin xırdalıqları olan gülüşü ilə qarşıladı minomyotun vahiməli fışıltısını. Dedi: "Həziyev, sənin gəlişin münasibətilədir bu. Yaylım atəşi ilə qarşılayırlar bizi".

Bu zarafatı sonralar da tez-tez xatırlayıb gülürdük. Bir dəfə də Qaradağlı tərəfə gedirdik. Orada Qaradağlının üstündə Məlikcan postunu ermənilər Surət Hüseynovun sərəncamında olan öz təyyarələrimizin köməyi ilə almışdılar bizdən. Qaradağlı, Xatınbulaq, Arış, Qarakollu, Saracıq, başqa daha bir xeyli kənd - bütün Qozluçay dərəsi, Füzuli-Cəbrayıl yolu da daxil olmaqla yollar təhlükə altına düşmüşdü, Mobil bəy məni şəxsi "Jiquli”sində apardı o bölgəyə. Gecə maşının işıqlarını söndürüb sürdü. İşıq görsə, erməni atacaq deyə.

Məlikcana yaxın kəndlərə getməyi mən xahiş etmişdim. Mənə bir əsgər qoşmalı və maşın verməyi istəmişdim. O atəş altında qalan kəndlərdən reportaj yazmaq istəyirdim. Yazdım da. Mobil bəy: "Mən özüm aparacam səni ora" dedi. Sonra sevincək əlavə etmişdi: "Həziyev, orda - Günəşlinin üstündə topumuz var. Ordan Məlikcana sursat aparan bir erməni maşınını vurmuşuq. Bunu yaz ha".

Mən də zarafat elədim: "Mən gördüyümü yazıram, birini də vurun, görüm, yazım".

O kəndə də getdik. Həqiqətən də vurmuşdular.

Heç zaman qorxmurdu Mobil bəy. O zamankı hərbi rəhbərliyi də çox tənqid edirdi. Surət Hüseynovun adamları onu həbs edib Mingəçevirdə dəmir qəfəsə salmışdılar. Mobil bəy, doğru bildiyini deyirdi. Siyasi və hərbi rəhbərliyə çatdırmışdı ki, Surət Hüseynovun sərəncamında olan hərbi təyyarələrimiz guya kordinatları səhv salıb bombaları erməni postlarına deyil, Füzuli şəhərinə atmışdı. Deyirdi: "Camaatı panikaya salıb rayondan çıxarmaq istəyirlər".

2016-cı ilin aprel döyüşlərində Qarabağda ordumuzun düşməndən aldığı ərazi qədər bir ərazini Mobil Yusifovun könüllü batalyonu təkbaşına almışdı. Onun əsgərlərinin hücum əməliyyatlarından və intensiv atəşlərindən sonra məşhur Çartaz kəndindən, hətta Martuni şəhərindən ermənilər qaçmışdılar da. Ancaq Bakıdakı və Gəncədəki hərbi rəhbər şəxslərin əmrləri və təzyiqləri ilə hücumu dayandırmaq zorunda qalmışdılar.

Biz o zaman cəbhədəki neqativ hallarla bağlı, orduya, Vətənə xəyanət edən adamlarla bağlı Mobil bəyin silsilə müsahibələrini vermişdik. O müsahibələr Müdafiə Nazirliyində və Milli Təhlükəsizlik Nazirliyində narazılıq yaratmışdı. Buna görə Mobil bəyin də, mənim də başımız çox bəlalar çəkdi. Ancaq yenə çəkinmirdi.

Bir dəfə Füzulidə icra başçısının kabinetində icra başçısı ilə yanaşı mən, prokuror Eldar müəllim və briqada komandiri Emil Qasımov oturmuşduq. Orda Emil Qasımov belə bir söz işlətdi: "Buralar artıq satılmış torpaqlardır". Bunu rusca dedi. Prokuror da ona rus dilində cavab verdi: "Belə apolitik bəyanatlar verməyin".

Başçı susurdu. Mən də Qasımova etiraz etdim. Dedim: "Mən bunları yazacam, Siz cəzalanacaqsınız". Prokurorla da mübahisələri qızışdı. Emil Qasımov durub getdi. Mən çıxanda Mobil bəylə qarşılaşdım. Yanında bir neçə əsgər vardı. Dedi: "Eşitdim ki, Emil səni şəhərdən çıxandan sonra həbs etdirmək istəyir. Ona görə gəldim, səni götürüm, şəhərdən çıxarım”. O məsələyə görə də Emil Qasımovla problem yaşamışdı. Emil Qasımovun da bağlı olduğu dairələr axır ki, istəklərinə çatdılar - Mobil Yusifovu döyüş bölgəsindən uzaqlaşdırdılar. Daha bir qeyrətli könüllü batalyon komandiri Zahir bəyi Bakıya çağırıb avtomobil qəzasına saldılar. Qacar kəndindəki batalyonu ordan çəkdilər. Bununla da Füzuli şəhəri atəş altına düşdü. Mobil kimi, Zahir kimi…

Füzulinin qeyrətli komandirlərini zərərsizləşdirib uzaqlaşdırdılar. Füzuli rayonunun öz könüllü cavanlarından ibarət batalyonları ya buraxdılar, ya qırdırdılar (örnəkərindən biri: Elxan Hüseynovun və əsgərlərinin mühasirəyə salınaraq öldürülməsinə şərait yaradılması), Mobilin batalyonunu Surətə bağlı olan Yapon ləqəbli residivistə verdilər. Əlikram Hümbətovun briqadasını orada yerləşdirdilər. Onlar da bir gün döyüş bölgəsini atıb getdilər. Erməni-rus birliklərinə Füzuli-Cəbrayıl istiqamətində hücum üçün yolu açdılar və rayon əldən getdi.

Mobil bunları deyirdi, yazırdı, qorxmurdu. Zatən bu hadisələr hərbi jurnalist və Füzuli sakini olaraq mənim də gözlərimin qarşısında baş verdi. Mən də yazırdım. Buna görə də yuxarı dairələr də məni sevmirdi. Hətta təhdid edirdilər. Hər zaman da Mobil bəy mənim arxamdaydı. Bir-birimizə dəstək idik.

Mobil haqqında çox yaza bilərəm. Acılı-şirinli çox xatirələr var. Ancaq qısaca onu deyim: Mobil bəyin ölümünü Allah bu günlərə yazıbmış - dünən ürəktutmasından dünyasını dəyişdi. Bu gün aparıb dəfn etdik, gəldik. Və… Mobilsiz qaldıq. O savaşlardan salamat çıxsa da, ayaq üstə gəzən şəhid idi Mobil. Bütün bədəni güllə yaraları, qəlpələrlə doluydu. Hətta o qəlpələri ələ salırdı: "Hələ ki, özlərini yaxşı aparırlar. Cızıqlarından çıxsalar gedib çıxaracam”.

Əməliyyat da olunmuşdu. Savaşın bütün ağrısını həm fiziki, həm mənəvi baxımdan canında gəzdirən kişiydi. Milli qəhrəman adı verilməsə də, gerçək qəhrəman idi. Təltiflərə də, imtiyazlara da biganəydi: "Qarabağı geri qaytarmamışıqsa, onların mənası yoxdur”,- deyirdi.

Təkrar Füzuliyə köçüb yaşamaq, Qarabağı görmək arzusundaydı. Olmadı. Çox əziyyətlər gördü, ancaq Qarabağı yenidən azad görə bilmədi.

Allah Mobil bəyə rəhmət eləsin! Belə insanların boynumuzda haqqı çoxdur. Mobil bəy, haqqını bizə halal et, qardaş!

Yarızarafat deyirdin: "Ordu komandanı olsam, birinci əmr verib ağlamağı ləğv edərəm”. Deyirdin ki, ağlamaqdansa, döyüşmək lazımdır. Mən sənin bu əmrini bu gün pozmuşam, komandir, səni yola salarkən göz yaşlarımı saxlaya bilmədim. Məni bağışla. Səni heç vaxt unutmayacam!.

Bahəddin Həziyev

 





Bölməyə aid digər xəbərlər